İsrailin Colan təpələri və “bufer zonası” üzərindəki nəzarətini davam etdirmək niyyəti, əslində, Suriya böhranının beynəlxalq səviyyədəki sabitləşdirici mexanizmlə deyil, lokal maraqların təsiri altında qalmaqda davam etdiyini göstərir. Nəticədə İsrail yalnız hərbi üstünlüyə deyil, diplomatik müttəfiqlərin dəstəyinə ehtiyac duyur. Bu kontekstdə İsrail hökumətinin Azərbaycanla münasibətləri dərinləşdirmək niyyəti, xüsusilə də Baş nazir Netanyahunun mümkün Bakı səfəri, həm regional balans baxımından, həm də ABŞ-İsrail-Azərbaycan üçbucağının formalaşdırılması cəhdi kimi qiymətləndirilə bilər.
Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlər 1992-ci ildən bəri davam edir və son illərdə bu münasibətlər hərbi, texnoloji və təhlükəsizlik sahələrində strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu tərəfdaşlığın rəsmi şəkildə “İbrahim Razılaşmaları” çərçivəsinə salınması isə simvolik məna daşıyacaq. Bunu etməklə Bakı faktiki olaraq Fələstin məsələsində öz mövqeyini yenidən formatlamış olacaq.
Lakin reallıq budur ki, Azərbaycan bu balansı qorumaqda indiyə qədər kifayət qədər bacarıqlı davranıb. İranla münasibətlərdə son illərdə gərginliklər müşahidə olunsa da, Pezeşkianın Bakıya səfəri və verilən açıqlamalar iki ölkənin “beynəlxalq platformalarda eyni mövqeləri paylaşdığı”na vurğu edilməsi, bu münasibətlərin normallaşdırılması cəhdlərini göstərir. Əgər Bakı “İbrahim Razılaşmaları”na formal şəkildə qoşulsa belə, bu, İsrailə siyasi jest kimi qəbul oluna bilər, lakin praktiki səviyyədə münasibətlər artıq yetərincə dərindir və müqavilənin formal ratifikasiyası zəruri deyil.
Məhz bu cür incə diplomatik balanslar Azərbaycanı bölgədə öz unikallığını qoruyan aktora çevirir. İranın Fələstin məsələsində radikal mövqeyi, Türkiyənin Qəzza ilə bağlı sərt ritorikası və ərəb ölkələrinin müxtəlif zamanlarda dəyişən mövqeləri fonunda, Azərbaycan nə tamamilə Qərb blokunda, nə də yalnız İslam dünyasında dayanır. O, İsraillə əməkdaşlıq edərkən, eyni zamanda Tehranla enerji və təhlükəsizlik məsələlərində dialoq qura bilir. Hətta bu ikili siyasət Azərbaycanın Suriyada da maraqlarının qorunmasında faydalı alət ola bilər.
Suriyada Dəməşqin İsraillə münasibətləri yeni mərhələyə daşımaq istəyi və eyni zamanda İranla və Türkiyə ilə balanslaşdırılmış münasibət saxlamaq arzusu, faktiki olaraq Azərbaycanın regionda vasitəçi və ya körpü rolu oynaması üçün yeni imkanlar yaradır. Dəməşq, Ankara və Tehran üçlüyünün koordinasiya etdiyi bu yeni diplomatik konfiqurasiyada Bakı həm Qərbin, həm də Yaxın Şərqin oyunçularına münasibətləri sabitləşdirəcək etibarlı platforma təklif edə bilər.
İsrailin Qəzza əməliyyatlarını daha bir il davam etdirməyə hazırlaşdığına dair rəsmi bəyanatı, eləcə də yeni sülh formatı haqqında anonsu göstərir ki, Tel-Əviv bu məsələdə beynəlxalq təpkini sındırmaq üçün yeni müttəfiqlər axtarışındadır. Bu baxımdan Azərbaycan yalnız strateji müttəfiq deyil, həm də diplomatik imic baxımından səmərəli partnyordur. Bakı ilə açıq əməkdaşlıq İsrail üçün həm müsəlman dünyası ilə münasibətlərin çevik tənzimlənməsi, həm də İranda, Suriyada və Livanda nüfuz uğrunda mübarizədə əlavə diplomatik qazanclar əldə etməyə kömək edə bilər.
Nəticə etibarilə, Azərbaycan-İsrail münasibətləri bölgədə yeni siyasi tənzimləmənin əsas dayaq sütunlarından birinə çevrilə bilər. Bakı bu əməkdaşlığı geosiyasi təzyiq alətinə yox, diplomatik balanslaşdırma və çoxvektorlu siyasətin dayanağı kimi istifadə edərsə, həm İslam dünyasında öz nüfuzunu qoruyar, həm də ABŞ və İsraillə tərəfdaşlığını daha da dərinləşdirər. Bu isə Azərbaycanın regional və qlobal səviyyədə artan nüfuzunu daha da möhkəmləndirər.
Firuz Bağırov
Ordu.az