Əgər doğrudan da real, qarşılıqlı əsaslara söykənən və praktik nəticələrə yönəlmiş bir sülh prosesi mövcud olsaydı, bu qədər tez-tez və eyni tonla “sülhə sədaqət” ifadə etməyə ehtiyac qalmazdı. Paşinyan sanki öz bəyanatlarının içini doldurmaq əvəzinə, onları daha çox səsləndirməklə prosesə forma verməyə çalışır. Bu isə siyasi ritorikanın dəyərsizləşməsi, yəni “siyasi inflyasiya” anlayışının tam qarşılığıdır.
Ermənistanın sülh imitasiyası və Azərbaycana qarşı ritorik manevrləri
Paşinyan və komandası sülh barədə danışarkən daim “konstruktivlik”, “qarşılıqlı etimad”, “beynəlxalq hüquq” kimi anlayışları qabardır. Lakin faktiki olaraq Ermənistan nə 2020-ci ildən sonra üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib, nə də Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina edib. İrəvan sülh gündəmindən danışsa da, konstitusiyasında hələ də Azərbaycanın ərazisi sayılan Qarabağa iddialar yer almaqda davam edir. Bundan əlavə, Ermənistan hələ də sərhədlərin müəyyənləşdirilməsi, demarkasiya və delimitasiya prosesində qeyri-konstruktiv mövqe tutur.
Paşinyanın “sabit sülhə sadiqlik” ritorikası əslində beynəlxalq ictimaiyyətə ünvanlanan manipulyativ mesajdır. O, bu vasitə ilə həm Avropa İttifaqı dairələrində Ermənistanı “barışıq tərəfdarı” kimi təqdim etməyə, həm də Azərbaycanın ardıcıl diplomatik uğurlarının qarşısında özünü zərərçəkmiş tərəf kimi göstərməyə çalışır.
Estoniya səfəri və Aİ ilə təmas axtarışı: Real nəticələr yox, rəmzi jestlər
Paşinyanın Estoniyaya səfəri də bu çərçivədə başa düşülməlidir. Estoniya nə Ermənistan üçün ciddi iqtisadi tərəfdaşdır, nə də regional proseslərə təsir gücü olan ölkədir. Bu səfər yalnız Avropa İttifaqı ilə vizual təmas yaratmaq, guya Ermənistanın Qərbə inteqrasiya yolunda olduğunu göstərmək məqsədi daşıyır. Estoniya hökumətində əvvəllər baş nazir olmuş və indi Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi olan Kaya Kallasın həm Bakıda, həm də Vatikanda yüksək səviyyəli görüşlər keçirməsi fonunda Paşinyanın bu ölkəyə səfəri əslində bir “fotoya düşmə” təşəbbüsüdür. O, sadəcə Aİ ilə paralel görüntü formalaşdırmağa çalışır.
Əslində bu səfər Paşinyanın səmərəsiz diplomatiyasının tərkib hissəsidir. Ermənistan Avropada ciddi tərəfdaşlıq imkanları əldə etmədiyi, regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qaldığı bir vaxtda, belə rəmzi səfərlərlə beynəlxalq dəstək təəssüratı yaratmaq istəyir.
Bakı diplomatiyasının yüksəlişi və Ermənistanın artan təşvişi
Bu arada qeyd etmək lazımdır ki, İran Prezidenti Məsud Pəzeşkianın Azərbaycana səfəri, onun Netanyahunun səfərindən əvvəl və sonra Bakıya gəlmək planı, Azərbaycanın regional diplomatiyada rolunun nə qədər artdığını göstərir. Təsadüfi deyil ki, Ermənistan mətbuatı və siyasi dairələri bu səfəri ciddi narahatlıqla izləyib. Çünki İrəvan başa düşür ki, həm İran, həm İsrail kimi region gücləri ilə eyni zamanda təmas qurmaq bacarığı yalnız Bakının əlindədir. Ermənistan isə bu proseslərin kənarında qalıb və regional oyunçu statusunu tamamilə itirib.
Bütün bu proseslər fonunda Ermənistanın “sülh” adı altında həyata keçirdiyi diplomatik manevrlər sadəcə vaxt udmaq və daxili auditoriyanı aldatmaq məqsədi daşıyır. Ermənistan nə sülhə hazırdır, nə də real alternativ təklif edir. Paşinyanın Estoniyada verdiyi bəyanatlar da sadəcə bu siyasi oyunbazlığın Avropa təkrarıdır.
Nəticə
Ermənistanın “sabit sülh” ritorikası artıq beynəlxalq aləmdə də şübhə ilə qarşılanır. Rəsmi İrəvan konkret addımlar atmadan, konstitusiyasında dəyişiklik etmədən, sərhədlərin delimitasiyası üzrə real razılaşmalara gəlmədən, sülhdən danışmaqla heç nə əldə etməyəcək. Paşinyanın Estoniyaya səfəri isə bu boş ritorikanın davamı, diplomatik anlamda isə iflasın yeni epizodudur.
Azərbaycan isə öz milli maraqlarını qorumaqla yanaşı, regional sabitliyə real töhfə verən ölkə kimi çıxış edir. İsrail və İran arasında mümkün diplomatik körpü rolu, Çinə səfər, Rusiya ilə təmaslar və Qərblə əməkdaşlıq fonunda Bakı Cənubi Qafqazın əsas diplomatik platformasına çevrilib. Ermənistan isə bu proseslərdən kənarda qalmaqda davam edir.
Aqil Məmmədov
Ordu.az