Azərbaycan regional diplomatiyanın yeni mərkəzinə çevrilir: Bakı görüşü, İsrail-İran qarşıdurması və vasitəçi rolunun formalaşması (ANALİZ)

2025/04/sdfsd-1745920638.jpg
Oxunub: 978     20:44     29 Aprel 2025    
Aprelin 28-də Bakı mühüm regional diplomatik hadisəyə ev sahibliyi etdi. İran Prezidenti Məsud Pəzeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirdi. Bu səfər ilk baxışda sıradan bir dövlət başçısı səfəri kimi görünə bilərdi, lakin onu müşayiət edən beynəlxalq kontekst, verilən bəyanatlar və gələcək diplomatik hərəkətlilik bu səfərin çoxölçülü və strateji xarakter daşıdığını ortaya qoyur.

Əvvəla, nəzərə almaq lazımdır ki, Məsud Pezeşkianın səfəri İran daxilində son günlərdə baş vermiş hadisələrin, xüsusilə Bəndər-Abbas limanında baş vermiş partlayışların və onların beynəlxalq rezonans doğuran səbəblərinin fonunda reallaşdı. Bu partlayışların səbəbləri ilə bağlı rəsmi Tehranda müxtəlif versiyalar səsləndirilir, o cümlədən xarici xüsusi xidmət orqanlarının əli olduğu ehtimal edilir. İddialara görə, konteynerlərdə ballistik raketlərin piltə yanacağı üçün istifadə olunan kimyəvi maddələr olub və bu konteynerlər Çin mənşəli olub. Belə bir həssas məqamda İran prezidentinin ölkədən çıxaraq ilk növbədə Bakıya gəlməsi təkcə qonşuluq siyasəti çərçivəsində deyil, həm də ciddi diplomatik məqsədlərlə izah olunmalıdır.

Bu mənzərə fonunda Pezeşkianın Bakıya səfəri, özü də səhər saatlarında Ayətullah Xameneyidən aldığı şəxsi mesajla gəlməsi, regionda yaranmış vəziyyətin kəskin diplomatik həll yollarına ehtiyac yaratdığını göstərir. Həmçinin səfər zamanı özü bildirib ki, (Netanyahunun mayın 8-də planlaşdırılan səfərindən sonra – red.) bir daha Bakıya gələcək. Bu ardıcıllıq təsadüf deyil və faktiki olaraq Azərbaycanın bu iki rəqib ölkə – İran və İsrail arasında dolayı, amma mühüm diplomatik kanal kimi qəbul edildiyinə işarə edir.

Azərbaycan tərəfi bu səfəri yüksək səviyyədə qəbul etdi. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan və İran beynəlxalq platformalarda bir-birini daim dəstəkləyib və bu əməkdaşlıq bu gün də davam edir. Həqiqətən də, hər iki ölkənin bir çox sahələrdə – ticarət, enerji, nəqliyyat, sərhəd təhlükəsizliyi və dini-mədəni əlaqələr daxil olmaqla – uzunmüddətli əməkdaşlıq təcrübəsi mövcuddur. Görüş zamanı əsas diqqət nəqliyyat dəhlizlərinə yönəldi: Prezident Əliyev “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə xüsusi diqqət çəkdi, İran Prezidenti isə həm “Şimal-Cənub”, həm də “Şərq-Qərb” dəhlizləri üzrə əməkdaşlıqdan danışdı. Bu vurğular İranın Azərbaycanın logistik potensialına və Cənubi Qafqazdakı yeni nəqliyyat arxitekturasında Bakının roluna xüsusi önəm verdiyini göstərir.

Bununla yanaşı, son aylar ərzində Prezident İlham Əliyevin xarici siyasət fəallığı da bu kontekstdə diqqətdən kənarda qalmamalıdır. Xatırladaq ki, dövlət başçısı yaxın keçmişdə Çinə səfər edərək mühüm iqtisadi və nəqliyyat layihələri üzrə razılaşmalar əldə edib. Çinlə əməkdaşlığın genişlənməsi Azərbaycanı “Bir kəmər, bir yol” layihəsində əsas tranzit ölkələrdən birinə çevirir. İran və Çin ilə ardıcıl qurulan bu əlaqələr Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun və balanslı diplomatiyasının real nəticəsidir.

Mayın 8-də İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri gözlənilir. Bu səfər də adi səfər olmayacaq, çünki İsrail-Azərbaycan münasibətləri artıq təkcə təhlükəsizlik və texnoloji sahələrdə deyil, daha geniş regional baxışla formalaşır. İsrailin Azərbaycanla münasibətləri təkcə ikitərəfli deyil, həm də Yaxın Şərqdəki daha geniş diplomatik proseslərlə – o cümlədən “İbrahim Razılaşmaları” kontekstində – əlaqələndirilir. Bu baxımdan Netanyahunun Bakıya gəlməsi və onun ardınca Pezeşkianın yenidən Azərbaycana gəlməsi bir diplomatik körpü yaradılması cəhdidir.

Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan bu prosesdə heç bir tərəfə qarşı mövqe sərgiləmir və nə İsrailin, nə də İranın əleyhinə yönələn ritorikadan istifadə etmir. Əksinə, Azərbaycan hər iki ölkə ilə strateji əməkdaşlıq əlaqələrini qoruyaraq və balanslı siyasət yürüdərək, regionda sabitlik və diplomatik körpülərin yaradılmasında vacib rol oynayır. Mövcud dinamika onu göstərir ki, Bakı artıq İran və İsrail arasında dolayı diplomatik təmasların mümkün olduğu nadir platformalardan birinə çevrilib.

Azərbaycanın bu yeni rolu təkcə İran və İsrail üçün deyil, regionda sülh və sabitlik arzulayan bütün tərəflər üçün əhəmiyyətlidir. Bu, Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan, lakin eyni zamanda regional təhlükəsizliyi və diplomatik sabitliyi təşviq edən siyasətinin uğurudur.

Təsadüfi deyil ki, eyni dövrdə Ermənistan baş naziri Nikol Paşinyan Estoniyaya səfər edib, Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə önəm verdiyini göstərməyə çalışıb. Bu, Ermənistanın regionda artan təcridinin qarşısını almaq cəhdidir. Paralel olaraq, Ermənistan mətbuatı və siyasi dairələri İran prezidentinin Bakıya səfərini diqqətlə izləyib və bu səfərin Azərbaycan-İran münasibətlərinin daha da yaxınlaşmasına səbəb olacağından narahatlıq ifadə edib. Ermənistanın ümid etdiyi İran-Ermənistan yaxınlaşmasının gözlənildiyi qədər dərin olmadığı, Tehran rəhbərliyinin real əməkdaşlığı Bakıda gördüyü aydın görünür.

Nəticə etibarilə, Bakı görüşü və onun ətrafında baş verənlər Azərbaycan diplomatiyasının uğurunu və bölgədə formalaşan yeni geosiyasi realıqları nümayiş etdirir. Prezident İlham Əliyevin uğurlu balans siyasəti Azərbaycanın həm regional, həm də beynəlxalq səviyyədə strateji əhəmiyyətini artırır. İsrail və İran kimi bir-birinə rəqib olan iki ölkənin ardıcıl olaraq Bakıya səfərlər etməsi və eyni diplomatik platformada Azərbaycanın vasitəçi kimi qəbul edilməsi bu uğurun ən açıq göstəricisidir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Diplomatiya   İsrail   İran  


Bizi "telegram"da izləyin