İranın Bəndər-Abbas limanında kimyəvi partlayış: Beyrut faciəsini xatırladan qorxu (FOTOLAR)

2025/04/2025--6983344604.jpg
Oxunub: 752     15:18     28 Aprel 2025    
İranın cənubundakı bir limanda raket yanacağı istehsalında istifadə olunan bir kimyəvi maddənin daşınması ilə əlaqəli olduğu iddia edilən böyük bir partlayış və yanğın baş verib. İlkin məlumatlara görə 46 nəfər ölüb, 1241-dən çox insan isə yaralanıb.

Bəndər-Abbas limanında baş verən partlayış İran və ABŞ-nin Tehranın sürətlə irəliləyən nüvə proqramı ilə bağlı üçüncü tur danışıqlar üçün Oman Sultanlığında görüşdüyü bir vaxtda meydana gəlib. “Associated Press” agentliyinin xəbərinə görə, İranda heç kim partlayışın bir hücum nəticəsində baş verdiyini açıq şəkildə irəli sürmür. Lakin davam edən danışıqlara rəhbərlik edən İranın xarici işlər naziri Abbas Əraqçi bir neçə gün əvvəl verdiyi açıqlamada “təhlükəsizlik xidmətlərimiz, legitim bir cavab reaksiyasını qızışdırmaq üçün təşkil edilə biləcək təxribat və sui-qəsd cəhdlərinin keçmiş nümunələri nəzərə alındıqda yüksək hazırlıq vəziyyətindədir” ifadəsini işlətmişdi.


İranlı rəsmilər Bəndər-Abbas limanının yaxınlığında baş verən partlayışın səbəbi barədə saatlarla dəqiq bir açıqlama vermədilər. Ancaq partlayışın ölkənin neft sənayesi ilə əlaqəli olduğu iddialarını rədd etdilər.

Məsələ ilə bağlı açıqlama verən xüsusi təhlükəsizlik şirkəti “Ambrey” limanın mart ayında “sodium perklorat raket yanacağı” daşınması aldığını bildirib. Bu yanacağın ilk olaraq yanvar ayında “Financial Times” tərəfindən xəbər edildiyi və Çindən iki gəmi ilə İrana göndərilən bir tədarükün bir hissəsi olduğu qeyd olunub. “Financial Times” bu yanacağın İsrailə qarşı birbaşa hücumlar nəticəsində azalan İran raket ehtiyatlarını yeniləmək üçün istifadə olunacağını bildirib.

“Associated Press” tərəfindən analiz edilən gəmi izləmə məlumatları “Ambrey”in açıqlamaları ilə üst-üstə düşür. Bu kontekstdə, kimyəvi maddəni daşıdığı düşünülən gəmilərdən birinin mart ayında bölgədə olduğu AP tərəfindən bildirilib. İran isə bu tədarükü aldığını rəsmi olaraq təsdiqləməmişdi.

İranın kimyəvi maddələri, xüsusilə 2020-ci ildə Beyrut limanında baş verən partlayışdan sonra limandan niyə çıxarmadığı aydın deyil. O vaxt yüzlərlə ton yüksək partlayıcı ammonium nitratın alışması nəticəsində 200-dən çox insan ölmüş, 6.000-dən çox insan yaralanmışdı.


Bəndər-Abbasdakı partlayışın sosial mediada yayımlanan görüntüləri, partlayışdan az əvvəl yanğından qırmızımtıl tüstülərin yüksəldiyini göstərir. Bu tüstülər partlayışda kimyəvi bir maddənin rol oynadığını göstərir.

Əlavə olaraq, bu bölgə əvvəllər də İsrailin hədəfi olmuşdu. “Reuters” agentliyinin xəbərinə görə, İsrail 2020-ci ildə bir kiber hücumla limanı hədəf almışdı. İsrail həmin hücumdan əvvəl, İranlı hakerlərin İsrailin su infrastrukturu sistemini hədəfə alaraq hücum etməyə çalışdıqlarını və bu hücumun qarşısının alındığını bildirmişdi.

İranın paytaxtı Tehran şəhərindən təxminən 1.050 kilometr (650 mil) cənub-şərqdə yerləşən Hörmüzqan əyalətindəki liman dünya üzrə bütün neft ticarətinin 20%-nin keçdiyi Bəsrə Körfəzinin dar çıxışında yerləşir.


Bu çərçivədə iranlı rəsmilər baş verən partlayışın neft obyektlərinə təsir etmədiyini açıqlayıblar. İran Milli Neft Emalı və Paylama Şirkəti isə verdiyi açıqlamada partlayışın “emal zavodları, yanacaq anbarları, paylama kompleksləri və neft boru xətləri ilə heç bir əlaqəsinin olmadığını” bildirib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Bəndər-Abbas   Beyrut  


Bizi "telegram"da izləyin