İnqilabdan İflasa: Ermənistanın 11 Milyardlıq Fəlakəti

2025/04/1745834964.jpg
Oxunub: 1075     15:29     01 May 2025    
Ermənistan parlamentinin tribunasından çıxış edən Nikol Paşinyan qışqıraraq bəyan edir ki, onların hakimiyyətə gəlməsindən sonra dövlət büdcəsinin gəlirləri misli görünməmiş dərəcədə artıb.

“İnqilabdan sonrakı 7 il ərzində Ermənistan Respublikasının dövlət büdcəsinə əlavə 4,2 milyard dollar daxil olub. Bu rəqəmə təbii ki, dövlət borcu daxil deyil, dövlət borcu dövlət büdcəsinin gəliri kimi qeyd olunmur. Bu rəqəmə həmçinin 2020-ci ildə “Hayastan” Ümumerməni Fondunun dövlət büdcəsinə köçürdüyü vəsaitlər də daxil deyil. Yəni söhbət büdcəyə daxil olan saf, “inqilabi” gəlirdən gedir”, - deyə Paşinyan iddia edib və beləliklə, sanki öz hökumətinin büdcə gəlirlərini artırmaqda fövqəladə uğur əldə etdiyini göstərməyə çalışıb.

Əslində isə, keçmiş dövrlərdə büdcə gəlirlərində daha böyük artım olmuşdu və Paşinyanın “uğur” kimi təqdim etdiyi artım o qədər də nadir hal deyil. Bununla belə, məsələ yalnız bu deyil.

Paşinyan “təvazökarlıqla” 4,2 milyard dollar əlavə büdcə gəlirindən danışır, halbuki real rəqəmlər bundan xeyli çoxdur. Ermənistan büdcəsinə yalnız vergi və rüsum şəklində 4,2 milyard dollar daxil olmayıb, son 7 ildə “inqilabçı hökumət” eyni zamanda 6,9 milyard dollarlıq kredit və digər borc da toplayıb.

Bu isə deməkdir ki, Paşinyanın hakimiyyəti dövründə onların sərəncamında ümumilikdə 11 milyard dollardan artıq əlavə vəsait olub. Bu, Ermənistan kimi kiçik bir ölkə üçün fantastik bir məbləğdir. Bəs bu 11 milyard dollar hara gedib? Hansı sahəyə yönəldilib? Ermənilərin sosial rifahı baxımından hansı nəticələr əldə olunub? Ədalətli cavab budur: Heç bir nəticə yoxdur!

Heç kim deyə bilməz ki, bu böyük məbləğlər xərcləndikdən sonra Ermənistan 7 il əvvəlkindən daha təhlükəsiz bir dövlətə çevrilib.

- Nə yoxsulluğun səviyyəsi azalıb,
- Nə sosial təminatlı təbəqənin vəziyyəti yaxşılaşıb,
- Nə də iqtisadiyyat real inkişaf edib.


Bu illər ərzində Ermənistanda heç bir iri iqtisadi və ya infrastruktur layihəsi həyata keçirilməyib. Başlanan azsaylı layihələr də yarımçıq qalıb, nəticəsi görünməyib. Əhalinin kasıb təbəqəsi olduğu kimi yerində qalıb, hətta inflyasiya və aşağı gəlirlər səbəbindən daha da ağır duruma düşüb. İnflyasiya səviyyəsi ermənilərin gəlirlərinin artımını xeyli üstələyib. Aşkar olan budur: Ermənistan vətəndaşları bu gün 7 il əvvəldən daha ağır yaşayır. Hətta kəskin yoxsulluğun səviyyəsini də azaltmaq mümkün olmayıb.

Bütün bunlar baş versə də, digər tərəfdən, hakimiyyətə gələn “gənc inqilabçılar” misli görünməmiş sürətlə zənginləşiblər. Onlar yüksək maaşlar, müxtəlif sərfəli dövlət proqramları (xüsusən də dövlət dəstəyi ilə mənzil alma proqramları) vasitəsilə rifahlarını artırıblar. Sadəcə dövlət ipoteka proqramına 7 ildə təxminən 680 milyon dollar xərclənib. Bu məbləğ, Ermənistanın 500 minə yaxın təqaüdçüsünün təqaüdlərinin artırılması üçün son 7 ildə ayrılan 580-590 milyon dollardan daha çoxdur.

Başqa sözlə, Paşinyan sosial ehtiyaclıların rifahının yaxşılaşdırılmasından daha çox, yüksək gəlirli təbəqənin və məmurların mənzil problemini həll etməyə vəsait ayırmağa üstünlük verib. Üstəlik, Ermənistanda “iqtisadi layihə” adı altında göstərilən proqramların heç bir real nəticəsi olmayıb. Fakt budur ki:

- İqtisadiyyatın potensialı artmayıb,
- Sənaye və kənd təsərrüfatında istehsal azalıb,
- Yeni istehsal müəssisələri açılmayıb,
- Yeni məhsullar bazara çıxmayıb,
- İqtisadiyyatın komplekslik indeksi dəyişməyib.

Başqa sözlə, Ermənistan dövlət büdcəsinə daxil olan əlavə milyardlar tamamilə mənasız xərclənib və iqtisadiyyat üçün real aktivlərə çevrilməyib. Ermənistanın gələcəkdə bu borcları necə qaytaracağı isə böyük sual altındadır.

Bundan əlavə, Ermənistanda 2-3 ildir ki, “qanunsuz varidatların müsadirəsi” kampaniyasından danışılır və 1,7 milyard dollar məbləğində aşkar edilmiş qeyri-qanuni əmlakdan söz açılır. Lakin bu məsələnin də son nəticəsi hələ məlum deyil.

Amma bir məsələ aydındır: 7 ildə 11 milyard dollar faktiki olaraq mənasız xərclənib və Ermənistan xalqı bu bədxərcliyin yükünü illərlə daşımaq məcburiyyətində qalacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İnqilab   İflas   Ermənistan  


Bizi "telegram"da izləyin