Orta Asiya Rusiyadan uzaqlaşır? – Lavrovun səfərindəki mesajlar

2025/04/1745654764.jpg
Oxunub: 772     13:38     27 Aprel 2025    
“Kommersant” qəzetinin müxbiri Rusiya xarici işlər naziri Sergey Lavrovun Səmərqəndə səfəri zamanı diplomatik bir “kurioz”un şahidi olub. Onun təsvirinə görə, Lavrov İkinci Dünya Müharibəsində həlak olanların analarını simvolizə edən “Kədərli ana” abidəsini ziyarət edib və ora çələng qoymaq istəyəndə, abidənin üzərində “Siz mənim ürəyimdəsiniz, əzizlərim” sözlərinin özbək və ingilis dillərində yazıldığını görüb.

Təcrübəli diplomat olmasına baxmayaraq, Lavrov etik sərhədləri pozaraq belə bir sual verib: “Sizdə ingilislər haradan peyda olublar?” Ekskursiya bələdçisi isə cavab verib: “Şəhər turistik məkandır”. Lavrov isə irad bildirib: “Rus dilini görmürəm”. “Kommersant”ın müxbiri xüsusi vurğulayıb ki, insident zamanı Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov heç bir müdaxilə etməyib.

Lavrov Özbəkistanda rus dili barədə daha sonra keçirdiyi mətbuat konfransında danışıb. Həmin konfransda Özbəkistan prezidenti Şavkat Mirziyoyev də iştirak edib.

Rusiya xarici işlər naziri xatırladıb ki, Özbəkistanda bir milyon rusdilli əhali yaşayır və onlar gündəlik həyatlarında ana dillərindən istifadə edirlər. O, ölkədə milli-dil harmoniyasına qayğı göstərdiyinə və rus dilinin qorunmasına dəstək verdiyinə görə prezident Mirziyoyevi təqdir edib. Lakin “Kommersant” qeyd edib ki, rəsmi Daşkənd Lavrova cavabı parlamentin deputatı Adiljon Tojiyev səviyyəsində verib: “Xarici dilin süni şəkildə yeridilməsi sevgi doğurmur, əksinə, əks reaksiya yaradır. Hörmət tələb olunmur – o, özü-özlüyündə, təbii şəkildə yaranır. Əgər Moskvanın mərkəzi meydanında özbək dilində yazı görünsə, bəlkə onda biz düşünərik”.

Aydındır ki, Lavrovun “Sizdə ingilislər haradan peyda olub?” sualı və özbək deputatın cavabı – “hörmət tələb olunmur” fikri – sırf siyasi mübahisə xarakteri daşıyır. Lavrov Səmərqəndə Avropa İttifaqı-Orta Asiya sammitindən cəmi 20 gün sonra səfər edib. Əslində, o soruşub: “Səmərqənddə avropalıların nə işi var?”, ona isə cavab veriblər: “Əməkdaşlıq tələb olunmur – o, təbii şəkildə olmalıdır”.

Diqqət çəkən başqa bir məqam da odur ki, Lavrovun Səmərqəndə səfəri rəsmi olaraq Qələbə Günü bayramına hazırlıqlara həsr olunub. Yəni Moskva mayın 9-da prezident Mirziyoyevin Vladimir Putinin qələbə paradına qatılıb-qatılmayacağını dəqiqləşdirmək istəyib.

Böyük ehtimalla, Özbəkistan prezidenti Moskvaya gedəcək. Amma o, həmin gün üçün nəzərdə tutulan görüşlərin anonslarından belə göründüyü kimi, Rusiyanın MDB liderlərinə təqdim etməyi planlaşdırdığı qeyri-rəsmi “Böyük Avrasiya” layihəsinin təqdimat mərasiminə qatılacaqmı?

Bir neçə gün əvvəl Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb. Ardınca Lavrovun Səmərqəndə səfəri baş tutub və “Kommersant”ın yazdığına görə, bu səfər zamanı Rusiya-Özbəkistan münasibətlərində ciddi fikir ayrılıqları ortaya çıxıb. Orta Asiyanın əsas aparıcı dövlətləri Qazaxıstan və Özbəkistandır. Əgər Moskva Tokayev və Mirziyoyevi “sındıra” bilməsə, “Böyük Avrasiya” layihəsi geosiyasi aktuallığını itirəcək. Maraqlıdır, Vladimir Putin Orta Asiya istiqamətində hansı vasitələrə əl atacaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orta-Asiya   Rusiya  


Bizi "telegram"da izləyin