Əvvəlcə sual yaranır: ABŞ “yeganə zəmanətçi ola bilmərəm” deyəndə, kim(lər)i nəzərdə tutur? Avropalıların özlərini? Yoxsa Vaşinqton Avropa təhlükəsizliyində qeyri-regional (məsələn, Asiya və ya Yaxın Şərq mənşəli) oyunçuların iştirak etdiyi yeni çoxqütblü sistemin formalaşmasını düşünür?
Bu sual yalnız Avropa üçün deyil, Ermənistan kimi periferik regionlarda yerləşən, lakin özünü hələ də hansısa “qoruyucu gücün” orbitində görmək istəyən ölkələr üçün də mühüm əhəmiyyət daşıyır. Ermənistanın təhlükəsizlik düşüncəsi hələ də keçmişin – birqütblü dünya nizamının – reallıqları ilə idarə olunur. Halbuki beynəlxalq sistem artıq fundamental dəyişiklik mərhələsindədir.
Vaşinqton bu dəyişiklikləri sadəcə arzu kimi deyil, qlobal güc balansının obyektiv qiymətləndirilməsi əsasında qəbul edir. ABŞ artıq anlayır ki, Avropada belə “yalnız” olmaq mümkün deyil. Bəs Ermənistan düşünürmü ki, Cənubi Qafqaz kimi geopolitik cəhətdən mürəkkəb və rəqabətli məkanda hansısa bir güc, məsələn Rusiya, Fransa və ya ABŞ Ermənistanın təhlükəsizliyinə tam zəmanətçi ola bilər?
Bugünkü dünyada bu, artıq mümkün deyil. Nə Avropada, nə də Yaxın Şərqdə, Mərkəzi Asiyada və ya Cənubi Qafqazda birqütblü təhlükəsizlik modeli işlək deyil. Ermənistan hələ də hansısa “dominant güc”ə sığınmaq istəyərkən, dünya çoxqütblü təhlükəsizlik modellərinə doğru gedir. Ermənistan cəmiyyətində isə hələ də bu mövzu mübahisə predmeti olaraq qalır: kim Ermənistanın təhlükəsizlik sistemində əsas oyunçu olmalıdır?
Bu düşüncə köhnə paradiqmaların davamıdır. Halbuki nə Rusiya, nə ABŞ, nə də başqa güclər artıq bir ölkə üçün tam məsuliyyət daşımaq istəmir, çünki yeni dünya düzəni buna imkan vermir. Beynəlxalq münasibətlərdə mərkəzin dağılması, güclərin paylanması artıq dönməz prosesdir. Ermənistan isə bu reallıqdan xəbərsizmiş kimi davranaraq, öz təhlükəsizliyini xarici dominantların öhdəsinə buraxmağa çalışır.
Ən vacib məqam budur: Ermənistan artıq “seçdiyi dominant güc” ətrafında mübahisə aparmaq əvəzinə, bölgənin reallıqlarına uyğun şəkildə çoxqütblü təhlükəsizlik yanaşması hazırlamalıdır. Yalnız bu halda o, yeni beynəlxalq sistemdə geosiyasi təcriddən xilas ola bilər. Əks halda, Ermənistan sadəcə böyük oyunçuların manevr meydanına çevriləcək və dövlət olaraq siyasi iradəsini tamamilə itirəcək.
Aqil Məmmədov
Ordu.az