Avropadakı ABŞ qüvvələrinin komandanı, general Kristofer Kavolinin Konqresə verdiyi açıqlamaya görə, quru qüvvələri ilə müqayisədə, Rusiya Hərbi Hava və Dəniz Qüvvələri Ukraynada az sayda itki verib.
Hazırda Rusiya Hərbi Hava Qüvvələrinin 1,100-dən çox döyüş qabiliyyətli təyyarəyə sahib olduğu düşünülür. General Kavoli bu arsenalda “Tu-95” və “Tu-160” strateji bombardmançıları ilə yanaşı “Su-57” qırıcı təyyarələrinin də olduğunu qeyd edib. Lakin o, “Su-57”ni “radarlardan yayınan stels döyüş təyyarəsi” kimi təqdim etsə də, bu təyyarənin ABŞ-nin F-22 “Raptor” və F-35 “Lightning II” kimi əsl “stels” qırıcıları ilə eyni səviyyədə olması şübhə doğurur.
Bununla belə, Rusiya Hərbi Hava Qüvvələri döyüş meydanında hava üstünlüyünü qazana bilmədiyindən, Ukraynadakı rolu ikinci dərəcəli səviyyədə qalıb. Rusiya qırıcı və bombardmançıları Ukrayna hərbi hədəflərinə və şəhərlərə uzun mənzilli raketlərlə hücum etsə də, Ukrayna hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün bu raketləri uzaq məsafədən buraxırlar. Bu isə dəqiqlik və effektivliyi azaldır. Beləliklə, rus pilotları əslində səmada “uzaqdan artilleriya” rolunu oynayırlar.
Moskvanın hava üstünlüyünü ələ keçirə bilməməsinin əsas səbəbləri arasında zəif taktika, avadanlıq çatışmazlıqları və Ukraynanın Qərbdən aldığı güclü hava müdafiə sistemləri dayanır.
Ukrayna Rusiya Qara Dəniz Donanmasını Dağıdıb
Digər tərəfdən, Rusiya Hərbi Dəniz Qüvvələri bütövlükdə fəaliyyət qabiliyyətini qorusa da, xüsusilə Qara Dəniz Donanması ciddi itkilər verib. General Kavolinin sözlərinə görə, Qara Dəniz Donanmasındakı bəzi itkilər istisna olmaqla, Rusiya Donanması hələ də bütövdür və 60-dan çox sualtı qayıqla yanaşı, 42 ədəd suyun üstündə üzən döyüş gəmisi nüvə başlıqlı “Kalibr” raketləri buraxmaq imkanına malikdir.
Ancaq maraqlıdır ki, üç əsas hərbi qüvvə arasında hərbi dəniz qüvvələri adambaşına düşən ən yüksək itki nisbətinə sahibdir. Münaqişədə birbaşa iştirak edə bilən yeganə donanma olan Qara Dəniz Donanması indiyədək 24-ə yaxın döyüş gəmisi, sualtı qayıq, dəstək gəmisi və kiçik platformasını itirib. Bu itkilər arasında, müharibənin ilk həftələrində batırılan Qara Dəniz Donanmasının əsas gəmisi olan “Moskva” raket kreyseri də var.
Əlavə olaraq, Baltik, Aralıq və Sakit okean donanmaları tam gücünü qorusa da, Türkiyənin boğazlara nəzarət etməsi səbəbilə bu donanmaların Qara Dənizə göndərilməsi mümkün deyil. Türkiyə, Montrö Konvensiyasına əsasən, hərbi gəmilərin boğazlardan keçməsinə icazə vermir.
Ukraynanın isə güclü bir hərbi dəniz qüvvəsi yoxdur. Buna baxmayaraq, Kiyev uzaq mənzilli gəmiəleyhinə raketlər və pilotsuz dəniz vasitələrindən bacarıqla istifadə edərək, Qara Dənizdəki Rusiya gəmilərini hədəf alıb. Həmçinin, Ukrayna ordusu təkcə gəmiləri deyil, Rusiyanın Krım və cənub bölgələrindəki hərbi dəniz bazalarını və logistik mərkəzlərini də müntəzəm olaraq vurur. Sevastopolda, yəni Krımın paytaxtında yerləşən Rusiya Hərbi Dəniz Qüvvələrinin qərargahına edilən hücum bu strategiyanın bariz nümunəsidir.
Bu günə qədərki döyüşlər göstərir ki, Rusiya Hərbi Hava Qüvvələri döyüşdə qalsa da, effektiv deyil. Digər tərəfdən, Rusiya Donanması isə Qara Dənizdə nəzarəti və quru qüvvələrini dəstəkləmək qabiliyyətini böyük ölçüdə itirib.
Dəyanət Ağalarlı
Ordu.az