Rusiyanın Hücumu Səngiyib
Böyük Britaniyanın Müdafiə Nazirliyinin Ukrayna müharibəsi ilə bağlı son kəşfiyyat qiymətləndirməsində bildirilir ki, 2025-ci ilin birinci rübündə Rusiya qüvvələri Ukraynada cəmi 143 kvadrat kilometr (təxminən 55 kvadrat mil) ərazi ələ keçirə bilib – bu isə gündəlik orta hesabla 5 kvadrat kilometrdən (1.9 kvadrat mil) azdır.
Rusiya ordusunun irəliləyişi 2024-cü ilin noyabr ayından bəri tədricən zəifləyir.
“Rusiyanın aylıq irəliləyiş tempi noyabr ayından bəri azalmaqdadır. Həmin ay Rusiya qüvvələri 700 kvadrat kilometrlik (270 kvadrat mil) ərazi ələ keçirmişdi”, - deyə Britaniya Müdafiə Nazirliyi əlavə edib.
Son bir il ərzində Rusiya ordusu əsas hücumunu Ukraynanın şərqindəki Donbas bölgəsində cəmləşdirib. Bu ərazi “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlandırılan və 8 illik münaqişənin mərkəzi olmuş separatçı regionları əhatə edir. Rusiya qüvvələri bu əlaqə xəttindəki hissəyə xüsusi diqqət yetirir, çünki Kremlin strateji məqsədi bu regionu Ukraynadan ayırmaq və onu birbaşa və ya dolayı yolla Rusiya ərazisinə qatmaqdır. Qeyd edək ki, 2022-ci ilin sentyabrında sözügedən “respublikalar” hüquqi baxımdan şübhəli referendumlar nəticəsində rəsmi olaraq Rusiya tərəfindən “anneksiya” olunmuşdu.
Britaniya Müdafiə Nazirliyi əlavə edir: “Mart ayında Rusiya qüvvələrinin əldə etdiyi irəliləyişlərin əksəriyyəti Donetsk vilayətinin mərkəzi hissəsində baş versə də, bu, onların əməliyyat baxımından mövqeyini yaxşılaşdırmadı”.
Ukrayna Silahlı Qüvvələri əks-hücum imkanlarını diqqətlə izləyir və bəzi uğurlu lokal əməliyyatlarla Rusiya tərəfinin əldə etdiyi üstünlükləri geri qaytara bilib. Xüsusilə Donetsk vilayətindəki strateji əhəmiyyətə malik Pokrovsk şəhəri ətrafında Ukrayna qüvvələri fəallıq nümayiş etdirir.
Rusiyanın İrəliləməsinin Səngiməsinin İki Əsas Səbəbi
Rusiya hərbi maşınının zəif irəliləyişi təkcə Donbasla məhdudlaşmır. Əslində, təmas xəttinin bütün istiqamətləri üzrə Rusiya qüvvələrinin hücumları ləngiyib.
Britaniya Müdafiə Nazirliyi bu barədə belə nəticəyə gəlir: “Mart ayının böyük hissəsində Rusiya qüvvələrinin bir neçə istiqamətdə hücum səviyyəsi aşağı düşdü. Ayın sonuna yaxın bu hücumlar bir qədər artdı, lakin bu, irəliləyiş tempinə təsir etmədi”.
Rusiya ordusunun zəif irəliləməsinin iki əsas səbəbi olduğu düşünülür:
Birincisi, Kreml bu dövrdə qəsdən hücum tempini aşağı salıb ki, ABŞ-dəkı Tramp administrasiyasını qəzəbləndirməsin. Həmin administrasiya Ukraynaya təhlükəsizlik yardımını ciddi şəkildə azaldıb, lakin əgər genişmiqyaslı Rusiya hücumu baş versəydi, bu yardımı bərpa etmək ehtimalı da arta bilərdi.
İkincisi, Rusiya ordusu artıq bir ilə yaxın müddətdir fasiləsiz hücumlar həyata keçirdiyi üçün fiziki və maddi cəhətdən tükənmək üzrədir. Bu iki səbəb bir-birini tamamlayan amillər kimi eyni anda mövcud ola bilər.
2024-cü ilin may ayından bəri Rusiya qüvvələri təmas xəttinin demək olar ki, hər tərəfində hücumdadır. Lakin bu 11 aylıq hücum kampaniyası Rusiya üçün baha başa gəlib. Bu müddət ərzində Rusiya ordusu, yarımhərbi birləşmələr və separatçı qüvvələr birlikdə təxminən 400,000 nəfər itki verib, öldürülən və yaralananların ümumi sayı budur. Belə böyük itkiləri həm logistik, həm də siyasi baxımdan əvəzləmək çətindir. Rusiya yüksək itkilərə uzun müddət dözə bilsə də, istənilən ordu uzunmüddətli hücum rejimində qala bilməz.
Nəticə etibarilə, səbəbi nə olursa-olsun, hazırda cəbhədəki vəziyyət göstərir ki, Ukrayna qüvvələri mövqelərini qorumaqda davam edir.
Dəyanət Ağalarlı
Ordu.az