Qlobal siyasi qeyri-sabitliyin konturları necə çəkilir? – STRATEJİ ANALİZ

2025/04/1743931031.jpg
Oxunub: 962     18:22     07 Aprel 2025    
Qlobal geosiyasi vəziyyət dəyişkən və qeyri-sabitdir. Elə amillər var ki, onların əsasında yaxın gələcəkdə baş verə biləcək hadisələr barədə proqnozlar vermək olar, lakin eyni zamanda elə hallar da mövcuddur ki, onlar haqqında dəqiq hesablamalar aparmaq belə çox çətindir.

Məsələn, Ukrayna müharibəsinin nəticəsində yaranmış vəziyyəti götürək. Seçkiqabağı kampaniyası zamanı Donald Tramp bəyan edirdi ki, 24 saat ərzində Ukrayna müharibəsini dayandıra bilər. Yanvarın 20-dən etibarən Tramp hakimiyyətdədir, lakin Ukraynada davam edən müharibə hələ də sona çatmayıb. Üstəlik, Trampın vasitəçiliyi ilə əldə olunan və münaqişənin iki tərəfinin bir-birinin enerji sistemlərinə zərbə endirməməsini nəzərdə tutan qismən atəşkəs faktiki olaraq işləmir.

Bu şəraitdə bir çox ekspertlər hesab edirlər ki, Ukraynada gedən müharibə hələ uzun müddət davam edə bilər. Problem ondadır ki, həm Ukrayna, həm də Rusiya tərəfi bir sıra əsas məsələlərdə güzəştə getməyə meylli deyil. Hər iki tərəf hesab edir ki, qələbə qazana bilər. Ukrayna tərəfi hələ də ümidini itirməyib ki, Qərbdən davam edən yardım, xüsusilə Avropada Ukraynaya dəstək məsələsində sərt mövqe nümayiş etdirildiyi və Kiyevə yardımın davam etdirilməsi üçün əzmkar olduqları bir zamanda onlara müəyyən bir məqamda vəziyyətdə dönüş yaratmağa imkan verəcək. Eyni zamanda, Ukrayna hakimiyyəti Rusiya nəzarətində olan ərazilərin güzəştə gedilməsi məsələsinin gündəmə gəlməsindən hər vəchlə yayınmağa çalışır, çünki bu, ölkə daxilində məğlubiyyət kimi qəbul olunacaq.

Rusiya tərəfi isə öz növbəsində atəşkəslə bağlı razılaşma əldə etməyə maraqlı deyil. Çünki Moskvada belə bir fikir formalaşıb ki, bu zaman Kiyev Qərbdən yeni silahlar alıb mövqelərini gücləndirmək və təzə qüvvələr cəlb etmək imkanı qazana bilər. Buna görə də Rusiya tərəfi problemin tam həllini irəli sürür ki, gələcəkdə Ukrayna bir daha hərbi əməliyyatlara başlaya bilməsin. Eyni zamanda, Rusiyada hesab edirlər ki, əgər müəyyən bir mərhələdə Ukrayna müqavimət göstərə bilməsə, qəti qələbə əldə etmək olar. Digər tərəfdən isə Rusiya üçün atəşkəs məsələsinin uzadılması da əlverişlidir, çünki cəbhə xəttindəki mövcud vəziyyət onun xeyrinədir və rus qoşunları tədricən irəliləyirlər.

Bəlkə də tərəfləri danışıqlar masasına gətirən yeganə mühüm amil ABŞ-nin eyni zamanda hər iki tərəfə təzyiq göstərməsidir. Bütün bunlarla yanaşı, Vaşinqtonda Moskva ilə münasibətləri normallaşdırmaq istəyi də hiss olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, ABŞ Rusiyanın Çinlə yaxınlaşmasına yol verməməyə ümid edir, çünki Çinin potensialı davamlı şəkildə artır və Pekin zamanla beynəlxalq münasibətlərdə ABŞ-nin üstün mövqeyinə meydan oxuya bilər.

ABŞ-Rusiya münasibətlərində buzların əriməsi istiqamətində atılan addımlar fonunda Avropada artıq öz hərbi potensialını artırmaq barədə düşünməyə başlayıblar, xüsusilə ona görə ki, ABŞ Avropa ölkələrinin təhlükəsizliyinin təminatını öz üzərinə götürmək niyyətində deyil. Digər tərəfdən isə ABŞ gömrük rüsumları vasitəsilə öz oyun qaydalarını təkcə Avropaya və Çinə deyil, həmçinin qonşu Meksika və Kanadaya da diktə etməyə çalışır.

Buna uyğun olaraq, Avropa ictimaiyyətində artıq müstəqilliklərini gücləndirmək və xarici dünya ilə münasibətləri şaxələndirmək istiqamətində addımlar atılır. Ukrayna müharibəsinin başlanmasından sonra Avropaya rus enerji resurslarının tədarükü əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Avropa təhlükəsizlik baxımından ABŞ-dən, iqtisadi baxımdan Çindən gələn tədarüklərdən, enerji resursları baxımından isə Rusiyadan asılı vəziyyətdədir.

Yaxın Şərqdə də vəziyyət qeyri-sabit və mürəkkəbdir. ABŞ Yəməndə husilərin mövqelərinə yeni zərbələr endirərək İrandan öz proksi qüvvələrinə dəstəyi dayandırmasını tələb edir. Tramp həmçinin, öz şərtlərinə uyğun yeni nüvə sazişi bağlamağa çalışır və əks halda “İran üçün pis şeylər baş verə bilər” deyə xəbərdarlıq edir. İran ətrafında vəziyyət o qədər ciddidir ki, ABŞ bölgədə hərbi texnika toplamağa başlayıb. Hətta hərbi toqquşma ehtimalı belə istisna edilmir...

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin