Ağ Evdə administrasiya dəyişdikdən sonra bu, Türkiyənin xarici işlər nazirinin Vaşinqtona ilk səfəridir. Danışıqlar zamanı ikitərəfli münasibətlərdə strateji addımların, həmçinin dövlət başçılarının səviyyəsində qarşılıqlı səfərlərin təşkili məsələlərinin müzakirə ediləcəyi planlaşdırılırdı.
"Anadolu"nun mənbələrinin bildirdiyinə görə, Rubio-Fidan danışıqlarında xüsusilə Fələstin, Suriya və Ukraynadakı vəziyyət kimi regional və ikitərəfli maraq doğuran məsələlərə diqqət yetirilib. Hakan Fidan görüşdə Türkiyənin regional əsas məsələlərlə bağlı mövqeyini təqdim edib və Suriyada sabitliyə, həmçinin onun ərazi bütövlüyünün qorunmasına dəstəyini vurğulayıb.
Vaşinqtonda keçirilən görüşün nəticələri
Artıq keçirilmiş görüşdə Hakan Fidanla Marko Rubio arasında bir sıra mühüm məsələlər müzakirə olunub. Tərəflər Suriya administrasiyası ilə əlaqənin vacibliyini vurğulayıb, bu ölkədə sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyəti ifadə ediblər.
Gözlənildiyi kimi, Qəzzada daimi atəşkəsin yaradılmasının vacibliyi və bu məsələnin regional sülh üçün zəruri olduğu vurğulanıb. Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq səyləri ilə bağlı da fikir mübadiləsi aparılıb.
Danışıqlarda diqqətçəkən məqamlardan biri də Azərbaycanla Ermənistan arasında sülh prosesinin müzakirə predmeti olması idi. Bu, Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması prosesində fəal iştirak etmək niyyətinin göstəricisidir.
Görüşdə həmçinin vurğulanıb ki, Ankara Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı səylərini dəstəkləyir. Türkiyənin xarici işlər naziri, həmçinin, Bosniya və Herseqovinanın sabitliyinin Balkanlar üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Ankara F-35 qırıcı təyyarələri proqramına Türkiyənin yenidən daxil olması, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığın mövcud geosiyasi reallıqlara uyğunlaşdırılması məsələlərini də müzakirə etməyi planlaşdırırdı.
Türkiyənin şərtləri və gözləntiləri
Əgər "Anadolu"nun diplomatik açıqlamalarının məğzini və artıq keçirilmiş görüşün nəticələrini nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, Türkiyə ABŞ-dən Suriyadan hərbi qüvvələrinin məhdud şəkildə çıxarılmasını, Qəzzada İsrail hücumlarının dayandırılmasını və Ukrayna münaqişəsinin həllində Ankaranın iştirakına imkan verilməsini gözləyir.
Fidanın Vaşinqtona səfəri çərçivəsində irəli sürdüyü şərtlər arasında həmçinin Türkiyə-ABŞ müdafiə əməkdaşlığının genişləndirilməsi və xüsusilə F-35 proqramına Türkiyənin yenidən daxil edilməsi məsələsi də var idi.
Tərəflər arasında müzakirələrin gözlənilməyən istiqamətlərindən biri də Cənubi Qafqazda sülh prosesi olub. Azərbaycan-Ermənistan sülh danışıqlarının müzakirəyə çıxarılması, Türkiyənin regionda artan rolunun Vaşinqton tərəfindən də qəbul edildiyini göstərir.
Bu məsələlər Vaşinqton üçün də əhəmiyyətlidir, lakin burada sual yaranır: Fidan ABŞ-yə Türkiyəyə qarşı gələcək addımlarla bağlı Vaşinqtonun "yol xəritəsini" almağa getdi, yoxsa Rəcəb Tayyib Ərdoğan onu ABŞ-yə göndərdi ki, Ankara-Vaşinqton əməkdaşlığının öz şərtlərini ortaya qoysun?
Keçirilmiş görüşün nəticələrinə nəzər salsaq, Türkiyənin regional məsələlərdə, xüsusilə Suriya, Qəzza, Ukrayna və Cənubi Qafqazda fəal rol almaq istədiyi və bunu ABŞ-lə koordinasiya etməyə çalışdığı aydın görünür. Ankara eyni zamanda müdafiə sahəsində əməkdaşlığın bərpasına xüsusi əhəmiyyət verir.
Mövcud vəziyyət təkcə ona görə "həssas" deyil ki, qlobal məsələlərdə Tramp administrasiyası regional gücləri balansdan kənar qoyur, həm də Türkiyənin daxili durumu buna əlavə gərginlik qatır. Belə bir şəraitdə Türkiyə ABŞ-lə ikitərəfli münasibətlərdə öz mövqeyini gücləndirməyə çalışır.
Asif Cəfərov
Ordu.az