SIPRI: Çinin silah idxalı son beş ildə əvvəlki illərlə müqayisədə azalıb

2025/03/1741683345.jpg
Oxunub: 539     14:29     19 Mart 2025    
Çinin silah idxalı son beş ildə əvvəlki illərlə müqayisədə azalıb, eyni zamanda hərbi texnologiyalar istehsalında özünü təmin etmək qabiliyyəti artıb.

Ordu.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) qlobal silah idxalı hesabatında bildirib.

SIPRI-nin qlobal silah bazarındakı tendensiyaları müəyyən edən hesabatında Çinin silah idxalının 2020-2024-cü illərdə 2015-2019-cu illəri əhatə edən əvvəlki 5 illik dövrlə müqayisədə 64 faiz azaldığı qeyd edilib.

Hesabatda vurğulanıb ki, silah idxalının azalması Çinin yerli müdafiə sənayesinin inkişafı ilə bağlıdır, yerli dizayn və istehsal sistemləri əvvəllər əksəriyyəti Rusiyadan gətirilən yüksək texnologiyalı hərbi vasitə və avadanlıqları əvəz edir.

SIPRI-nin baş tədqiqatçısı Simon Vezeman qeyd edib ki, Çin son 30 ildə yüksək texnologiyalı silahları istehsal etdiyi hərbi texnologiyalarla əvəz edə bilib.

“Çin artıq öz imkanları ilə hava döyüş vasitələrinin, hava nəqliyyat vasitələrinin və döyüş gəmilərinin mühərriklərini istehsal edə bilər. Bu, helikopterlərə də aiddir. Çin özünün tamamilə yerli döyüş helikopterlərini inkişaf etdirir, tədricən Rusiya və Avropadan gətirilən modelləri inventardan çıxarır”, - deyə Vezeman bildirib.

Çin 1990-1994-cü illərdən etibarən ilk dəfə olaraq dünyanın ilk 10 silah idxalçısı sırasında yer almayıb.

Çinin idxalındakı azalma Asiya və Okeaniyanın da daxil olduğu bölgədə silah idxalının son 5 ildə əvvəlki 5 illik dövrlə müqayisədə 21 faiz azalmasında təsirli olub.

Asiya və Okeaniyanın qlobal silah idxalındakı payı 2015-2019-cu illərdəki 41 faizdən 2020-2024-cü illərdə 33 faizə enib.

İdxalın azalmasına baxmayaraq, Asiya və Okeaniya dünyanın ən böyük silah idxal edən regionu olaraq qalıb.

Şərqi Asiyada Cənubi Koreyanın silah idxalı 24 faiz, Çinlə suverenlik mübahisəsində olan Tayvan administrasiyasının silah idxalı 27 faiz, Yaponiyanın silah idxalı isə 93 faiz artıb. Yaponiya regionda silah idxalında artım müşahidə edən yeganə ölkə olub.

Çinin Baş naziri Li Çian martın 5-də parlamentə təqdim etdiyi büdcə layihəsində milli müdafiə xərclərinin 2025-ci ildə 7,2 faiz artaraq, 1,78 trilyon yuana (250 milyard dollar) çatacağını açıqlayıb.

Müdafiə xərclərinin proqnozlaşdırılan artım tempi hökumətin bu il üçün nəzərdə tutduğu “təxminən 5 faiz” iqtisadi artım hədəfini üstələyir.

Çinin müdafiə xərcləri 2013-cü ildə prezident Si Cinpin vəzifəyə gələndən etibarən hər il artımı üstələyib. Son 12 ildə müdafiə xərcləri təxminən iki dəfə artıb.

Çin ABŞ-dən sonra müdafiəyə ən çox pul xərcləyən ölkədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   SIPRI  


Bizi "telegram"da izləyin