Türkiyənin Ukrayna böhranında tarazlıq rolu strateji mövqeyini gücləndirir - ANALİZ

2025/03/1741326992.jpg
Oxunub: 895     21:29     07 Mart 2025    
Ötən ay ABŞ-Ukrayna münasibətlərində ciddi bir gərginlik baş verdi. Ukrayna prezidenti Volodimir Zelenski Oval Ofisdə ABŞ-nin ikili standartlarını açıq şəkildə tənqid edərək Vaşinqtonun tutarsız siyasətinə etiraz etdi. Nəticədə, Ukrayna ABŞ-dən gözlədiyi təhlükəsizlik zəmanətlərini itirdi və strateji mədən qaynaqları üzrə əldə olunan ilkin razılaşma dayandırıldı. Bu böhran ABŞ ilə Avropa arasındakı transatlantik parçalanmanın simvolik anlarından biri kimi yadda qaldı.

Ənənəvi olaraq Vaşinqtona yaxın müttəfiq olan Avropa İttifaqı (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas, sosial mediada “Azad dünyanın yeni bir liderə ehtiyacı olduğu aydın oldu. Bu çətinliyi qarşılamaq biz avropalılara düşür” ifadələrini işlətdi.

Lakin avropalı diplomatlar xüsusi görüşlərdə daha ciddi narahatlıqlarını dilə gətirirlər. Bir Aİ rəsmisi, “Əvvəlcə silahlandırırsınız, sonra tərk edirsiniz. ABŞ-nin təhlükəsizlik zəmanətlərinə kim hələ inanır?” deyə Vaşinqtonun etibarlılığını sorğuladı. Oxşar şəkildə bir türk diplomat, “Zəifləyən Ukrayna Qara dəniz, Qafqaz, Suriya və Orta Asiyadakı təhlükəsizlik maraqlarımızı birbaşa təhdid edir” şərhini verdi.

ABŞ-nin Mövcud Strategiyası Rusiyanın Geosiyasi Mövqeyini Gücləndirir

Zəifləyən Ukrayna rəhbərliyi Rusiyanın strateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirərkən, Türkiyə, Finlandiya, Fransa və Polşa kimi ölkələr üçün ciddi geosiyasi nəticələr yarada bilər. Mütəxəssislərə görə, bir rəqibin hərəkətlərini düzgün təxmin edə bilmək üçün onun perspektivindən düşünmək lazımdır. Moskva son qırx ili “Rusiya və Sovet İttifaqına qarşı yürüdülən aktiv hücum dövrü” kimi görür və bu prosesdən NATO ilə Şərqi Avropa ölkələrini məsul tutur. ABŞ prezidenti Donald Trampın seçilməsindən bəri, Rusiya Prezidenti Vladimir Putinin özünü daha güclü və Qərbə qarşı intiqam arzusuyla hərəkət edən bir lider kimi hiss etdiyi irəli sürülür.

Lakin bəzi analitiklər ABŞ-Rusiya yaxınlaşmasını yalnızca Trampın şəxsi seçimi kimi qiymətləndirməyin yanıltıcı olduğunu bildirir. Əslində, Vaşinqtonun əsas hədəflərindən biri Çini təcrid etmək və Pekin ilə Moskvanın arasını açmaqdır. Bu strategiyanın bir hissəsi olaraq, Rusiyaya müəyyən bir güc sahəsi tanınaraq, Orta Asiya və Qafqaz kimi bölgələrdə nüfuz qazanmasına göz yumulur. Lakin bu durum ən çox Türkiyənin maraqlarına zərər verir. Vaşinqtonun “əks Kissinger doktrini” olaraq da adlandırılan bu yanaşması uzun müddətdir bilinən bir strategiya olsa da, uğurunun nə qədər davamlı olacağı qeyri-müəyyənliyini qoruyur.

Vaşinqtonun Strategiyası Nə Qədər Davamlıdır?

Avropa ölkələri, Trampın siyasətlərinə alternativ həll yolları axtarmağa başladı. “Foreign Policy” yazarı Lili Payk “Trampın dağıdıcı addımlarının ardından Çin Avropa ilə daha yaxın əlaqələr qurmaq üçün imkanlar axtarır” ifadələrini istifadə edərək, ABŞ-nin transatlantik ittifaqını çətinləşdirən siyasətlərinin Çinə meydan açdığını bildirir. Bunun bir nümunəsi, Pekinin Rusiyaya ikili istifadəli ixracatlarını məhdudlaşdıraraq Vaşinqtonun Moskva ilə yaxınlaşmasına qarşı bir tarazlıq yaratması ola bilər. Bu vəziyyət Trampın avropalılardan gələcəkdə Çin ilə bir ticarət müharibəsini dəstəkləmələrini istəməsini çətinləşdirəcək.

Tramp Zelenskiyə qarşı sərt tənqidlər edərkən, Fransa isə digər ölkələrlə yeni təhlükəsizlik anlaşmaları yaradır. Dördlü kəşfiyyat paylaşımı artarkən, yeni bir müdafiə komissarı Avropanın hərbi təchizat prosesini koordinasiya etmək vəzifəsini daşıyır. Buna paralel olaraq, Fransa prezidenti Emmanuel Makron və Almaniyada seçkilərin qalibi, gələcək Kansler Frederik Merz sənaye koordinasiyası, Fransız nüvə təsirinin genişləndirilməsi və “Eurobond” buraxılışı kimi mövzuları müzakirə edir.

Bu yeni Fransız-Alman ittifaqı, Türkiyəni də birbaşa təsir edir. Paris və Ankara arasındakı siyasi baxış fərqliliklərinə baxmayaraq, Türkiyə Avropanın ən böyük ticarət tərəfdaşlarından biri olmağa davam edir. Türkiyənin sənaye istehsalı, strateji minerallar və enerji tranzitində Avropa üçün əsas tədarük zənciri mərkəzi olması da Ankaranın iqtisadi və geosiyasi əhəmiyyətini artırır. Türkiyənin Fransız-Alman ittifaqından tamamilə uzaqlaşması aşağı bir ehtimal olaraq qiymətləndirilir. Çünki Türkiyənin ümumi xarici ticarətinin 40 faizindən çoxu birbaşa Avropa İttifaqı ilə aparılır, ABŞ ilə olan ticarət həcmi 5 faiz, Rusiya ilə isə 11 faiz səviyyəsindədir.

Riyadda keçirilən ilk toplantının ardından, ötən həftə İstanbulda ABŞ və Rusiya rəsmiləri arasında ikinci tur görüşlər baş tutdu. Bu toplantılarda səfirliklərin yenidən açılması və Ukraynadakı normallaşma prosesi kimi texniki məsələlər müzakirə olundu. Türkiyə uzun müddətdir Ukrayna sülh danışıqlarında tərəfsiz bir vasitəçi kimi hərəkət edir. Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin geostrateji mövqeyindən və Tramp, Putin və Zelenski ilə şəxsi münasibətlərindən məharətlə istifadə edərək səmərəli bir diplomatiya həyata keçirdiyi müşahidə olunur.

Ankaranın Ukraynada hərbi varlıq göstərməsi halında, bu addımın Türkiyənin Avropadakı strateji mövqeyini gücləndirə biləcəyi qiymətləndirilir. Lakin bu prosesin ABŞ, Polşa, Fransa və Skandinaviya ölkələri tərəfindən necə qarşılanacağı qeyri-müəyyənliyini qoruyur. Türkiyənin Avropa təhlükəsizlik arxitekturasının ayrılmaz bir hissəsi olduğu gerçəyi nəzərə alındığında, Ankaranın bu prosesdəki mövqeyi həm Ukraynanın, həm də Avropanın geosiyasi sabitliyi baxımından həlledici olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna   Böhran  


Bizi "telegram"da izləyin