Kremlin sözçüsü vurğulayıb ki, ABŞ ilə diplomatik təmaslarla yanaşı, Rusiya əvvəlcədən qoyulan bütün məqsədlərə çatmaq üçün xüsusi hərbi əməliyyatı davam etdirir. Rusiya prezidentinin mətbuat katibi bu bəyanatla, çox güman ki, Fransa və Böyük Britaniyanın Ukraynada bir aylıq atəşkəs təklifinə cavab verir.
Moskvanın bu ideyanı rədd etdiyini anlamaq lazımdır. Tramp-Zelenski “qalmaqalı” debatı Rusiyaya sərfəlidir, çünki hərbi əməliyyatları davam etdirmək imkanı yaradır. Zelenskinin “müharibə tərəfdarı” olması ABŞ prezidentinə də sərf edir. Çünki bu, ona vəziyyəti elə təqdim etmək imkanı verir ki, guya o, Putini danışıqlar masasına gətirməyə çalışıb, amma Ukraynanın “diktatoru” bütün hesabları pozub.
“Xüsusi hərbi əməliyyatla əvvəlcədən qoyulan bütün məqsədlərə çatmaq” tələbi, yeni ərazilərin işğalı ilə yanaşı, Ukrayna dövlətçiliyinin ləğvi məsələsini də gündəmə gətirir. Vladimir Putinin mətbuat katibi haqlıdır ki, Ukrayna məsələsi olduqca mürəkkəbdir, amma kim müharibə anonsu edir?
Kiyevin mövqeyi ondan ibarətdir ki, atəşkəs müqaviləsi təhlükəsizlik zəmanətləri ilə möhkəmləndirilməlidir. Moskva atəşkəsi rədd edir, Ukrayna ərazisində Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsini “tamamilə qəbuledilməz” hesab edir. Rusiyanın “sülh şərti” Ukraynanın qeyd-şərtsiz kapitulyasiyasıdır.
Qeyd etmək lazımdır ki, martın 2-də Londonda keçirilən “Avropa sammiti” konkret nəticə verməyib, sadəcə görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub. Görünür, bu görüşlər daha aşağı səviyyədə keçiriləcək. Türkiyənin xarici işlər naziri Hakan Fidan xüsusilə, müzakirələrin iki-üç həftədə bir təşkil olunacağını deyib, lakin hələlik yeganə praktik addımı – təxminən iki milyard avroluq hərbi dəstək şəklində Böyük Britaniya atıb.
Görünür, Ukrayna Prezidenti Zelenski ya istefa verəcək, ya da Donald Trampdan üzr istəyərək onun atəşkəs təklifini qəbul edəcək. Vaşinqton açıq şəkildə bildirir ki, Ukrayna ərazi güzəştlərinə getməlidir. Həmin ərazilərin hansı olduğu dəqiq göstərilmir. Amma Rusiya Ukraynanın güzəştləri ilə kifayətlənəcəkmi? Əgər Putin Trampın “sülh planını” qəbul etməsə, Vaşinqton hansı addımları atacaq? Addım atacaqmı, yoxsa Zelenskini Odessanı da təslim etməyə məcbur edəcək?
Asif Cəfərov
Ordu.az