Qərb mediası Rusiya Maliyyə Nazirliyinin açıq məlumatlarını araşdıraraq aşkar edib ki, Ukraynaya qarşı müharibənin başlamasından bəri Rusiyanın qızıl ehtiyatları təxminən 300 ton azalıb. Ekspertlər belə nəticəyə gəlirlər ki, Rusiya müharibə xərclərini ödəmək üçün bu qədər külçə qızıl satıb. Rusiya təbliğatı isə iddia edir ki, iqtisadiyyat G7 ölkələrindən daha sürətlə inkişaf edir və müharibənin maliyyələşdirilməsi ilə bağlı heç bir problem yoxdur.
Ukrayna prezidenti Zelenskiyə qarşı Ağ Ev sahibinin (Trampın – red.) əsas arqumenti odur ki, Zelenskinin əlində “güclü bir kart yoxdur” və xarici, ilk növbədə ABŞ dəstəyi olmadan müharibəni davam etdirə bilməz, ona görə də reallığı qəbul etməlidir. Zelenski Tramp ilə görüşdən sonra ABŞ televiziyasına müsahibəsində deyib: “Bəli, bizim üçün çətindir, amma mən əsgərə hörmət edirəm və ona dayanmaq əmri verə bilmərəm”. Eyni zamanda, o, Ağ Evin danışıqları mətbuatın iştirakı ilə təşkil etməsindən narazılığını bildirib.
Moskva açıq şəkildə Tramp-Zelenski görüşünə “hazırlaşmışdı”. FTX (Federal Təhlükəsizlik Xidməti) kollegiyasının iclasında Prezident Putin xüsusi xidmət orqanlarına göstəriş verib ki, xarici kəşfiyyat xidmətlərinin Rusiya-ABŞ danışıqlarını pozmasına və ya əngəlləməsinə imkan verilməsin. Eyni zamanda, Moskva mövqeyini daha da sərtləşdirib və ultimatum xarakterli bəyanat verərək Ukraynaya heç bir ərazi güzəştinin edilməyəcəyini elan edib. Moskva həmçinin Avropa İttifaqının Ukrayna nizamlamasına qatılmasını və Avropa sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsini rədd edib.
Bu kontekstdə Zelenski və Tramp tərəfindən imzalanması nəzərdə tutulan nadir metallarla bağlı Ukrayna-ABŞ “razılaşması” hansı əhəmiyyətə malik ola bilərdi? Ukrayna prezidenti izah edib ki, Kiyev həmin razılaşmanı münaqişədən sonrakı dövr üçün təhlükəsizlik təminatlarının bir hissəsi kimi nəzərdən keçirir.
Belə çıxır ki, ABŞ prezidenti yalnız Vladimir Putinlə deyil, hətta Volodimir Zelenski ilə münasibətlərdə də hər şeyə qadir deyil. Moskva hazırkı təmas xətti boyunca atəşkəsin bərqərar edilməsini və digər məsələlərin gələcəyə saxlanılması ideyasını rədd edir. Kiyev isə əsas məsələnin atəşkəs yox, ərazilərin statusunun və təhlükəsizlik zəmanətlərinin həlli olduğunu bildirir və bu məsələlərin sonra müzakirə edilməsinə qarşı çıxır.
Tramp-Zelenski qarşıdurması və bunun ətrafındakı reaksiyalar bizim üçün, bəlkə də, yalnız “öyrədici əhəmiyyətə” malikdir. ABŞ prezidentinin belə hər şeyə qadir olmadığının bundan daha açıq nümunəsini təsəvvür etmək çətindir. Əgər belədirsə, deməli Rusiya prezidenti də hər şeyə qadir deyil.
Tramp-Zelenski münasibətlərinin pozulmasından sonra nə baş verəcəyini söyləmək çətindir. Problem daha çox ABŞ-Avropa münasibətləri müstəvisinə keçir. Türkiyə Avropa İttifaqı qarşısında güclü mövqe ortaya qoyur və etibarlılıq dərəcəsini artırır. Ermənistan-Azərbaycan sülh danışıqları dalan vəziyyətindən çıxacaq, yoxsa Paşinyan yenidən təxribata əl atacaq?
Asif Cəfərov
Ordu.az