Tramp “dünyanın yenidən bölüşdürülməsi mandatı”nı alıb? – ANALİZ

2025/02/1739864815.jpg
Oxunub: 1287     18:44     18 Fevral 2025    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münxen Təhlükəsizlik Konfransında Avropa ölkələrinin ünvanına tənqidlər səsləndirdiyi və köhnə dünyaya təhlükə kimi Rusiya və ya Çini deyil, demokratik dəyər sistemindən geri çəkilməni qəbul etdiyi bir vaxtda, planetin qaynar nöqtələrindən birində - ABŞ-nin nəzarətdə saxlamaq istədiyini ifadə etdiyi Qəzzada fələstinli “hansısa bir qrup” Ağ Evin “ağası”nın ultimatumunu yerinə yetirməkdən imtina edib və yanvarın 19-da İsraillə əldə olunmuş razılaşmada nəzərdə tutulduğu kimi, yalnız 3 girovu azad edib.

HƏMAS-ın hərbi qanadının sözçüsü daha əvvəl bildirib: “Trampın təhdidləri şardır”. İsrail mətbuatı acı bir şəkildə etiraf edir ki, azad edilən 3 girovdan biri Rusiya, digəri isə ABŞ vətəndaşıdır, Netanyahu isə əvəzində İsrail məhkəmələri tərəfindən uzun müddətə azadlıqdan məhrum edilmiş 300-dən çox yaraqlını geri qaytarmaq məcburiyyətindədir.

Üstəlik, HƏMAS girovları Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verir, fevralın 15-dəki mərasim isə sadəcə olaraq ABŞ prezidentinin istehzasına çevrilib, on minlərlə fələstinli rəqs ediblər, “Qəzza əhalisinin Qüdsə qayıtmaqdan başqa köçürüləsi yer yoxdur” kimi şürlar səsləndiriblər, “Əl-Əqsa məscidi namazımızı gözləyir” sözləri yazılmış plakatlar qaldırıblar.

İsrail KİV-ləri bildirir ki, fələstinlilər 2023-cü il 7 oktyabr hücumu zamanı dağıdılan yəhudi yaşayış məskənlərinin fotolarını nümayiş etdirərək, ABŞ prezidentinin Qəzzanı fəth etmək niyyətinə cavabın İsrail ərazisinə yeni bir təcavüz ola biləcəyinə açıq şəkildə eyham vurublar. Britaniyanın “Guardian” nəşri son dərəcə qeyri-müəyyən bir müşahidə aparıb ki, ABŞ-ın vitse-prezidenti Münxendəki çıxışında “Almaniya üçün Alternativ” partiyasına rəğbətini vurğulayıb.

Nəşrin müəllifi Almaniyanın bu partiyasına “köhnə nasist meydanında böyüyən” siyasi qüvvənin nüfuzunu aid edir. Britaniyalı şərhçinin sadəcə olaraq yüksək qavrayışa malik olub-olmadığını söyləmək çətindir. Amma Avropa liberalizminin və ümumi dəyərlər sisteminin tənqidi real siyasətə çevrilsə, Avropada “yatan vulkanları oyada” və ifrat millətçiliyi alovlandıra bilər. Digər tərəfdən, Trampın Yaxın Şərq ideologiyası İslam dünyasının radikallaşması və sivilizasiyalararası qarşıdurma təhlükəsi ilə doludur.

Qərb mənbələri Vaşinqtonun İsrailə bunker əleyhinə bombalar da daxil olmaqla, təxminən 7 milyard dollar dəyərində silah tədarük edəcəyini bildirir. Ekspertlər ABŞ-nin İsraili “İranın yeraltı nüvə obyektlərini vura biləcək” silahlarla təmin etdiyini irəli sürür. ABŞ prezidenti təbii olaraq açıq şəkildə bəyan edib ki, İranla “sənəd dilində” danışmağa üstünlük verir, amma bunu demək adətdir və düzgündür, siyasət sözlə deyil, konkret əməllərlə qiymətləndirilir.

ABŞ Konqresi İsrailə 7 milyard dollarlıq silah satışını təsdiqləyib. Bu kontekstdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha İslam dünyasını ABŞ-nin Qəzzanı ilhaq etmək planına qarşı birləşməyə çağırıb, xarici işlər naziri Hakan Fidan isə Qüdsün tam yəhudiləşmədən xilas edilməli olduğunu bəyan edərək, tempi daha da yüksəldib. Fidan eyni zamanda Qüdsün təkcə islam kimliyini deyil, həm də xristian kimliyini təhdid edən təhlükə haqqında həyəcan təbili çalıb.

Bəli, Tramp seçkidə qalib gəlib, lakin bundan belə çıxmır ki, o, “dünyanın yenidən bölüşdürülməsi mandatı”nı alıb, yaxud bəşəriyyətin və Yer planetinin taleyinə ABŞ qərar verir. Eyforiya eyforiyadır, amma Tramp səhranı cənnətə çevirən yəhudi köçkünləri tərifləyirsə, unutmamalıdır ki, Şimali Amerika da avropalı “müstəmləkəçilər” tərəfindən sivilləşdirilib.

Tramp bəlkə də həqiqətən böyük prezidentdir, bu, Konqresin aralıq seçkilərindən sonra aydın olacaq, amma ABŞ-nin Avropa demokratiyasının övladı olması danılmaz tarixi-siyasi reallıqdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Dünya   Mandat  


Bizi "telegram"da izləyin