Bu çılğın türklər: Türkiyə bütün Avropadan daha çox gəmi istehsal edir!

2025/02/1739601271.jpg
Oxunub: 1691     12:28     15 Fevral 2025    
Milli Aviadaşıyıcı Gəmi, TF-2000 Esminesi və Milli Sualtı Qayığın inşasına eyni vaxtda başlanılıb... Vaxtilə ABŞ və onun Avropalı müttəfiqlərindən asılı olan Ankara indi eyni vaxtda 31 döyüş gəmisi inşa edə bilir. Bu nöqtədə təkcə Türkiyə bütün Avropada istehsal olunanlardan daha çox hərbi gəmi inşa edir.

Türkiyədə son illərdə ən diqqət çəkən məsələlərdən biri dəniz platformaları üçün irəli sürülən baxış və buna uyğun olaraq izlənilən yol xəritəsidir. Müdafiə sənayesində aldığımız xoş xəbərlərin əksəriyyətinin “Mavi Vətən”lə (Türkiyədəki dənizlər) bağlı olması, şübhəsiz ki, təsadüfi deyil. Türkiyə Hərbi Dəniz Qüvvələrinin zamanla ayaqlaşan və hadisələri qabaqcadan görə bilən strukturu bu prosesdə aparıcı rol oynayır.

https://trthaberstatic.cdn.wp.trt.com.tr/resimler/2320000/mavi-vatan-donanma-askeri-gemi-2320995_1.jpg
Belə bir mühitdə müdafiə sənayesi baxımından yeni ilin ilk xəbəri gözlədiyimiz kimi dənizlərdən gəldi... Türkiyənin eyni vaxtda Milli Aviadaşıyıcı Gəmi, TF-2000 Esminesi və Milli Sualtı Qayıq istehsalına başladığı açıqlandı. Bu bəyanat yalnız dəniz qüvvələrinə aid edilməyəcək qədər kritikdir. Əslində o qədər dəyərlidir ki, son illərdə Türkiyə müdafiə sənayesi tarixində ən böyük qırılma nöqtələrindən biri ola bilər.

Təbii ki, hamısı təkcə bu üç layihə deyil. Həm hərbi, həm də özəl gəmiqayırma zavodlarında işlər qızğın şəkildə davam edir. Türkiyə hazırda öz imkanları ilə 31 döyüş gəmisi istehsal edə bilir. Bura Türkiyənin başqa ölkələrə ixrac edəcəyi gəmiləri də əlavə etdikdə, maraqlı mənzərə ortaya çıxır. Türkiyə hazırda təkbaşına bütün Avropa qitəsindən daha çox hərbi gəmi inşa edir.

Yaxşı, bütün bunlar nə deməkdir? Məsələn, Ankaraya aviadaşıyıcı gəmi lazımdırmı? TF-2000 esminesi hansı missiyaları yerinə yetirəcək? Yaxud Türkiyə milli imkanlarla sualtı qayıqlar istehsal edə bilməkdən nə qazanacaq? Bu sualların cavablarını və Türkiyə müdafiə sənayesinin gəldiyi məqamın mənasını müdafiə və dəniz mütəxəssisi Kozan Selçuk Erkan izah edib.


“Türkiyə çətin bir meydan oxumaya daxil oldu”

Erkan izaha 3 çox mühüm layihə üçün eyni vaxtda təməlqoyma mərasiminin keçirilməsinin vacibliyi ilə başlayır... Qeyd edir ki, bu, əslində Türkiyənin dizayn prosesində nə qədər irəlilədiyinin sübutudur.

Bir tərəfdən Gölcükdə milli sualtı qayığın təməlqoyma mərasiminin həyata keçirildiyini, digər tərəfdən isə “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığında TF-2000 Hava Hücumundan Müdafiə (HHM) Esminesinin və aviadaşıyıcı gəminin başlanmasının normal şəraitdə çox çətin meydan oxuma olduğunu vurğulayır.

TF-2000 və Milli Sualtı Qayıq layihələri üçün artıq fəaliyyət gözlənilirdi. Bir müddətdir aviadaşıyıcı gəmi haqqında danışılırdı. Lakin təməlqoyma mərasimi Erkanı da təəccübləndirib.


“Gəmilərlə birlikdə lazım olan alt sistemlər də istehsal olunur”

Təbii ki, gəmilərin inşa prosesi vacibdir. Ancaq Erkan çox qiymətli bir detala diqqət çəkir. Belə bir məlumatı paylaşır ki, bu tip gəmilər inşa edilən zaman onların alt sistemləri də çatdırılma tarixinə qədər tamamlanmalıdır.

Yəni daha aydın ifadə etsək, məsələn, TF-2000 Esminesi inşa edilərkən, çoxməqsədli AESA radarlarının tamamlanmasının zəruriliyindən danışır. Türkiyənin ilk dəfə belə bir radar istehsal edəcəyini də vurğulayır.

Aviadaşıyıcı gəmi üçün də oxşar ssenari mövcuddur. Gəmi gəmiqayırma zavodunda inşa edilərkən və sınaqdan keçirilərkən, arxa planda bu gəmidə istifadə olunacaq hava platformalarının tamamlanması üçün də intensiv səy tələb olunur.

Milli sualtı qayıq üçün də işlər fərqli deyil... Bu platformanın inşası davam edərkən, yüksək yerli sistemlərin, çox təkmil sensorların və hətta Türkiyənin ilk qanadlı raketinin inteqrasiyası istiqamətində işlər görülməlidir.

Təbii ki, bu cür layihələr əslində alt sistemlərin eyni vaxtda istehsalını zəruri edir və təbii olaraq bütün müdafiə sənayesi sektoruna birbaşa təsir göstərir. Erkan bu vəziyyəti belə izah edir: “Onsuz da dünyanın 10 ən böyük donanmasından biri idik. İndi keyfiyyət baxımından bu siyahının zirvəsinə qalxacağıq”.


Hansı layihə nə işə yarayacaq?

Erkandan mövzu ilə tanış olmayanlar üçün qısa məlumat verməsi və sözügedən 3 böyük layihənin hansı vəzifələri yerinə yetirəcəyini izah etməsi istənilir. Müdafiə və dəniz mütəxəssisi belə cavab verir:

“Adından da göründüyü kimi, TF-2000 HHM Esminesi əsas məqsədi havadan gələn təhdidlərə qarşı həllər istehsal etmək olan bir platformadır. Onun üzərində çox güclü radarlar olacaq. O, uzaq məsafələrdən potensial təhlükələri aşkar edəcək. Milli imkanlarla istehsal olunan uzun mənzilli HHM raketlərini daşıyacaq və riskləri onlarla neytrallaşdıracaq. “Mavi Vətən”in müdafiəsində ən güclü alətlərdən biri olacaq.

Milli Sualtı Qayıqla indiki sualtı qayıqlarımızdan daha böyük, daha uzun mənzilə malik və daha çox sensor ehtiva edən platformaya sahib olacağıq. Daha da önəmlisi, bu sualtı qayığın “Gezgin” qanadlı raketini buraxa biləcəyi gözlənilir. Bu, çox dəyərlidir. Bundan əlavə, yeni sualtı qayığımız havadan asılı olmayan hərəkət sisteminə sahib olacaq və beləliklə, daha uzun müddət su altında qala biləcək.

Türkiyənin aviadaşıyıcı gəmisi isə gələcəkdə ən çox danışacağımız layihələrdən biridir, dünyada mövcud olan aviadaşıyıcı gəmilərdən fərqli olaraq, üzərində təkcə pilotlu təyyarələr deyil, həm də bir çox təkmil insansız platformalar yer alacaq. Bəlkə də bu, hibrid strukturdan istifadə edilməklə inşa edilən ilk aviadaşıyıcı gəmi olacaq”.


Türkiyəyə aviadaşıyıcı gəmi lazımdırmı?

Əslində bu sual təkcə aviadaşıyıcı gəmilər üçün deyil, digər platformalar üçün də tez-tez veriləcək. Erkan cavabına bu cümlə ilə başlayır: “Türkiyə artıq öz qabına və sərhədlərinə sığmayan bir ölkədir”.

O qeyd edir ki, Türkiyə qlobal oyunçu olmaq istəyirsə, ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) güc proyeksiya qabiliyyəti də qlobal olmalıdır: “Bundan sonra yalnız öz sahillərimizi və ya yalnız Aralıq dənizini, Qara dənizi düşünməkdənsə, hədəfimiz olaraq çox daha uzaqları görməliyik”.

Erkan sözlərini belə yekunlaşdırır:

“Bu yol xəritəsinin həyata keçirilməsində atılacaq ən mühüm addım Türkiyənin aviadaşıyıcı gəmisi olacaq. Bir neçə TB-2 ilə Liviya və Efiopiyada oyunu və hadisələrin gedişatını necə dəyişdirdiyimizi xatırlayaq. İndi biz daha güclü birləşmiş döyüş qüvvələrinə nail olmaq üçün ilk addımı atmışıq. Bunun sahəyə necə təsir edəcəyini düşünün...

Bunlar mütləq ərazi qazancı axtarışı və ya başqasının hüquqlarını qəsb etmək olmayacaq. Bütün dünyada ölkəmizin xeyrinə bazarlıq gücümüzü artıracaq elementlər olacaq.


Əsasən 3 əsas layihədən danışdıq, lakin Türkiyə hazırda eyni vaxtda 31 döyüş gəmisi istehsal edir. Bu, heyrətamiz rəqəmdir. Xaricə ixrac üçün inşa edilən gəmiləri də daxil etsək, biz bütün Avropa qitəsindən daha çox hərbi gəmi inşa edirik.

İşin başqa bir tərəfi odur ki, biz buna təkcə hərbi gəmiqayırma zavodlarımızla deyil, mülki gəmiqayırma zavodlarımızın istehsal etdiyi gəmilərlə də öz töhfəmizi veririk. Ekosistem yaratmaqda çox yaxşıyıq. Təkcə silahlar, sensorlar və radioelektron sxemlər istehsal etmirik, digər qiymətli alt sistemləri də özümüz həyata keçirə bilərik.

Önümüzdəki dövrdə bu dəyərli layihələrdə qətiyyətlə davam edərkən, insansız dəniz sistemlərini daha güclü şəkildə bu bərabərliyə əlavə etmək üçün əlimizdən gələni etməliyik. Türkiyənin həm HDQ-si, həm də milli müdafiə sənayesi baxımından tarix yazdığı bir dövrdən keçirik. Ümid edirəm ki, prosesi düzgün bir yol xəritəsi ilə taclandıracağıq və qeyd etdiyimiz layihələrin inventara daxil olduğu günləri görəcəyik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Milli-Aviadaşıyıcı-Gəmi  


Bizi "telegram"da izləyin