Akyol ilk dəfə 30 yeni məhsul üzrə ixrac müqaviləsi imzaladıqlarını, ixrac etdikləri ölkə sayının 92-yə çatdığını, 29 yeni məhsulu ilk dəfə istifadəçilərə çatdırdıqlarını, 106 məhsulu milliləşdirdiklərini qeyd edib. Akyol “Defense News Top 100” siyahısında yer alan şirkətlər arasında dünyanın ən sürətlə böyüyən 10 müdafiə şirkətindən biri olduqlarının da vurğulayıb.
Hava Hücumundan Müdafiə (HHM) Tədarükləri
Akyol 2024-cü ildə “Siper Ürün-1”in ilk tədarüklərinin həyata keçirildiyini, “Korkut” və “Hisar” HHM sistemlərində kütləvi istehsal çərçivəsində yeni batareyaların təhvil verdildiyini, “Gökdeniz”in yeni ixracat müqavilələrinin imzalandığını, “Gürz” Hibrid Yaxın HHM Sistemində kütləvi istehsal hazırlıqlarının başladığını, “Siper Ürün-2” və “Hisar D” raket atışlarının icra edildiyini bildirib.
O, həmçinin vurğulayıb ki, “İhtar” Pilotsuz Uçuş Aparatı Bloklama Sistemlərinin kritik obyektlərdə quraşdırılması davam edir.
Akyolun HHM ilə bağlı açıqlamalarında diqqəti çəkən məqamlardan biri də “Korkut” C-RAM-ın (“Counter-Rocket, Artillery, Mortar”/ Raket, Top, Minaatan Bloklaması) uğurlu atışlar etməsi olub. Sistem tətbiq olunduğu zaman Türkiyə İsrail kimi çox qısa məsafələrdən atılan və hədəfə çox qısa zamanda çatan təhlükələrin qarşısını almaq imkanı əldə edəcək.
“Tolun” inventardadır
Akyol qeyd edib: “Eyni anda 8 hədəfə qədər atış icra edə bilən “Tolun” İdarəolunan Sursatımız qəhrəman ordumuzun inventarına daxil olub”. ASELSAN-ın Baş direktoru bu açıqlaması ilə “Tolun” tədarüklərinin başladığını ilk dəfə elan edib.
“Tolun” Türkiyə Hərbi Hava Qüvvələrinin SEAD/DEAD (HHM Sistemlərinə Təzyiq Göstərilməsi/HHM Sistemlərinin Məhv Edilməsi) qabiliyyətini çox daha yüksək səviyyəyə çıxaracaq bir məhsuldur. F-16 8 “Tolun” daşıya bilər və bu sayədə bir uçuşda 8 fərqli hədəfə hücum edə bilər. 100 km məsafəyə çatan “Tolun” qalınlığı 1 metrə qədər olan betonu dələ bilir. “Akıncı”, “Anka-3” və “Kızılelma” da “Tolun”u daşıyır/daşıyacaq.
Yeni Radioelektron Mübarizə (REM) Sistemləri
Akyol bildirib ki, düşmən rabitəsini aşkar etmək, diaqnostika etmək və izləmək üçün istifadə edilən yeni nəsil PUHU 3-LT REM sisteminin ilk tədarükü həyata keçirilib. O, hava platformalarına taxılaraq, düşmənin rabitəsini dinləyən və pozan ANTIDOT 3-U podunun ilk tədarükünün həyata keçirildiyini vurğulayıb.
ASELSAN-ın Baş direktoru deyib ki, düşmənin HHM sistemlərinin radarlarını aşkarlayan və qarışdıran ANTIDOT 2-U “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatına (PUA) inteqrasiya edilib. O, həmçinin hələlik xüsusiyyətləri məlum olmayan “Gergedan” 4-U REM Sisteminin PUA-ya inteqrasiya edilərək təhvil verildiyini bildirib.
Yeni İnsansız Dəniz Platforması (İDP) tədarükləri
Akyol “Marlin”dən sonra “Albatros-S” Sürü İDP-si və “Albatros” Kamikadze İDP-sinin 2024-cü ildə Türkiyə Silahlı Qüvvələrinə təhvil verildiyini ilk dəfə açıqlayıb. ASELSAN və “Baykar” 2023-cü ilin oktyabr ayında PUA-İDP birgə əməliyyatını sınayıb, “Albatros” sürüsünü “Bayraktar TB2” tərəfindən aşkar edilən hədəfə istiqamətləndirib və hədəfi partladıb.
Bu məhsulların hazırda Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarında olması mühüm nailiyyətdir.
Dəyanət Ağalarlı
Ordu.az