Nüvə sualtı qayığı xərclərində ilk 5 ölkə – HESABAT

2025/01/1736854790.jpg
Oxunub: 507     13:21     15 Yanvar 2025    
“GlobalData”nın 2024-2034-cü illər üçün Qlobal Sualtı Qayıq Bazarı Proqnozu hesabatına görə, 2024-cü ildə 37,3 milyard dollar dəyərində olan qlobal sualtı qayıq bazarının proqnoz dövründə illik 4,4 faiz böyüməsi gözlənilir.

Bazarın 2034-cü ilə qədər 57,5 milyard dollara çatacağı və gələcək illərdə davamlı böyümənin şahidi olacağı gözlənilir. Xərclər ölkə üzrə araşdırıldıqda, beş ölkənin yaxın onillikdə nüvə enerjisi ilə işləyən sualtı qayıqlar üzrə xərclərdə lider olacağı və bu ölkələrin hamısının və ya bəzilərinin Hind-Sakit okean regionunda yerləşdiyi proqnozlaşdırılır.

Avstraliya

“GlobalData” təhlilinə görə, Avstraliyanın Böyük Britaniya və ABŞ-nin müdafiə sənayelərinə milyardlarla dollar sərmayə qoyduğu AUKUS-a çəkdiyi xərc 2024-cü ildə təxminən 3,6 milyard dollardan 2034-cü ildə 6,4 milyard dollara yüksələcək.

Ümumilikdə Avstraliya növbəti on il ərzində nüvə sualtı qayıqlarının alınmasına 52,8 milyard dollar xərcləyəcək.

Çin


Çinin müdafiə xərcləri Pekinin çoxqütblü dünya nizamı yaratmaq və ABŞ-nin son nəsildəki hökmranlığını balanslaşdırmaq məqsədilə qlobal təhlükəsizliyi yenidən formalaşdırır. Təhlillərə görə, PLAN dünyanın ən böyük donanmasına malikdir.

Ölkənin müdafiə xərcləri 2019-23-cü illərdə 7,5% CAGR qeyd edərək, 2023-cü ildə 230,3 milyard dollara çatıb və 2028-ci ildə 6,6% CAGR ilə 323,7 milyard dollara çatacağı təxmin edilir. Çin Milli Müdafiə Nazirliyinin 2024-28-ci illər arasında hərbi təchizat tədarükü və silahlı qüvvələrinin modernləşdirilməsinə 1,4 trilyon dollar xərcləyəcəyi gözlənilir.

Bunun 36,6 milyard dollardan çoxu SSN və SSBN alışına ayrılacaq. 2024-cü ildə 2,6 milyard dollar olacaq illik xərclərin 2034-cü ildə 4,3 milyard dolları keçəcəyi təxmin edilir.

Hindistan


Təhlillər göstərir ki, Hindistan növbəti on il ərzində müxtəlif növ sualtı qayıqların alınmasına təxminən 31,6 milyard dollar xərcləyəcək. Bunun 30,5 faizi eyni dövrdə Layihə 75-“Alpha” SSN-lərin tədarükünə yönəldiləcək və Hindistanın bu proqram çərçivəsində təxmini dəyəri 17 milyard dollar olan ümumilikdə 6 SSN alacağı gözlənilir.

Rusiya


Güman edilir ki, Rusiya iqtisadiyyatının 40%-i indi bilavasitə müdafiə məsələlərinə yönəlib, çünki Moskva öz sərhədləri ətrafında keçmiş təsir sahələrini bərpa etməyə çalışır. Ukraynaya müdaxilədən əvvəlki 2022 büdcələri göstərir ki, ölkənin müdafiə büdcəsinin həmin il 43,1 milyard dollar olması planlaşdırılırdı və 2023-cü ildə 41,2 milyard dollara endirilməsi gözlənilirdi, bundan sonra isə nisbətən sabit qalaraq, 2027-ci ildə 44,1 milyard dollara çatacaq.

2024-cü ilin məlumatlarına görə, Moskvanın yaxın onillikdə büdcəsinin böyük hissəsini təşkil edən sualtı qayıqların tədarükünə təxminən 35,5 milyard dollar xərcləyəcəyi təxmin edilir.

ABŞ


ABŞ-nin müdafiə büdcəsinin nəhəng strukturu çox az sayda başqa ölkənin edə biləcəyi miqyasda xərcləməyə imkan verir. Təhlillər göstərir ki, 2022-ci ildə 739,5 milyard dollar olan ABŞ-nin müdafiə büdcəsi 2024-cü ildə 10,7 faiz artaraq, 895,8 milyard dollara çatacaq.

Rusiyanın Ukraynaya müdaxiləsi və Çinin Qərbi Sakit okeanı ABŞ-dən qoparmaq istəyi Vaşinqtonun strateji SSN və SSBN imkanlarına meyl etməsi deməkdir, sonuncu həm də ölkənin nüvə üçlüyünün daha geniş kapitallaşdırılmasının bir hissəsidir. Vaşinqtonun növbəti on il ərzində nüvə sualtı qayıqlarının alınmasına 213,9 milyard dollar xərcləyəcəyi təxmin edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nüvə   HDQ   Hesabat  


Bizi "telegram"da izləyin