2024-cü ildə Türkiyədə müdafiə sənayesində tarix yazacaq bir çox mühüm inkişaflar olub. Bu inkişaflardan biri də PUA sahəsində olub. Türkiyə son illərdəki uğurlu performansı ilə dünyanın ən böyük müşahidə və zərbə tipli PUA tədarükçüsünə çevrilib.
ABŞ-də yerləşən CNAS təşkilatının hesabatına görə, Çin, Türkiyə və ABŞ 2018-ci ildən etibarən 40 müxtəlif ölkəyə ümumilikdə 69 silahlı hərbi PUA satıb. Bu satışların 65 faizini Türkiyə reallaşdırdığı halda, Çin 26 faiz, ABŞ isə cəmi 8 faizini həyata keçirə bilib.
TB3 dünya zərbə PUA-sı tarixinə adını yazdırıb
Müşahidə və zərbə tipli PUA sahəsindəki digər mühüm inkişaf isə “Bayraktar TB3” zərbə PUA-sının qısa uçuş-enmə zolağına malik gəmidən enmə və qalxma icra etməyi bacaran ilk PUA olaraq dünya aviasiya tarixinə adını yazdırması olub.
Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən milli imkanlarla inkişaf etdirilən delta qanad quruluşuna malik “Anka III” ilk ictimai uçuşunu TEKNOFEST Adanada edib. “Anka III” iştirakçılar tərəfindən böyük maraqla izlənilib.
“Türkiyənin ilk milli zərbə PUA-sı” və “ən çox ölkənin üstünlük verdiyi zərbə PUA-sı” titullarına sahib olan “Bayraktar TB2” bu il uğurlarına bir yenisini əlavə edib. “Bayraktar TB2” 2024-cü ildə 1 milyon uçuş saatını keçərək, yeni rekord qırıb.
2024-cü il TUSAŞ tərəfindən hazırlanmış reaktiv mühərrikli təlim təyyarəsi “Hürjet” üçün də çox aktiv keçib. Avqust ayında 100-cü sınaq uçuşunu uğurla həyata keçirən “Hürjet” sentyabr ayında keçirilən Beynəlxalq Misir Aviasiya Sərgisi çərçivəsində ölkənin ən əhəmiyyətli tarixi simvollarından olan piramidaların üzərindən uçub.
“Kaan” ilk uçuşunu həyata keçirib
2024-cü il Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi “Kaan” üçün mühüm mərhələlərdən birinin keçdiyi il olaraq qeydə alınıb. Milli döyüş təyyarəsi 2024-cü ildə ilk uçuşunu edib və səmada görünüb. “Kaan” layihəsi sayəsində Türkiyə döyüş təyyarələrinin dizaynı və istehsalında dünyanın qabaqcıl ölkələrindən biri olmaq yolunda mühüm addım atır.
“Kaan” Türkiyəni dünyada 5-ci nəsil təyyarə istehsal edə bilən azsaylı ölkələr sırasına daxil edəcək. “Kaan”ın 2028-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil olacağı gözlənilir.
“Kızılelma” və “Anka III”ə gücünü verəcək TF6000 ilk dəfə işə salınıb
2024-cü il müdafiə sənayesində yerliləşdirmənin ən mühüm addımlarından biri olan yerli mühərrik işləri üçün çox mühüm bir inkişafa şahid olub.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) himayəsində başladılan və “TUSAŞ Motor Sanayi AŞ”nin (TEI) məsuliyyəti altında həyata keçirilən layihə çərçivəsində Türkiyənin ilk hərbi turbofan mühərriki TF6000 uğurla işə salınıb. TF6000 Layihəsi ilə Türkiyə ilk dəfə hərbi turbofan təyyarə mühərrikini işə salıb. Sınaq prosesinin sonunda “Kızılelma” və “Anka III” güclərini TF6000-dən alacaq.
Müdafiə sənayesi ixracatında rekord qırılıb
2024-cü il Türkiyə müdafiə sənayesinin ixracat rəqəmləri baxımından rekordlarla dolu bir il olaraq diqqət çəkib. Müdafiə və aviasiya sənayesi məhsulları ixracatı 11 aylıq dövrdə 5 milyard 761 milyon dollara yüksələrək, yeni rekorda imza atıb. Müdafiə sənayesinin ixracatı son 12 ayda 18,4 faiz artımla 6 milyard 479 milyon dollara çatıb.
Digər tərəfdən, ixracatda yeni bir müvəffəqiyyət ilin son ayında baş verib. Türkiyə ilə İspaniya arasında Reaktiv Təlim Təyyarə Layihəsi üzrə əməkdaşlığın əsasını təşkil edəcək anlaşma memorandumu Türkiyə MSK ilə İspaniya Müdafiə Nazirliyi arasında imzalanıb.
Türkiyənin müdafiə sənayesinin nəhənglərindən olan ASELSAN-dan ilin son günlərində daha bir mühüm ixrac xəbəri gəlib. ASELSAN quru silah sistemlərinin birbaşa satışı üçün Avropa İttifaqında yerləşən bir müştəri ilə ümumi dəyəri 50,8 milyon avro olan ixrac müqaviləsi imzalayıb.
İlk 100-ə Türkiyənin 3 şirkəti adını yazdırıb
Ötən il Türkiyənin müdafiə sənayesi şirkətləri dünyada ən çox silah və hərbi xidmət satan ilk 100 müdafiə sənayesi şirkəti siyahısına daxil olmağı bacarıb. Siyahıda ASELSAN 54-cü, “Baykar” 69-cu, TUSAŞ isə 78-ci yerdə qərarlaşıb. Türkiyə şirkətlərinin ümumi gəlirləri ötən il 2022-ci ilə nisbətən 24 faiz artaraq, 6 milyard dollara çatıb.
SAHA EXPO 2024-də 6,2 milyard dollarlıq müqavilə imzalanıb
Bu il müdafiə sənayesi sərgiləri də iştirakçıların böyük marağına səbəb olub. Adanada təşkil edilən Aviasiya, Kosmos və Texnologiya Festivalı TEKNOFEST 1 milyon 100 min ziyarətçiyə ev sahibliyi edib. TEKNOFEST-dən sonra keçirilən SAHA EXPO 2024 də iştirakçıların böyük marağına səbəb olub. SAHA EXPO 2024 sərgisində keçirilən 133 imzalanma mərasimində 4,6 milyard dolları ixracat olmaqla, ümumilikdə 6,2 milyard dollarlıq müqavilə imzalanaraq, iqtisadiyyata böyük bir töhfə verilib.
2024-cü ildə “Kompüter Dəstəkli Komanda Yeri” və “Faktiki Atışlı Ərazi Mərhələsi” olmaqla, iki mərhələdə həyata keçirilən EFES-2024 təlimi də uğurla həyata keçirilib.
“Çelik Kubbe”nin çəkindirici gücü “Siper Ürün-1” inventara daxil olub
ASELSAN, ROKETSAN və TÜBİTAK-SAGE arasında əməkdaşlıq çərçivəsində Türkiyə MSK-nin koordinasiyasında inkişaf etdirilən “Siper” sistemində Türkiyənin HHM sistemi “Çelik Kubbe”nin çəkindirici gücü uzun mənzilli regional HHM sistemi “Siper Ürün-1”in Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olması ilin ən əhəmiyyətli inkişaflarından biri olub.
HHM sahəsindəki inkişaflarla yanaşı, dənizlərin təhlükəsizliyində də mühüm irəliləyişlər olub. Türkiyə müdafiə sənayesi daha 4 üstün xüsusiyyətlərə malik gəmini Türkiyə Silahlı Qüvvələrinə təhvil verib. TCG “Derya”, TCG “İstanbul”, TCG “Arif Ekmekçi” gəmilərinin və “Marlin” silahlı insansız dəniz platformasının istifadəyə verilməsi ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin çəkindiriciliyə böyük töhfə verilib.
Selçuk Bayraktar vergi rekordçusu olub
Müdafiə sənayesi bu il açıqlanan 2023-cü ilin vergi rekordçuları siyahısına bir daha damğasını vurub. Türkiyənin 2023-cü ilin gəlir vergisi rekordçusu “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar, ikinci yerdə Haluk Bayraktar, üçüncü yerdə isə Mustafa Rahmi Koç olub.
Selçuk və Haluk Bayraktar 2021-ci ildən 2023-cü ilə qədər ardıcıl olaraq ən çox gəlir vergisi ödəyən şəxslər olarkən, 2021-ci ildən etibarən ödədikləri vergi məbləğində təxminən 12 qat artım olub.
Sevinc Əliyeva
Ordu.az