Putinin bu çağırışı Qərb mətbuatında “Oreşnik” raketinin həqiqi qabiliyyəti ilə bağlı çoxsaylı nəşrlərdən sonra ortaya çıxıb. Ekspertlər Rusiyanın bu cür silahların kifayət qədər olub-olmamasına da şübhə edirlər. Güc mərkəzlərinin müqavimətinin tərkib hissələrindən biri də təbliğat müharibəsidir. Qərb hərbi ekspertlərinin “Oreşnik”lə bağlı skeptisizminin dəqiq məlumatlara əsaslandığına heç kim zəmanət verə bilməz.
Silahın üstün və ya mənfi cəhətləri döyüş meydanında sınaqdan keçirilir. Amma Putinin son dərəcə riskli açıqlamasından cəmi üç gün sonra, dekabrın 21-də saat 07:00-09:00 arasında Tatarıstanın paytaxtı Kazana üç istiqamətdən “təyyarə tipli Pilotsuz Uçuş Aparatları (PUA)” tərəfindən üç dəfə hücum edilib. Muxtar respublika başçısının aparatından mətbuata verilən məlumata görə, 1 PUA sənaye müəssisəsinə zərbə endirib, 1-i çaya düşüb, 6-sı isə yaşayış məntəqələrini vurub.
Digər mənbələr Kazanda əhalinin qismən köçürülməsinin həyata keçirildiyini bildirir. Anlaşıldığına görə, söhbət hərbi sənaye müəssisələrinin yaxınlığında yerləşən ərazilərdən mülki əhalinin təxliyəsindən gedir. “Rosaviasiya” Kazan və İjevsk hava limanlarının müvəqqəti bağlandığını elan edib. PUA-ların İjevskə hücumu barədə məlumat yoxdur.
Udmurtiyanın paytaxtı Kazandan düz xətt üzrə 270 kilometrdən çox uzaqda deyil. Açıq mənbələrə görə, İjevskdə hərbi-sənaye kompleksinin onlarla iri müəssisəsi var. “Müharibənin Tədqiqi İnstitutu”nun məlumatına görə, ötən həftə Ukrayna tərəfi ilk dəfə olaraq cəbhənin bir hissəsində “Ukraynada layihələndirilən və istehsal olunan robot-pulemyotçulardan və uzaqdan idarə olunan minalardan təmizləmə texnikasından” istifadə edib.
Düzdür, bu, “sınaq xarakterli döyüş” idi. Ukrayna ordusunun sıravi əsgəri “rusların panikaya düşdüyünü” deyib. Rusiyanın hərbi sənaye kompleksi ilə müqayisədə, təbii ki, Ukraynanın yenilikləri ruhlandırıcı deyil. Amma bu bir həqiqətdir ki, dekabrın 21-də səhər tezdən Ukraynaya məxsus 8 təyyarə tipli PUA Rusiyanın hava və raketdən müdafiə sistemlərini aşıb, Kazanda hədəfləri vurub.
Üstəlik, hətta Rusiyanın rəsmi mənbələri də ən azı bir PUA-nın “sənaye müəssisəsi”ni vurduğunu etiraf edib. Digər hallarda Rusiya Müdafiə Nazirliyi dəymiş ziyanı “vurulan PUA-nın dağıntılarının nəticəsi” hesab edib. Bu dəfə belə bir “əsaslandırma” təqdim edilməyib. Bu o deməkdir ki, Hava Hücumundan Müdafiə (HHM) sistemi işləməyib. Başqa sözlə, Ukrayna PUA-ları Rusiya HHM sisteminin məkan müəyyənləşdirici cihazları tərəfindən aşkar edilməyib.
Əks halda, ehtimalı demək olar ki, HHM sistemi işləməyib. Bunun mümkünlüyü demək olar sıfırdır. Ukrayna tərəfinin son hərəkətlərində Rusiyanın islam muxtariyyətlərini hədəfə almaq tendensiyası müşahidə olunur. Noyabrın əvvəlində BRİKS sammiti ərəfəsində də Kazanda “fövqəladə vəziyyət” elan edilib. Son iki ayda üçüncü dəfə Çeçenistanın paytaxtı Qroznı, demək olar ki, eyni vaxtda Dağıstanın Kaspiysk şəhəri PUA-ların hücumuna məruz qalıb.
Qaraçay-Çərkəz mütəmadi olaraq hücumlara məruz qalır. Dekabrın 21-də Udmurtiyada da həyəcan siqnalı çalınıb. Bundan belə çıxmırmı ki, Rusiyaya kütləvi zərbələr halında sözügedən ərazilərin “üsyan edə biləcəyi” barədə xəbərdarlıq edilir?
Firuz Bağırov
Ordu.az