Makrona Paşinyan, yoxsa Fransadakı siyasi böhran daha çox maraqlıdır? – ANALİZ

2024/12/1735108459.jpg
Oxunub: 678     16:40     28 Dekabr 2024    
Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronu ad günü münasibətilə təbrik edib və onun Ermənistan-Fransa münasibətlərinin dərinləşməsində şəxsi rolunu qeyd edib.

Paşinyan təbrik mesajında gələn il, 2025-ci ildə Makronu Ermənistanda qəbul edəcəyini gözlədiyini bildirib. Bu, bir qədər gülünc haldır, bunu anlamaq üçün müəyyən tarixi-siyasi “ekskursiya” etməyə dəyər. Xüsusilə, Ermənistan müstəqillik əldə etdikdən sonra demək olar bütün Fransa prezidentləri İrəvana dövlət səfəri ediblər ki, bu da dövlətlərarası yüksək səviyyəli səfərlərin ən yüksək səviyyəsidir və səfər zamanı səfərin siyasi məzmununa xüsusi önəm verilir.

Yalnız 1971-1995-ci illərdə Fransa prezidenti olmuş Fransua Mitteran Ermənistana səfər etməyib. Yəni onun səlahiyyət müddətinə SSRİ-dən çıxan Ermənistanın ilk 4 ili daxildir və ola bilsin ki, Mitteranın Ermənistana getməməsinə məhz bu hal səbəb olub. Ondan sonra gələn digər üç prezident - Jak Şirak, Nikola Sarkozi və Fransua Olland prezidentlikləri dövründə müvafiq olaraq 2006, 2011 və 2014-cü illərdə Ermənistana səfər ediblər.

2017-ci ildən prezident olan Makron prezident olduğu 7 il ərzində Ermənistana dövlət, hətta rəsmi səfər də etməyib. Yalnız 2018-ci ildə işgüzar səfər olub, bu, İrəvanda keçirilən Frankofoniya sammiti ilə bağlı olub və bununla bağlı qərar bir neçə il əvvəl verilib. Görünür, Fransa prezidenti bunun yetərli olduğunu düşünüb.

Ancaq həmin səfər rəsmi və hətta daha çox dövlət səfərlərindən tamamilə fərqli siyasi məzmuna və protokol simvolikasına malikdir, deyilmi? Yoxsa 2020-ci ilin 44 günlük müharibəsi Makronun daha yüksək səviyyəli səfərinə təsir edib? Digər tərəfdən, müharibədən dərhal sonra Fransa prezidentinin Ermənistana səfər edəcəyi barədə mütəmadi xəbərlər yayılırdı.

2021-ci ildə Fransanın Ermənistandakı səfiri Conatan Lakot müsahibələrinin birində demişdi ki, Fransa prezidenti regional səfər, o cümlədən Bakıya səfər imkanı olarsa, Ermənistana səfər edəcək. 2022-ci ildə Fransa ilə Azərbaycan arasında münasibətlər qismən də olsa yaxşı idi. Üstəlik, Makron hələ 2021-ci ilin dekabrında Azərbaycan-Ermənistan prosesində birbaşa iştirak edib, dekabrın 15-də Brüsseldə Prezident İlham Əliyev və Paşinyanla görüşüb.

Üstəlik, ilk İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan görüşü bundan bir gün əvvəl baş tutub. 2022-ci il oktyabrın 6-da Praqada məşhur İlham Əliyev-Makron-Mişel-Paşinyan görüşü baş tutub. Lakin 2023-cü ildən rəsmi Parisin İrəvana açıq-aşkar hərbi dəstəyi fonunda Fransa-Azərbaycan münasibətləri gərginləşməyə başlayıb. 2024-cü il ərzində bir neçə dəfə Makronun Ermənistana səfər edəcəyi barədə danışıq səviyyəsində məlumat yayılıb.

Sonuncu belə söhbət 21 sentyabr Ermənistanın müstəqillik günü ərəfəsində olub. Lakin Makronun səfəri 2024-cü ildə də baş tutmayıb. İndi Paşinyan özünü gülünc vəziyyətinə salaraq, onu 2025-ci ildə də gözlədiyini bildirir. Bu gözlənti özünü doğruldacaqmı və ona qədər Fransada vəziyyət necə olacaq? Makrona Paşinyan, yoxsa Fransadakı siyasi böhran daha çox maraqlıdır?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Paşinyan   Fransa  


Bizi "telegram"da izləyin