Türkiyə Suriyanın unitar dövlətçiliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə edir və terrorla mübarizəni davam etdirmək əzmindədir. Blinken-Fidan danışıqlarının mürəkkəbliyini Türkiyə tərəfinin “bir terror təşkilatına qarşı digərinə dəstək verməklə mübarizə aparmaq mümkün deyil” mövqeyi ilə də güman etmək olar. Deyilənlər “tərcümə”də o deməkdir ki, Ankara Vaşinqtonun İŞİD-in yenidən təşkilinin qarşısını almaq üçün Suriyanın şimal-şərq regionunda YPG ilə əməkdaşlıq etməsi ilə bağlı izahatını qəbul etmir.
Türkiyə həm İŞİD-i, həm də YPG-ni terrorçu kimi tanıyır. ABŞ dövlət katibi deyib ki, Vaşinqton Türkiyənin PKK ilə bağlı narahatlığını bölüşür, lakin Suriyada silahlı qarşıdurmanı qəbuledilməz hesab edir. Bu da öz növbəsində ABŞ-nin Türkiyənin YPG-yə qarşı mübarizəsinin əleyhinə olması deməkdir. Mətbuat konfransının sonunda Türkiyənin xarici işlər naziri Blinkenin dövlət katibi statusunda sonuncu dəfə Ankaraya gəldiyini deyib, ona ötən müddətdə birgə fəaliyyətinə görə təşəkkür edib, yeni işlərində uğurlar arzulayıb.
Demokrat administrasiyasının səlahiyyət müddətinə bir ay qaldığı bir şəraitdə ABŞ və Türkiyə arasında konkret razılaşmalar əldə oluna bilmədi. ABŞ-nin yeni seçilmiş prezidentinin Yaxın Şərq siyasəti ilə bağlı proqnozlar müxtəlifdir, bəzən diametrik olaraq əksdir. Məsələ ondan ibarətdir ki, Vaşinqton Suriyada millətlərarası və ya dinlərarası münaqişələrin qarşısını almaqda nə dərəcədə bacarıqlıdır və ya maraqlıdır? Təhlükəsizlik zonasının 5 milyon sakini var, onlardan 70 mini silahlıdır. Onların vahid komandanlığa tabe edildiyi, yoxsa klan təşkilatlanması prinsipi ilə fəaliyyət göstərdiyi məlum deyil.
Dəməşqdə qurulan keçid hökumətinin gələn ilin mart ayının əvvəlinə qədər sağ qalıb-qalmayacağına, yaxud bu müddət ərzində Suriyada hakimiyyətin təşkil edilməsinin inklüziv sistemini hazırlamağın və seçkilərlə bağlı konsensusa nail olmağın mümkün olub-olmayacağına heç kim təminat vermir. Həddindən artıq kövrək və hər an partlaya biləcək bir vəziyyətdə ABŞ, görünür, “alova yağ tökmək” qərarına gəlib.
Digər tərəfdən, etnik druzların yaşadığı kənd və şəhərlərdə icma toplantıları keçirilir. Əhali nümayəndələrinin əhəmiyyətli hissəsi İsrail hökumətinə üz tutmağı və bu ölkənin himayəsi altına keçməyi təklif edir. İsrail mətbuatının məlumatına görə, Dəməşqin cənubundakı həmin yaşayış məntəqələrində “sərhədin o tayında, İsrail ərazisində yaşayan druz qardaşları ilə birləşmək, namus və ləyaqəti ekstremistlərdən birgə xilas etmək” tələbi qaldırılır.
İsraildən hələlik rəsmi cavab yoxdur. Ancaq faktdır ki, Suriya ərazisində druzların birləşməsi məsələsi aktuallaşdırılır. Suriya üçün yeni vətəndaş müharibəsi planlaşdırılır, dağılma qaçılmazdır?
Asif Cəfərov
Ordu.az