Yeni Suriyanın təhlükəsizliyində Türkiyə nələrə diqqət yetirməlidir? – ANALİZ

2024/12/1734069978.jpg
Oxunub: 1011     19:32     14 Dekabr 2024    
13 ildən artıqdır davam edən Suriya vətəndaş müharibəsində müxalif qüvvələr 2024-cü il noyabrın 27-də hücuma keçiblər, qarşıdurmalar nəticəsində Hələb, Həma və Xüms ələ keçirilib. Nəhayət, 2024-cü il dekabrın 8-də diktator Bəşər Əsəd Rusiyaya qaçdı və Dəməşq münaqişəsiz müxalif qüvvələrin nəzarətinə keçdi.

13 ildən çox davam edən vətəndaş müharibəsindən sonra 13 günlük müddətdə devrilən rejim geridə çəkindirə bilən silahlı qüvvə buraxmadı. Vətəndaş müharibəsindən əvvəl Suriya ordusunda keyfiyyətcə zəif, kəmiyyətcə güclü olan Sovet mənşəli böyük bir ordu var idi. Vətəndaş müharibəsi zamanı ordunun yüksək keyfiyyətli inventarları darmadağın edildi, onun bütün diqqəti mülki şəxslərə və rəqiblərə qarşı dəqiqliyi olmayan dağıdıcı silahlara yönəldi.

Suriya vətəndaş müharibəsi son illərdə qaçqınlarla bağlı ictimai rəydə davamlı olaraq ön plana çıxsa da, təhlükəsizlik baxımından ən çox təsir etdiyi ölkə şübhəsiz Türkiyə olub. Türkiyə terror və qaçqın böhranı səbəbindən “Fırat Kalkanı”, “Barış Pınarı”, “Zeytin Dalı” və “Bahar Kalkanı” əməliyyatlarını həyata keçirib. “Bahar Kalkanı” əməliyyatı digər əməliyyatlardan fərqlənir. Terrorla mübarizə üçün başqa əməliyyatlar aparılsa da, “Bahar Kalkanı” əməliyyatı birbaşa Rusiyanın dəstəklədiyi Əsəd rejiminə qarşı həyata keçirilib.

Əsəd rejiminin devrilməsindən sonra Suriyada keçid hökumətinin qurulması səyləri davam edir. Rejim ordusunu tərxis etmək üçün səylər göstərilərkən, ölkənin hüquqi müdafiə mexanizminin necə qurulacağı hələ bəlli deyil. Lakin Suriyada yeni nizamın qurulması səyləri davam edərkən, İsrailin Suriyaya qarşı hərbi əməliyyatları da sürətlənib. “Sürətlənib” deyilməsinin səbəbi İsrailin son 5 ildə Suriyadakı hərbi hədəfləri, xüsusilə İranı və “Hizbullah”ın Suriyadakı infrastrukturunu davamlı olaraq vurmasıdır. Bu hücumların dəqiq sayı bilinməsə də, son 5 ildə yüzlərlə hücumun həyata keçirildiyi bildirilir.

Bu gün Əsəd rejiminin devrilməsindən sonra İsrailin Suriya müxalifətindən daha çox çəkindiyi görünür. Çünki İsrail Əsədin devrilməsindən sonra ilk olaraq Suriya kəşfiyyatının, yəni “Muhaberat”ın indiyədək vurmadığı binalarını vurdu. Müxalif qüvvələr tərəfindən yeni hökumət qurulmazdan əvvəl də İsrail iki gün ərzində 250 hədəfə hücum edib və Suriyada rejimdən qalan hərbi infrastrukturu əhəmiyyətli dərəcədə məhv edib. Xüsusilə Hava Hücumundan Müdafiə (HHM) sistemi, döyüş təyyarələri, helikopterlər və sursat anbarları məhv edilib. İsrail, həmçinin Colan təpələrinin təhlükəsizliyini əsas gətirərək, Suriya ərazisinin 7-14 km dərinliyində irəliləyiş əldə edib.

İsrailin fəaliyyətlərinin hansı nöqtəyə çatacağı bəlli olmasa da, 13 illik vətəndaş müharibəsində artıq infrastrukturu xeyli dağılan Suriyanın bərpası daha da çətinləşəcək. İsrailin yeni dövrdə 13 illik müharibə təcrübəsi olan müxalif döyüşçülərin güclənməsindən ehtiyat etdiyi aydın reallıqdır. Önümüzdəki dövrə baxsaq, Suriyada hökumət qurulsa belə, aşağıdakı mövzular ciddi çətinliklər yaradır:

YPG/PKK terror təşkilatının ölkədən çıxarılması və mərkəzi hökumət strukturunun təmin edilməsi,
Qeyri-qanuni təşkilatlanmış müxalif döyüşçülərin vəziyyəti,
Müxalif döyüşçülərdən nə qədərinin nizami orduya keçəcəyi,
Ölkənin daxili təhlükəsizlik mexanizminin necə qurulacağı,
Təhlükəsizlik boşluğundan istifadə etmək istəyən təşkilat və ölkələrin yaratdığı problemlər,
İsrail kimi ölkələrə qarşı çəkindirmənin təmin edilməsi.

Bütün bu maddələr araşdırıldığında Əsəddən sonrakı dövrün o qədər də asan keçməyəcəyini görmək olar. Çünki müxalif qüvvələr arasında ən güclü strukturlardan biri olan “Heyət Təhrir əş-Şam” (HTŞ) Türkiyə də daxil olmaqla, dünya tərəfindən terror təşkilatı kimi tanınır və bu, ciddi problem yaradır. HTŞ-nin terror təşkilatı tərifindən çıxarılması üçün onun “terror” kimi təsnif edilməsinə səbəb olan ünsürlərdən təmizlənməsi baxımından lazımi prosesin həyata keçirilməsi lazımdır.

Təşkilat Əsəd devrilməmişdən əvvəl bu istiqamətdə transformasiya olacağını bildirsə də, 13 günlük hücumda davamlı olaraq konstruktiv bəyanatlar verməklə, buna zəmin hazırlasa da, ictimaiyyətin gözündə buna nail olmaq çətin bir proses kimi görünür.

Suriya Sahəsi

Suriya vətəndaş müharibəsi başlayandan etibarən Suriya xalqının haqlı tələbi ilə müxalifətə dəstək verən Türkiyənin yeni prosesdəki rolu da birbaşa sahəyə təsir edəcək. Çünki Rusiya və İran rejimin dağılması ilə meydandan çəkildi, lakin ABŞ İŞİD-ə qarşı YPG/PKK terror təşkilatını dəstəkləmək bəhanəsi ilə varlığını davam etdirir, İsrail iqtidara gələn qüvvələrin mövqeyindən ehtiyat edərək, əməliyyatlar həyata keçirir.

Son illərdə Suriya ərazisi çox oyunçulu və gərgin münaqişə mühitinə ev sahibliyi edib. Rusiya və İranın meydandan böyük ölçüdə geri çəkilməsi və müxalif qüvvələrin rejimə qarşı qələbəsi ilə Türkiyənin sahədəki təsiri və əhəmiyyəti artarkən, üzləşdiyi təhlükəyə qarşı tarazlıq mexanizmi də metamorfoza uğrayıb. Rusiya ilə ABŞ arasında tarazlıq ABŞ-nin əleyhinə olan rəqiblərə təsirdən istifadə etməyə doğru dəyişib. Üstəlik, İsraillə birbaşa qarşıdurma ehtimalı astronomik olaraq artıb.

Türkiyənin Qarşısındakı Mənzərə

Müxalif qüvvələrin Əsəd rejimini devirdiyi dövr bütün dünyada fövqəladə aktivlik dövrünə təsadüf etdi. Çünki Fransada hökumətin çöküşü, Almaniyada siyasi mübarizələr, Cənubi Koreyada uğursuz çevriliş cəhdi, ABŞ-də Baydenin hakimiyyətdən uzaqlaşma mərhələsində olması və yeni prezidentin hələ vəzifəyə gəlməməsi, Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin və İsrail-“Hizbullah” münaqişələri baş verir. Bu inkişaflar və silsilə hadisələr qarşısında Türkiyənin müxalif qüvvələrin rejimi devirməsində və sonradan yeni administrasiyanın qurulmasında mühüm rol oynayacağı şübhəsiz bir həqiqətdir.

Suriyada yeni dövrün qurulmasında Türkiyənin böyük siyasi rolu olacağı şübhəsiz bir həqiqətdir. Ancaq əsl sual budur ki, Türkiyənin müdafiə və təhlükəsizlik məsələlərində rolu necə olacaq? Müxalif qüvvələr qeyri-ənənəvi müharibə şəraitində olarkən, Qətər kimi müxtəlif ölkələrin köməyi ilə onları idarə etmək, öyrətmək və təşkil etmək nisbətən asan idi. Lakin dəyişən dövrdə dövlət strukturunun yaradılması və qeyd olunan qeyri-ənənəvi bölmələrin nizami təhlükəsizlik strukturu daxilində yenidən təşkili prosesi baş verəcək. Həm də bütün bunlar İsrail kimi dövlətin sərhədlərində baş verəcək.

Bu mövzularla yanaşı Türkiyənin özünün sərhəd təhlükəsizliyi və terrorla mübarizə fəaliyyətləri də ən mühüm problemlərdən birini təşkil edir. YPG/PKK əsaslı terror dövlətinin qurulmasının qarşısını almaq üçün tez bir zamanda tədbir görülməlidir. Rejimin süqutundan istifadə edərək, Hələbə doğru irəliləməyə çalışan terror təşkilatına Suriya Milli Ordusu (SMO) mənsubları tərəfindən fürsət verilməyib, əks-hücumla Tel Rıfat, Mənbic və ətrafdakı strateji nöqtələr terrorçu ünsürlərdən təmizlənib.

Bu əməliyyatlar zamanı Türkiyənin zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) və məhdud artilleriya dəstəyi verdiyi müşahidə edilib. Sözügedən fəaliyyətlər terror təşkilatına qarşı fürsət verilməməsi baxımından yaxşı inkişaflar olsa da, Raqqa, Eyn ül-Ərəb, Hasaka və Qamışlı kimi kritik və əhəmiyyətli yerləri əhatə edən böyük bir ərazi hələ də ABŞ-nin dəstəyi ilə terror təşkilatının nəzarəti altındadır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Bayden administrasiyasına “Suriyadakı hadisələrə qarışmayın” xəbərdarlığı etsə də, terror təşkilatının mövqelərini itirəcəyindən və Türkiyənin mümkün müdaxiləsindən ehtiyatlanan Bayden cəbhəsi diplomatik qaynaqlarla Türkiyəyə təzyiq etməyə başlayıb. Türkiyənin dəstəyi olmadan müxalif qüvvələrin YPG-yə qarşı nə qədər ərazi qazanacağı hələ ki, bəlli deyil.

Bununla belə, Raqqa və Deyr əz-Zor kimi ərəb əhalinin sıx olduğu bölgələrdə terror təşkilatına qarşı şiddətli ictimai reaksiya və qiyam SMO-nun bu bölgələrə daxil olması üçün müsbət imkanlar yaradır. Bütün bu konyukturanı nəzərə alsaq, proses soyusa, ABŞ-nin Suriyanın yeni hökumətinə təzyiq, şantaj və hədiyyələr (yerkökü və çubuq münasibətləri) yolu ilə YPG/PKK-nı ölkədə rəsmi elementə çevirməsi ehtimalı var. Türkiyə üçün bu, son dərəcə riskli bir ehtimal olaraq masada qalır.

Belə bir vəziyyətdə Türkiyənin Tramp dövrü başlamadan sürətli bir əməliyyatla YPG/PKK-nın belini qırması bir fürsətdir. Çünki Tramp administrasiyası “Suriya mənim maraq dairəm deyil” desə də, ABŞ quruluşunun buna və Trampın reaksiyalarına nə dərəcədə imkan verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bu fürsəti əldən vermək “muxtariyyət” strukturuna rəsmən daxil olmuş YPG/PKK-nın çox daha böyük bir bəla olaraq Türkiyənin qarşısında durması anlamına gələcək.

Bu məsələlərdən başqa, Rusiyanın Suriyadakı hərbi varlığının nə olacağı ilə bağlı dəqiqlik yoxdur. Müxalif qüvvələr Rusiya hərbi qulluqçularının sağ qalma refleksi ilə ağır hücumlar etməsinin qarşısını almaq üçün Rusiya bazalarına fəal hücum etmədi. Rusiya tərəfi isə müxtəlif qoşunlarını geri çəkərək, çoxlu sayda yük təyyarəsi ilə kritik sistemləri və şəxsi heyəti bazalardan çıxarmağa başlayıb. Ancaq Türkiyə üzərindən Latakiya və Tartusdakı kritik bazalarını ölkədə saxlamaq üçün səy göstərəcəyi təxmin edilir. Bu baxımdan müxalif qüvvələrlə Əsədin Moskvaya sığınmasına icazə verən Rusiya arasında hansı razılaşmanın formalaşacağı maraq doğurur.

Türkiyənin müdafiə və təhlükəsizlik rolu necə olmalıdır?

İllərdir qeyri-sabitliyin hökm sürdüyü Suriya sahəsində təhlükəsizlik strukturunu yenidən həyata keçirmək çox çətin olacaq. Bölgədə birbaşa hərbi risklərlə yanaşı, qaçaqmalçılıq, narkotik ticarəti və rejim qalıqlarının mühakimə olunması kimi problemlər də mövcuddur. Suriyada beynəlxalq səviyyədə legitim hökumət strukturu (keçid hökuməti?) həyata keçirilən kimi Türkiyənin Suriyadakı mövcudluğu, sərhəd təhlükəsizliyi üçün 30 km-lik təhlükəsiz zona strukturu və Suriyanın hər yerində terrorla mübarizə hüququ ədalətli əsaslara malik razılaşmalarla təmin edilməlidir.

Hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Suriyanın şimal və cənub-şərq istiqamətlərində Türkiyə üçün lazım ola biləcək strateji yuxarı zonalar müəyyən edilərək, Türkiyənin istifadəsinə verilməlidir. Şimal-şərq bölgəsindəki hərbi baza və struktur terrorla mübarizə, hava məkanına nəzarət və erkən xəbərdarlıq məqsədləri üçün hazırlanmalı olduğu halda, cənub bölgəsindəki hərbi baza İsrailə qarşı erkən xəbərdarlıq və kəşfiyyat məqsədləri üçün layihələndirilə bilər.

İqtidara gələn qüvvələr həm “Hizbullah”, həm də İsraillə birbaşa qonşu olacağından, münaqişə riskləri həm çox yüksək, həm də çox həssas olacaq. İndi qeyri-qanuni strukturun əvəzinə dövlət hakimiyyəti qurulmalı olduğu üçün cəlb olunma qaydaları müəyyən edilməli və veriləcək cavablar əsasında ssenarilər nəzərdən keçirilməlidir.

Yeni hakimiyyətin müdafiə və təhlükəsizlik strukturu yaradılarkən, iqtidara gələn qüvvələrin orada necə mövqe tutacağı böyük sual işarəsi yaradır. Bununla belə, Türkiyənin dəstəyi ilə təhlükəsizlik araşdırmaları aparılaraq, xarici dövlətlərlə əlaqənin minimuma endiriləcəyi bir ordu strukturunun yaradılması lazımdır.

Suriyanın təhlükəsizliyinin bərqərar edilməsində ən mühüm iki sınaq, şübhəsiz ki, ABŞ və İsrailin rolu olacaq. YPG/PKK-nın təmizlənməsinə imkan verməmək üçün səy göstərəcək ABŞ və bu məqsədlə atacağı addımlar, İsrailin müxtəlif təhlükəsizlik məsələlərini irəli sürməsi sözügedən müdafiə təhlükəsizliyi strukturunun qurulmasında böyük çətinliklər yaratmaq potensialına malikdir.

Əslində, yuxarıda qeyd olunan erkən xəbərdarlıq bazalarının yaradılması ideyası bu təməldən qaynaqlanır. Türkiyənin həm özünü, həm də Suriya bölgəsindəki varlıqlarını qoruya bilməsi üçün erkən xəbərdarlıq imkanları inkişaf etdirilməlidir. Xüsusilə F-35 döyüş təyyarəsi başda olmaqla, güclü Radioelektron Mübarizə (REM) imkanlarına malik olan Hərbi Hava Qüvvələrinin (HHQ) qarşısını almaq Türkiyə üçün çətin, digər bölgə ölkələri üçün isə demək olar ki, mümkün olmayan bir missiyadır.

Türkiyənin hava məkanını qorumaq yolu uzun illərdir ki, hava qüvvələrinə əsaslandığı üçün quru əsaslı HHM bölmələri bu müddət ərzində lazımi səviyyədə inkişaf etməyib. Bu nöqtədə Türkiyənin F-35 proqramından çıxarılması ilə İsrailin əlində olan təyyarələrə (F-35, F-15I, F-16I) qarşı üstünlük təmin edəcək bir təyyarə parkı yoxdur. “Siper” və “Hisar” sistemləri hələ prototip sistemlər kimi inventara daxil olub, kütləvi istehsal məhsulları hələ missiyaya başlamayıb. Bütün bu vəziyyətdə Türkiyənin Suriyadakı HHM imkanları ilə bağlı iki məsələ önə çıxır:

Qabaqcıl erkən xəbərdarlıq sistemləri
REM sistemləri

İsrail yuxarıdakı hər iki sahədə bacarıqlı bir ölkə kimi ortaya çıxır. Ancaq Türkiyə də bu sahədə güclü ölkədir.

Nümunə ssenarini nəzərə alsaq, güclü REM sistemlərinə sahib parkın qarşısını almaq üçün Suriya ərazisində müxtəlif yerlərdə aşağıdakı sistemlər yerləşdirilə bilər:

Erkən Xəbərdarlıq Radarı:
EİRS/ERALP
ALP/AİR

ED/Passiv Radar

“Redet II” Radioelektron Hücum/Radioelektron Dəstək REM Sistemi
“Sancak”, “Karakulak”, “Ilgar” Radioelektron Dəstək/Radioelektron Hücum Döyüş Sistemləri
“Seymen” Naviqasiya Radioelektron Hücum Sistemi
“Pars” Passiv Radar Layihəsi
EHSİM PBAS

Uzun mənzilli HHM raketi
“Siper Blok 1”

Taktiki AESA və ya Passiv Sensorlar

ASELSAN AURA AESA
METEKSAN “Retinar” AESA

Nümunə ssenari təbii ki, maksimalist şəkildə istifadə olunub. Çünki inventarda həm EİRS, həm də “Siper” sistemlərinin kifayət qədər miqdarı yoxdur. Ancaq radioelektron hücum sistemləri üçün inventar yetərli miqdardadır.

Yerli imkanlarla belə ən azı 1-2 milyard dollar dəyərində olan bu ssenari nisbətən orta müddətli planlaşdırıla bilən bir ssenari kimi önə çıxarkən, EİRS sistemlərinin Suriyaya mümkün qədər qısa müddətdə yerləşdirilməsi Türkiyə HHQ-nin məlumatlılığının artırılması baxımından kritik əhəmiyyət kəsb edir.

Çünki F-35 kimi aşağı radara görünmə qabiliyyətinə malik təyyarələr və digər qabaqcıl REM qabiliyyətinə sahib parklara qarşı sensorların növünün (Radar, IR, RF), yerinin və sayının artırılması bu cür sistemlərin aşkarlanma ehtimalını xeyli artırır. Daha əvvəl Rusiyanın bölgədə qurduğu radar və əlaqədar aşkarlama infrastrukturları nisbətən köhnəlmiş sistemlər olduğundan, Türkiyənin müasir AESA struktur sistemləri daha effektiv olacaq.

Birdən çox sistemdən istifadə etmək, bölgədəki bütün siqnalları aktiv və passiv şəkildə izləmək Suriyanın gələcəyi və inkişafı üçün kritik əhəmiyyət kəsb edir. Suriyada hərbi varlığın artırılması və hətta əlavə silahlanmanın xərclə nəticələnə bilməsinə baxmayaraq, Türkiyənin iqtisadi maraqları baxımından bu bölgənin sabitləşməsi də zəruridir. Odur ki, həm təhlükəsizlik, həm də iqtisadiyyat baxımından mükafatlandırıla bilən bu investisiya intizamlı şəkildə icra edilməlidir.

Burada silahlanma strukturunu nəzərdən keçirərkən, İsrailin bombardmanından sonra fəaliyyət göstərə biləcək HHM vahidləri varsa, ASELSAN-ın Azərbaycandakı komanda-nəzarət təcrübələrinə uyğun olaraq onları arxitektura daxilində nəzərdən keçirmək məqsədəuyğun qərar olacaq. Türkiyənin PUA-lar vasitəsilə inkişaf etdirdiyi erkən xəbərdarlıq sistemini həm Suriya sahəsi, həm də ümumi təhlükəsizlik ehtiyacları baxımından ən qısa zamanda inventara qəbul etməsi getdikcə daha vacib hala gəlir.

Nəticə

Suriyanın yenidən qurulması prosesində Türkiyə Silahlı Qüvvələrinin də iştirakı ilə təhlükəsizlik bölmələri çox ciddi şəkildə formalaşdırılmalıdır. Əslində, YPG/PKK Suriyanın qeyri-sabit bölgəsindən təmizlənsə belə, “Hizbullah” və PKK kimi qeyri-dövlət terror təşkilatları kənar güclərin tələblərini genişləndirməyə davam edəcək. Bölgədə ümumi sabitliyin təmin olunması uzun zaman alacağı üçün Türkiyə Silahlı Qüvvələrinin uzun müddət birbaşa olaraq sahəyə cəlb olunmasına ehtiyac ola bilər.

Bu məqamda Liviya, İraq və Suriyada öz təhlükəsizlik ehtiyaclarını təmin edən Türkiyə Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün təcili olaraq əlavə büdcə və əlavə təchizat alınması qaçılmaz görünür. Sözügedən ehtiyacların qarşılanmasında qaçılmaz şəkildə Suriyada təsirli olmaq istəyəcək körfəz ölkələrinin hədəflədikləri təsir ölçüsündə Türkiyənin bölgədəki təhlükəsizlik quruculuğuna da töhfə verməsi lazımdır.

Bundan əlavə, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələr Türkiyə ilə birgə bu sahədə iştirak edə və ya “Eurofighter”, yaxud F-15QA/SA döyüş təyyarələrini Türkiyəyə icarəyə vermək kimi üsullarla da dəstək verə bilər. Əslində, onların gözə dəyməyən ən böyük töhfəsi Türkiyəyə təlim əməkdaşlığı adı altında müvəqqəti olaraq təyyarə yerləşdirmək və ya icarəyə vermək olacaq.

Suriyada təhlükəsizliyin qurulması prosesi həm texniki, həm də siyasi şərtlər baxımından fərqli imkanlar və çətinliklər gətirir. Bununla belə, prioritet kənar güclərin aktivliyini azaltmaq və Suriya meydanından terror təşkilatlarını silmək olmalıdır. Xüsusilə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl YPG/PKK terror təşkilatının belini qırmaq vacib görünür.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin