Məlumata Əsaslanan Müharibə Laboratoriyası: Rusiya-Ukrayna Müharibəsindən Öyrəndiklərimiz (ANALİZ+FOTOLAR)

2024/12/1734443996.jpg
Oxunub: 1058     15:23     17 Dekabr 2024    
Müasir döyüş meydanlarında qarşılaşılan yeni reallıqlar müdafiə sənayesindən daim innovativ həllər inkişaf etdirməyi tələb edir. Məlumata əsaslanan (data driven) yanaşmaların getdikcə daha çox bu transformasiyanın mərkəzində olduğunun şahidi oluruq.

Böyük verilənlər, Süni Zəka (SZ), avtonom sistemlər, ELINT/SIGINT və əşyaların interneti (IoT) kimi texnologiyaların hərbi imkanlara inteqrasiyası daha effektiv və dəqiq qərarlar qəbul etməyə imkan verir. Böyük məlumat texnologiyalarından istifadə etməklə, qlobal müdafiə sənayesi kəşfiyyat, müşahidə və aşkarlama (ISR) məlumatlarının tamamlayıcı deyil, əsas element kimi yerləşdirilməsini təmin edir.


SZ və maşın öyrənmə alqoritmləri ilə dəstəklənən hərbi böyük məlumat infrastrukturları təhdidləri aşkarlamağa və müxtəlif hücumlar üçün əks proqnozlar hazırlamağa imkan verir. Beləliklə, operativ qərarlar üçün ciddi dəstək elementi əldə edilir. Avtonom sistemlər ilk növbədə döyüş meydanının ən qiymətli elementi olan insanın döyüş meydanına birbaşa müdaxiləsinə olan ehtiyacı azaldır. Digər tərəfdən, yüksək performans və səmərəliliklə hədəfləri aşkar etmək, təhlil etmək və məhv etmək kimi kritik nəticələrə nail olur.

ELINT/SIGINT (radioelektron kəşfiyyat və siqnal kəşfiyyatı) hədəf elementlərin rabitə və radar siqnallarını aşkar edərək, kritik məlumatları təmin edir. Beləliklə, qarşı tərəfin hərəkətlərini və strategiyalarını proqnozlaşdırmaqda və onlara qarşı əks tədbirlər hazırlamaqda dəyərli üstünlük təklif edir.

Yenə də bu prosesdə “IoT” sensorları ilə təchiz edilmiş avadanlığın olması daha geniş səviyyəli məlumatların daranması üçün mühüm rol oynayır. Real vaxt rejimində məlumat toplama qabiliyyətinin əsasını təşkil edən “IoT” sensorları sahədə məlumatlılığı artırır.

Bu məqalədə qiymətləndirilən mövzulardan kənara çıxan və bu gün müharibənin yeni normasına çevrilən məlumat əsaslı vasitələrin istifadəsi görünməmiş səviyyədədir. Bu elə bir səviyyəyə gəlib ki, müharibənin acı reallığını bir anlıq bir kənara qoysaq, dünyanın daha öncə sınaqdan keçirilməmiş bir çox metodun sınaqdan keçirildiyi və tətbiq edildiyi bir laboratoriya sahəsinə çevrildiyini söyləmək yersiz ifadə olmaz.

Rusiya ilə Ukrayna arasında davam edən münaqişələr və Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya hücumundan sonra yaranan şərait müasir döyüş meydanlarını anlamaq üçün son dərəcə mühüm nümunədir. Çünki bu müharibədə hər cür kritik məlumatları toplamaq, birləşdirmək və təhlil etmək bacarığına nail olmaq üçün çox əhatəli həllərdən istifadə edilir. Bu məqamda daha əvvəl heç istifadə edilməmiş və ya müharibə şəraitində məhdud istifadə edilmiş texnologiyalar bu müharibənin əsas elementləri arasındadır.

Konvensional hərbi imkanlara görə Rusiya ilə müqayisədə daha geridə qalan Ukrayna bu çatışmazlığı daha çox Qərb şirkətlərinin təqdim etdiyi yeni nəsil məhsullarla kompensasiya etməyə çalışır. Bu yazıda Rusiya-Ukrayna müharibəsi ilə paralel olaraq verilənlərə əsaslanan müharibənin əsasları və tətbiq sahələri qiymətləndirilir.


Məlumata Əsaslanan Müharibənin Alətləri: Rusiya-Ukrayna Müharibəsindəki Nümunələr

Kəşfiyyat və Müşahidə

(1.a.) Ticari Peyk Görüntüləmə və Analizi:

Ticari peyk şirkətləri ilə əməkdaşlıq edərək, Ukrayna yüksək keyfiyyətli peyk görüntülərinə çıxış əldə edir. Açıq mənbələrdə əks olunan məlumatlara görə, “Maxar Technologies” və “Planet Labs” kimi şirkətlər Ukraynaya real vaxt rejimində peyk məlumatları təqdim edərək, orduya hərbi hərəkətliliyi izləmək və hədəfləri aşkar etmək imkanı verib. Bu məlumat əsasında əldə edilən görüntülər Kiyev ətrafında rus qoşunlarının mövqelərinin müəyyən edilməsində mühüm rol oynayıb.

(1.b.) SZ ilə Dəstəklənən Görüntü Analizi:

Bildirilir ki, Ukrayna “Orbital Insight” və “Descartes Labs” kimi şirkətlərin texnologiyalarına uyğun olaraq, SZ-yə əsaslanan görüntü analiz sistemlərindən istifadə edərək, peyk məlumatlarını tez və effektiv şəkildə təhlil edir. Bu sistemlərin potensial hədəflərin avtomatik aşkarlanması və təsnifləşdirilməsi üçün istifadə olunduğunu təxmin etmək çətin deyil. Qeyd edilir ki, bu texnologiyalar Ukraynanın Mariupol şəhərindəki münaqişələrdə mülki və hərbi hədəflərin ayırd edilməsinin təmin edilməsində böyük rol oynayıb.


ELINT və SIGINT Sistemləri

Radioelektron kəşfiyyat (ELINT) və siqnal kəşfiyyatı (SIGINT) sistemləri Ukraynanın Rusiya hərbi rabitəsini və radar siqnallarını izləməsi üçün vacib elementlər arasındadır. “Lockheed Martin” tərəfindən inkişaf etdirilən AN/ALQ-217 Radioelektron Dəstək Ölçmə (ESM) sistemi və “Raytheon”un AN/ALR-69A Radar Xəbərdarlıq Qəbuledicisi kimi sistemlər düşmənin rabitə və radar siqnallarını aşkar etmək üçün istifadə edilib və Ukraynaya strateji üstünlüklər verib.

Bəzi sızdırılmış məlumatlarda bildirilir ki, bu texnologiyalar Rusiyanın radar və rabitə sistemlərinin yerini müəyyənləşdirmək və zərərsizləşdirmək üçün istifadə edilib.

(2.a.) AN/ALQ-217 Radioelektron Dəstək Ölçmə (ESM) Sistemi:

AN/ALQ-217 “Lockheed Martin” tərəfindən inkişaf etdirilən və radar siqnallarını passiv olaraq aşkarlayan sistemdir. Bu sistem geniş tezlik diapazonunda işləyən radar siqnallarını aşkar etmək və onların yerini və iş rejimlərini müəyyən etmək üçün istifadə olunur. Bu sistemdən istifadə edərək, Ukrayna Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) radarlarının yerlərini və xüsusiyyətlərini aşkar edib və beləliklə, bu radar sistemlərini zərərsizləşdirmək üçün müvafiq əks tədbirlər hazırlayıb.

Bildirilir ki, AN/ALQ-217 Ukraynanın hava əməliyyatlarında və Pilotsuz Uçuş Aparatlarının (PUA) təhlükəsiz əməliyyatlarında mühüm rol oynayır.

(2.b.) AN/ALR-69A Radar Xəbərdarlıq Qəbuledicisi:

“Raytheon” tərəfindən hazırlanmış AN/ALR-69A qabaqcıl radar xəbərdarlığı qəbuledici sistemidir. Bu sistem rəqib elementlərin radar siqnallarını aşkar edir, pilotları xəbərdar edir və radardan gələn təhlükələri tez bir zamanda müəyyən edir. İddia olunur ki, Ukrayna bu sistemdən Rusiya radarlarının yaydığı siqnalları təhlil etmək və bu radarları hədəf alaraq əməliyyat üstünlükləri əldə etmək üçün istifadə edir.

Sistemin xüsusilə HHM elementlərinin effektivliyinin azaldılması və hava üstünlüyünün qorunub saxlanılmasında əhəmiyyətli töhfələr verdiyi bildirilib.

(2.c.) Kripto Həlledici və Radio Dinləmə Sistemləri:

Məlumdur ki, Ukrayna ELINT və SIGINT imkanlarını artırmaq üçün kripto həlledici sistemlərdən və qabaqcıl radio dinləmə cihazlarından istifadə edir. Təxmin etmək çətin deyil ki, bu sistemlər Rusiya hərbi birləşmələrinin şifrlənmiş kommunikasiyalarının şifrəsini açmaqla, kritik kəşfiyyat məlumatlarını əldə etmək üçün istifadə olunur. Məsələn, “Harris Corporation”ın RF-300 seriyalı radioqəbulediciləri geniş diapazonlu tezlik spektrini izləməklə, Rusiya rabitəsini kəsmək və deşifrə etmək üçün istifadə oluna bilər. Bu sayədə Ukrayna öz hərbi strategiyalarını formalaşdırmaq üçün dəyərli məlumatlar əldə edə bilir.

(2.d.) Yer Əsaslı Dinləmə Stansiyaları:

Ukrayna strateji bölgələrdə yer əsaslı dinləmə stansiyaları yaratmaqla, Rusiyanın hərbi hərəkətlərini izləyir. Bu stansiyalar geniş tezlik spektrini darayaraq, düşmən rabitəsini və elektron siqnallarını aşkar etmək üçün istifadə olunur. Bu məlumatlara uyğun olaraq, Ukraynanın sahədəki qoşunlarına real vaxt rejimində kəşfiyyat məlumatı verməklə, əməliyyat effektivliyini artırdığı aydındır. Məsələn, Kiyev yaxınlığında qurulan dinləmə məntəqələri Rusiya hərbi birləşmələrinin kommunikasiyalarını izləməklə, bəzi hücum planlarını əvvəlcədən aşkar edib və buna uyğun olaraq əks tədbirlərin görülməsinə şərait yaradıb.

(2.e.) HARM Raketləri və Radioelektron Mübarizə (EW) Təyyarələri:

Ukrayna Rusiya radar sistemlərini zərərsizləşdirmək üçün ABŞ istehsalı olan AGM-88 HARM (High-speed Anti-Radiation Missile) raketlərindən istifadə edir. Bu raketlər rəqib ünsürlərin radarlarının siqnallarını hədəfə alaraq, onları məhv etmək üçün nəzərdə tutulub.


Ukraynanın sahə imkanlarına, həmçinin güclü radioelektron qarışdırma sistemləri ilə təchiz edilmiş və rəqib elementlərin radar və rabitə sistemlərini zərərsizləşdirmək üçün nəzərdə tutulmuş Radioelektron Mübarizə (REM) təyyarələri daxildir. Bu kontekstdə Ukrayna REM təyyarələrindən (məsələn, EA-18G “Growler”) istifadə edərək, Rusiyanın rabitə və radar sistemlərini pozmaq üçün əməliyyatlar həyata keçirib.

Sosial Media və Açıq Mənbə Kəşfiyyatı (OSINT)

(3.a.) Sosial Media İzləmə:

Qərb texnologiyalarına uyğun olaraq, Ukrayna sosial media platformalarından toplanan məlumatlardan istifadə edərək, Rusiyanın hərbi hərəkətlərini izləmək və ictimai əhval-ruhiyyəni qiymətləndirmək imkanı əldə edib. İctimaiyyətə açıq olan məlumata görə, Ukrayna ictimaiyyətin emosional reaksiyalarını və informasiya axınını təhlil etmək üçün “Hootsuite” və “Sprout Social” kimi sosial media təhlili alətlərindən istifadə edir.

Rusiyanın bütün proses boyu dezinformasiya kampaniyalarından intensiv istifadə etməsi fonunda bu cür vasitələrdən istifadə etmək son dərəcə ağıllı yanaşma olub.

(3.b.) “Crowdsourced” Kəşfiyyat:

Ukrayna ictimaiyyətdən məlumat və görüntülər toplamaq üçün kroudsorsinq (crowdsourcing) üsullarından geniş istifadə edib. Həmçinin bildirilir ki, “Ushahidi” kimi platformalar cəbhə bölgəsində baş verən hadisələr və düşmənin hərəkətləri haqqında sürətli məlumat verir. Bu nümunə bir daha göstərdi ki, cib telefonu şəkillərinin və ictimaiyyət tərəfindən paylaşılan məkan məlumatlarının əks qüvvələrin yerləşdiyi yerin müəyyən edilməsində istifadəsi bu gün simmetrik və asimmetrik müharibənin əvəzsiz təcrübəsidir.

Avtonom və Yarımavtonom Platformalar

(4.a.) “Bayraktar TB2” PUA-ları:

Ukrayna Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-larından istifadə etməklə, döyüş meydanında ciddi üstünlüklər əldə edib. SZ-yə əsaslanan hədəf tanıma və hücum imkanları ilə təchiz edilən Türkiyə istehsalı PUA-lar real vaxt məlumatlarını təhlil edərək, effektiv əməliyyatların həyata keçirilməsində əsas elementə çevrilib. Bu baxımdan Kiyev yaxınlığında Rusiya konvoylarına hücumlarda Türkiyə istehsalı PUA-ların effektivliyi təbii olaraq beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.


(4.b.) Yarımavtonom Quru Platformaları:

Ukrayna döyüş meydanında yarımavtonom quru platformalarından da istifadə edir. “Robo-Team's Probot” və “Milrem Robotics”in “THeMIS” kimi platformalarının uzaqdan idarəetmə ilə idarə edildiyi və SZ alqoritmləri ilə maneələri aşaraq, məqsədlərinə çatdığı ictimaiyyətə məlum olub. Şübhəsiz ki, bu sistemlər insan itkisini azaltmaq və əməliyyat səmərəliliyini artırmaq üçün istifadə olunur.


SZ ilə Dəstəklənən Kibertəhlükəsizlik

Ukrayna Rusiyanın kiberhücumlarına qarşı SZ ilə dəstəklənən kibertəhlükəsizlik həllərindən istifadə edib. “Darktrace” və “CrowdStrike” kimi sistemlərin şəbəkə trafikini təhlil etdiyi, anormal fəaliyyətləri aşkarladığı və hücumlara qarşı sürətli tədbirlər gördüyü bildirilir. Hesabatlarda proaktiv kibermüdafiə strategiyalarının qəbul edildiyi qeyd edilir. Həmçinin vurğulanır ki, “Cylance” və “FireEye” kimi SZ və maşın öyrənməsinə əsaslanan sistemlər potensial kiber təhlükələri qabaqlayaraq, önləyici tədbirlər görür.

Mövcud məlumatlara əsasən qeyd etmək olar ki, bu sistemlər kritik infrastrukturlara qarşı hücumların qarşısının alınmasında kifayət qədər effektivdir.

Humanitar Yardım və Logistika İdarəetməsi

(6.a.) Məlumat Analitikası ilə Logistikanın Optimallaşdırılması:

İctimaiyyətə açıq olan məlumata görə, Ukrayna humanitar yardımların paylanmasını optimallaşdırmaq üçün böyük məlumatların təhlilindən istifadə edir. Fəaliyyətlərin effektivliyi və yayılması ilə bağlı dəqiq bir məlumat olmasa da, “Palantir” kimi məlumat analitikası şirkətlərinin yardım materiallarının ehtiyacı olanlara ən sürətli və ən təsirli şəkildə çatmasını təmin etdiyi bildirilir.

(6.b.) Real Vaxtda İzləmə:


Məlumdur ki, Ukraynada logistika karvanları və yardım ləvazimatları “IoT” sensorları və GPS izləmə sistemləri ilə təchiz olunub. “Samsara” və “Geotab” kimi texnologiyaların real vaxt rejimində materialların monitorinqinə və logistik əməliyyatların təhlükəsiz icrasına imkan verdiyi barədə məlumatlar var.

PUA və Antidron Texnologiyaları

(7.a.) Antidron Sistemləri:

Ukrayna Rusiyaya məxsus PUA-ları zərərsizləşdirmək üçün qabaqcıl antidron texnologiyalarından geniş istifadə edir. Bundan əlavə, xüsusi olaraq qeyd etmək lazımdır ki, hələ inkişaf mərhələsində olan və standartlaşmamış PUA və antidron texnologiyaları Ukraynada sınaqdan keçirilir.

“DroneShield” və “Dedrone” kimi REM sistemləri və lazer əsaslı silahların Rusiyaya məxsus PUA-ları aşkar edib məhv etdiyi bildirilir. Qeyd edilir ki, bu sistemlər mühüm hərbi və mülki infrastrukturların qorunması üçün istifadə olunur. Lakin hesab edirik ki, indiki mərhələdə antidron sistemlərinin real effektivliyini və uğurunu dəqiq ifadə etmək mümkün deyil.

(7.b.) Sürü PUA-ları:

Sürü PUA-larının tez-tez koordinasiyalı hücumlar və müşahidə əməliyyatları üçün istifadə edildiyi bildirilir. “Swarm Technologies” və “Anduril” kimi şirkətlər tərəfindən hazırlanan PUA-ların SZ alqoritmlərindən istifadə edərək, bir-biri ilə əlaqə yaratdığı və effektiv fəaliyyət göstərdiyi bildirilir. Bu PUA-ların geniş ərazilərdə müşahidə və sürətli reaksiya üçün istifadə olunduğu anlaşılır.



Nəticə

Ukraynadakı müharibə məlumatlara əsaslanan texnologiyaların və innovativ strategiyaların döyüş meydanında necə istifadə oluna biləcəyinə dair unikal nümunələr təqdim edir. Ticari peyk görüntüləri, sosial media kəşfiyyatı, avtonom sistemlər, ELINT/SIGINT həlləri, antidron tətbiqləri, kibertəhlükəsizlik həlləri, humanitar yardım və logistika idarəetməsi kimi sahələrdə tətbiq edilən bu təcrübələr müasir müharibənin dinamikasında köklü dəyişikliklərə səbəb olur.

Bu məqamda hesab edirik ki, Ukraynanın bütün yeni nəsil hərbi imkanlarına baxmayaraq, Rusiyaya qarşı kifayət qədər güc zonasına çata bilməməsi ilə bağlı tənqidlər son dərəcə ədalətsizdir. Çünki sözügedən proses şərti olaraq Rusiyadan çox geridə qalan Ukraynanın müharibə məlumatlarına əsaslanması və Rusiyaya qarşı müqavimətinin artması ilə nəticələndi.

Gələcəkdə bu texnologiya və üsulların daha da inkişaf etdirilməsi və həm qlobal müdafiə sənayesinə, həm də əməliyyat doktrinalarına daha böyük təsir göstərməsi qaçılmaz bir nəticə olacaq. Qeyd etmək istərdik ki, əgər qaçılmaz deyilsə, hər bir müharibə silsilə qətllərdən başqa bir şey deyil. Müharibəsiz dünya keçmişdə heç vaxt olmadığı kimi bugünkü reallıqda da utopiya kimi görünür.

Bununla belə, bütün qəlbimizlə arzu edirik ki, dünyada daimi sülh bir gün əldə edilməli olan “insanlıq idealı” kimi nəzərdən keçirilib qəbul olunsun. Ancaq “müharibəyə yox” kimi boş bir romantizmlə özünü və cəmiyyətini hazırlıqsız buraxmanın və “qurbanlıq qoyun” kimi gözləmənin də əsla qəbul edilə biləcək bir vəziyyət olmadığını düşünürük.

Çox çətin dinamikaya uyğun olaraq inkişaf edən Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olmayaraq, Ukrayna torpaqlarında baş verən davamlı müharibə təcrübələri digər ölkələr üçün dəyərli dərslər təqdim edir və bizə göstərir ki, məlumatlara əsaslanan müharibə gələcək illərdə dəstək elementi olmayacaq, əksinə əsas elementə çevriləcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin