Ucuz qazdan bağlanan bazarlara qədər: Ermənistan hansı bədəli ödəyə bilər?

2026/06/1780476000.jpg
Oxunub: 232     21:03     04 İyun 2026    
Rusiyanın energetika naziri Sergey Tsivilyovun son açıqlaması Ermənistanın xarici siyasət seçimlərinin yalnız siyasi deyil, həm də ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyini bir daha gündəmə gətirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri “Ucuz qazdan bağlanan bazarlara qədər: Ermənistan hansı bədəli ödəyə bilər?” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, Sergey Tsivilyov Ermənistanın Avropa İttifaqına üzv olmaq və Avrasiya İqtisadi Birliyindən çıxmaq qərarı verəcəyi təqdirdə Rusiyanın qaz və neft məhsullarını indiki güzəştli şərtlərlə tədarük edə bilməyəcəyini bildirib.

Onun sözlərinə görə, Avropada təbii qazın qiyməti bir neçə dəfə yüksəkdir və Ermənistan iqtisadi inteqrasiya istiqamətini dəyişərsə, mövcud güzəşt mexanizmlərinin saxlanılması mümkün olmayacaq.

“Bu məsələ ilə bağlı erməni tərəfinə məktub göndərilib ki, İrəvan mümkün inkişafları və onların iqtisadi nəticələrini əvvəlcədən qiymətləndirə bilsin”, - deyə məqalədə qeyd olunur.

Nəşrin yazdığına görə, Ermənistan hakimiyyəti uzun müddətdir Avropa istiqamətini sürətli rifah yolu kimi təqdim etsə də, reallıq daha mürəkkəbdir.

Məqalədə vurğulanır ki, Ermənistan iqtisadiyyatının bir sıra əsas sahələri hələ də Rusiya bazarından, Rusiya enerji daşıyıcılarından və mövcud güzəştli şərtlərdən ciddi şəkildə asılıdır.

“Qazın qiymətində baş verəcək hər hansı ciddi dəyişiklik əhalinin sosial vəziyyətinə, istehsal xərclərinə, kənd təsərrüfatına və xidmət sektoruna birbaşa təsir göstərəcək”, - deyə nəşr bildirir.

Məqalədə qeyd olunur ki, Tsivilyovun açıqlaması Ermənistan-Rusiya iqtisadi münasibətlərində müşahidə olunan gərginlik fonunda səslənib.

Müəllif xatırladır ki, son həftələrdə Rusiyanın nəzarət orqanları Ermənistandan idxal edilən bir sıra kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq edib. Söhbətin əsasən pomidor, xiyar, bibər, göyərti və çiyələkdən getdiyi vurğulanır.

“Bu qərarlar kənd təsərrüfatı icmalarında ciddi narahatlıq yaradıb. Bir çox təsərrüfat illərdir məhsullarının əsas hissəsini Rusiya bazarına ixrac edir və indi satışla bağlı ciddi problemlərlə üzləşib”, - deyə nəşr qeyd edir.

Müəlliflərin fikrincə, məhdudiyyətlər uzun müddət davam edərsə, çoxsaylı fermer təsərrüfatları ciddi maliyyə itkiləri ilə qarşılaşa bilər.

“Daxili bazarda məhsul bolluğu qiymətlərin aşağı düşməsinə və istehsalçıların gəlirlərinin azalmasına səbəb ola bilər. Yaranmış vəziyyət Ermənistan üçün xarici bazarların və enerji təhlükəsizliyinin hələ də həyati əhəmiyyət daşıdığını göstərir.

Bir tərəfdən Avropaya inteqrasiya müzakirə olunur, digər tərəfdən isə iqtisadi münasibətlərin dəyişməsi halında yarana biləcək risklər artıq görünməyə başlayıb”, - deyə məqalədə bildirilir.

Məqalənin sonunda qeyd olunur ki, kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər və enerji daşıyıcılarının qiymətləri ilə bağlı xəbərdarlıqlar eyni prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Müəllifin fikrincə, Ermənistan qarşısında duran seçimlər yalnız siyasi xarakter daşımır, həm də ölkənin enerji təhlükəsizliyi, ixrac imkanları və yüz minlərlə vətəndaşın sosial rifahı ilə birbaşa bağlıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin