Noyabrın 26-da Konya 3-cü Əsas Reaktiv Baza Komandanlığından havaya qalxan E-7 təyyarəsinin Rumıniya səmasında NATO təliminə qatılarkən, xüsusi rənglənməsi diqqət çəkirdi. Təyyarənin sol tərəfində Türkiyə Hərbi Hava Qüvvələri yazısının altında Atatürkün “Gələcək səmalardadır” şüarı və 10 ildə uçurulan 22 min 603 saat yazılıb. “Barış Kartalı” təyyarələri hazırda 131-ci Eskadrilya tərəfindən istifadə olunur.
“Boeing” 737-700 tipinin bazası əsasında hazırlanan təyyarə 800 seriyalı qanadlara malikdir. Onun üzərində “Northrop Grumman”ın MESA radarı var. Ümumilikdə 4 təyyarə Şərq-Qərb-Şimal-Cənub adları altında istənilən hava şəraitində Türkiyə səmasını müşahidə edir. Təyyarələr 131-ci Eskadrilyanın tərkibində fəaliyyət göstərir.
“Barış Kartalı” Layihəsinin ilk günündən bu yana əhəmiyyətli bir rol oynayan HAVELSAN layihədə əhəmiyyətli bir milliləşdirmə əldə edib. Qısa müddətdə Türkiyə HHQ-nin tələblərini inteqrasiya edən HAVELSAN “Barış Kartalı”nı müasir saxlamaq üçün vacib bir modernləşdirmə paketi üzərində işlərini davam etdirir.
HAVELSAN 2003-cü ildə layihəyə daxil olub
Türkiyə HHQ “Boeing” tərəfindən hazırlanan və “Northrop Grumman” radarları ilə təchiz edilən E-7 sistemini seçdiyi zaman ilk istifadəçi olan Avstraliyadan sonra ikinci müştəri oldu. Ümumilikdə 4 təyyarəni əhatə edən müqavilədə əsas podratçı “Boeing” Türkiyə müdafiə sektoruna “mənbə kodları” və həmçinin əhəmiyyətli “offset” imkanları təqdim etməyi öhdəsinə götürmüşdü.
HAVELSAN layihədə 3 əsas sistem hazırlayıb. Burada 200-dən çox mühəndis çalışıb. 20 ildən sonra da HAVELSAN layihədə mühüm rol oynamağa davam edir. Sistemlərin milliləşdirilməsi ilə yanaşı, Türkiyə HHQ-nin yeni missiya tələbləri üçün proqram təminatı hazırlayır. Bunlar çox qısa müddətdə hazırlanır. Sınaqlar tamamlanır və təyyarəyə inteqrasiya edilir.
İnal Atilla Güneş qeyd edir: “İndi bütün təkmilləşdirmə tələblərini daha sürətli yerinə yetiririk. HAVELSAN son 4 ildə “Barış Kartalı” üçün 3 əsas versiya buraxdı. Bunları təyyarələrə inteqrasiya etdi. Biz bu işləri uğurla başa çatdırmışıq. Məsələn, Radioelektron Kəşfiyyat Sistemini əsas podratçımızla birlikdə ortaq şəkildə dəyişdiririk. Bunun davamı gələcək”.
Daha böyük modernləşmə
“Barış Kartalı”nın hədəflənən ömrü 2035-dir. Son hadisələrə və cari hadisələrə görə təyyarələr həmişə xidmətə hazır olmalıdır. “Barış Kartalı” təyyarələri bir çox NATO missiyalarında iştirak edir. Bu səbəbdən NATO əsaslı yeniləmələr HAVELSAN komandası tərəfindən qısa müddətdə həyata keçirilir.
E-7-yə artan tələbat
E-7-yə artan tələbat da diqqətəlayiqdir. Layihəyə Avstraliya və Türkiyədən sonra Cənubi Koreya da qoşulub. Kral HHQ və daha sonra ABŞ HHQ də E-7-nin müştərilərinə çevrilir. HAVELSAN bu mövzuda uzun illər ərzində əldə etdiyi təcrübəni xaricə daşımağı hədəfləyir.
Ən maraqlı mövzulardan biri sistemin kiberhücumlara qarşı həssas olub-olmamasıdır. Günəş sistemin havada kiber sistemə qapalı olduğunu, yerdə isə sistemlərin xaricə qapalı olduğunu vurğulayır.
İnventarda 4 təyyarə var
Layihə 2003-cü ildə başlayanda, 4 təyyarənin alınması planlaşdırılırdı. E-7 tədarükləri 60 ay ərzində həyata keçirilməli idi. “Boeing” Türkiyəyə Avstraliya üçün həyata keçirdiyi layihəyə bənzər bir layihə verməyi hədəfləyirdi. Lakin o illərdə Avstraliya E-7-ləri əsasən qitə ətrafında dəniz nəqliyyatının monitorinqinə cavabdeh idi. Türkiyənin tələbləri çox daha əhatəli və fərqli idi.
Bu vəziyyət layihənin çökməsinə səbəb olub. İlk təyyarə 2014-cü ildə təhvil verilib.
Layihə HAVELSAN-a nə verdi?
Bu layihə sayəsində HAVELSAN bir çox yeni istedadlar qazandı. Təyyarə xidmətə daxil olduqdan sonra HAVELSAN yeniləmə və modernləşdirmələrdə iştirak edib. Məqsəd yeni nəsil milli platformaların yaradılması üçün bu təcrübələrdən və yerli resurslardan yeni layihələrdə istifadə etməkdir.
Firuz Bağırov
Ordu.az