Ukrayna-Rusiya müharibəsində təkmil raket sistemlərinin təsiri – ANALİZ

2024/12/1733981201.jpg
Oxunub: 652     13:25     13 Dekabr 2024    
Ukrayna-Rusiya müharibəsi bizə hər gün hərbi texnologiyalardan istifadə, hərbi taktika və strategiyaların həyata keçirilməsi baxımından inqilabi təcrübələri göstərir.

Son zamanlar müharibənin gedişatı yeni müstəviyə keçib. Ukrayna ABŞ istehsalı “Army Tactical Missile Systems” (ATACMS) və Britaniya-Fransa istehsalı olan “Storm Shadow” raketləri kimi Qərbin təqdim etdiyi qabaqcıl raket sistemlərindən istifadə edərək, hərbi əməliyyatlarını gücləndirib.

Bu uzun mənzilli, dəqiq idarə olunan sursatlar Ukrayna qüvvələrinə Rusiya ərazisindəki strateji hədəflərə zərbələr endirməyə imkan verir və bu, münaqişədə mühüm həddin keçildiyini göstərir. Çünki bu raketlər Rusiyanın tədarük zəncirlərini və komanda mərkəzlərini pozaraq, Ukraynaya Rusiyanın nəzarəti altında olan logistik mərkəzlər və hava bazaları kimi kritik hədəfləri vurmağa imkan verib. Buna cavab olaraq Rusiya Dneprdə Ukraynanın uzun mənzilli raket sistemlərinin saxlanılması və istehsalında rol oynadığı iddia edilən obyektə hücumda “Oreshnik” adlı yeni orta mənzilli ballistik raketdən (MRBM) istifadə etdiyini açıqlayıb.

Ukraynaya ATACMS və “Storm Shadow” raketlərinin tədarükü ölkənin hücum qabiliyyətinin əhəmiyyətli dərəcədə artması deməkdir. Bu sistemlər Ukraynaya Rusiyanın nəzarətində olan bölgələrdə kritik infrastruktur və hərbi aktivləri hədəf almağa imkan verir. Beləliklə, Qərbin dəstəyinin strateji tarazlıqları dəyişə biləcək səviyyəyə çatdığını söyləyə bilərik.

Ukraynanın bu hücumlarına Rusiyanın cavabı gecikməyib. Prezident Vladimir Putin Dneprdəki müdafiə obyektinə “Oreshnik” raketi ilə hücumu təsdiqləyib. O həmçinin bildirib ki, sözügedən yeni raket sistemi qeyri-nüvə hipersəs döyüş başlığı ilə təchiz edilmiş orta mənzilli ballistik raketdir. “Oreshnik” hücumu eksperimental silahın ilk əməliyyat istifadəsi idi və Ukraynanın Qərbdən aldığı uzun mənzilli raketlərdən istifadə etməsinə cavab olaraq göstərilib.

“Oreshnik” hücumundan 30 dəqiqə əvvəl buraxılışdan xəbərdar olduğunu təsdiqləyən ABŞ Müdafiə Nazirliyi Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün dəqiq idarə olunan hərbi sursatlar və dəstək sistemləri verməyə davam edəcəklərini təkrarladı. NATO mümkün eskalasiyaya cavab verməyə hazır olduğunu bildirdi. Böyük Britaniya və Polşa Şərqi Avropada Rusiyanın hücumunun qarşısının alınmasının vacibliyini vurğulayan bəyanatlar veriblər.

Rusiyanın “Oreshnik” raketindən istifadə etməsi mövcud müdafiə sistemlərinə meydan oxuyan münaqişənin əhəmiyyətli dərəcədə artmasını göstərir. Əlbəttə ki, raket sisteminin hərbi effektivliyini bir nümunə üzərindən qiymətləndirmək və onun davam edən müharibəyə təsiri barədə nəticə çıxarmaq çətindir. Amma bu addım həm Ukraynaya, həm də onun Qərb müttəfiqlərinə strateji mesaj verir və Rusiyanın qəbul edilən təhdidlərə cavab olaraq qabaqcıl raket texnologiyalarından istifadə etməyə hazır olduğunu göstərir. Belə bir raketin istifadəsi münaqişənin daha da genişlənməsi və dəyişən xarakteri potensialını vurğulayır.

“Oreshnik” raketinin məlum xüsusiyyətləri

“Oreshnik” raketi RS-26 “Rubezh” qitələrarası ballistik raketinin (ICBM) bazası əsasında hazırlanıb və Rusiyanın raket texnologiyasındakı nailiyyətlərini əks etdirir. Hipersəs qabiliyyəti ilə “Patriot” və THAAD kimi mövcud raketdən müdafiə sistemlərindən yayınmaq üçün nəzərdə tutulub və sürəti 10 “Mach”ı aşır. Təxminən 5000 kilometrlik mənzili ilə orta mənzilli və qitələrarası ballistik raketlər arasında hibrid kimi təsvir edilir. Bütün Avropanı və ABŞ-nin bəzi hissələrini hədəfə ala bilər.

O, konvensional, hipersəs və ya nüvə döyüş başlıqlarını daşıya bilir və MIRV (multiple independently targetable reentry vehicle) texnologiyası sayəsində eyni vaxtda bir çox hədəfə hücum edə bilir. Qabaqcıl idarəetmə sistemləri ilə təchiz olunub və minimum yan zərərlə yüksək dəqiqlikli hədəfləmələr həyata keçirə bilir.

Rusiyanın məqsədi və strateji niyyəti

Bu hücumun üç əsas məqsədinin olduğunu deyə bilərik. Birincisi Ukraynaya birbaşa bağlı olan infrastrukturu hədəfə alaraq, onun uzun mənzilli zərbə qabiliyyətini sarsıtmaqdır. İkincisi, “Oreshnik” kimi qabaqcıl raketdən istifadə Rusiyanın hərbi mövqeyində şüurlu addımdır, Moskvanın Qərbə və NATO-ya özünün ən qabaqcıl silahlarından istifadə etməyə hazır olduğunu göstərmək, münaqişənin gərginləşməsindən xəbər vermək məqsədinə xidmət edir. Üçüncüsü NATO-ya qarşı çəkindirmədir. Rusiya NATO-nun raketdən müdafiə sistemlərindən yan keçmək qabiliyyətinə malik olduğunu göstərməklə, Ukraynaya daha çox hərbi yardımın qiymətinin nə ola biləcəyini vurğulamağı hədəfləyir.

Putinin bəyanatları həm də Rusiyanın ölkənin təhlükəsizliyini təmin etməyə və Ukraynanı hərbi cəhətdən dəstəkləyənlərin “təxribatları”na effektiv cavab verməyə davam edəcəyinə açıq işarədir.

Bir tərəfdən, Putinin bəyanatı Rusiya daxilində Qərbin sanksiyalarına baxmayaraq, onun hərbi imkanlarının inkişaf etdirildiyi və reaksiya verə bilən vəziyyətdə olduğu qənaətini gücləndirib. Digər tərəfdən, “Oreshnik”in hipersəs sürətinə və dəqiqliyinə vurğu NATO-ya münaqişəyə daha çox müdaxilə edəcəyi təqdirdə riskləri xatırladıb. Son olaraq isə Rusiyanın konvensioanl və nüvə silahları arasındakı sərhədi pozmağa hazır olduğu barədə strateji mesajı təkrarlayıb.

“Oreshnik” raketindən istifadə həm də Rusiyanın özünün üstünlüyünü təsdiq etmək və Qərbin müdaxiləsini çəkindirmək məqsədilə düşünülmüş eskalasiyanı göstərir. Belə ki, Rusiya bu əks-hücumla strateji siqnal verib. Rusiyanın hipersəs texnologiyası NATO-nun müdafiəsinə nüfuz edə biləcəyini nümayiş etdirməklə, Qərbin hərbi planlaşdırmasına və əməliyyat etimadına meydan oxuyub. Bununla belə, “Oreshnik”dən istifadə neytral aktorların uzaqlaşmasına və ya münaqişənin Rusiyanın nəzarətindən kənara çıxmasına gətirib çıxara bilər. Texnoloji üstünlüyə gəlincə, raket Rusiyanın qabaqcıl imkanlarını nümayiş etdirsə də, güc balansını əsaslı şəkildə dəyişməyə bilər. Həqiqətən də Ukraynanın Qərbdən gətirilən silahlarla Rusiyanın əməliyyatlarını pozmağa davam etmək gücü var.

Nəticə

Münaqişə hər iki tərəfin öz imkanlarını nümayiş etdirdiyi qabaqcıl raket texnologiyası müharibəsinə çevrilib. Rusiyanın “Oreshnik” raketindən istifadə etməsi NATO-nu çəkindirmək və Moskvanın strateji imkanlarını vurğulamaq üçün hesablanmış eskalasiya idi. Lakin bu addım ABŞ və NATO-nun Ukraynaya dəstəyini artırmaq riskini də gətirir. Hər iki tərəf öz qabaqcıl sistemlərindən istifadə etməyə davam etdiyi üçün münaqişənin daha da genişlənmə potensialı var.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin