İran Suriyada baş verənlərə necə cavab verəcək? Xameneyi nüvə silahı ilə bağlı “fətva”sına yenidən baxacaq?

2018/07/AP080923010567-1024x640_1532693655.jpg
Oxunub: 889     21:19     11 Dekabr 2024    
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami İran parlamentinin qapalı iclasında İsrailə qarşı hərbi əməliyyatlar məsələsini müzakirə edib.

Bu barədə ISNA-ya deputat Əhməd Naderi məlumat verib. “Əsas müzakirə mövzusu regiondakı strategiyamız olub, İsrailin hərəkətləri, İsrailə qarşı hərəkətlərimiz şərh edilib. O, təhlükəsizlik, kəşfiyyat, hərbi komponentləri nəzərə alaraq, regiondakı mövcud vəziyyəti müzakirə edib”, - deyə iranlı deputat qeyd edib.

Onun bildirdiyinə görə, müzakirələrdə SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlı dəstəsinin nümayəndəsi də iştirak etməli idi, lakin o buna nail ola bilməyib. Son vurğu böyük ehtimalla o mənada edilib ki, “Əl-Qüds” xüsusi təyinatlı dəstəsi bu günlərdə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir və onun komandirləri xidmət yerində olmaya bilməzlər. Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra demək olar ki, bütün ekspertlər İranın Yaxın Şərqdə təsirinin zəiflədiyini bildirir.

“Anadolu”nun şərhçisi hətta İranın 40 illik sərmayələrinin suya düşdüyünü belə qeyd edib. Bu kontekstdə parlamentin qapalı iclasında “İsrailə qarşı hərbi əməliyyatlar” mövzusunda qapalı müzakirələrin aparılması ilə bağlı məlumat təbii ki, İranın ali rəhbərliyinin, o cümlədən dini liderin ofisinin göstərişi ilə yayılıb və açıq şəkildə Suriyada iştirak edən bütün aktorlara ünvanlanıb. Tehran “barıt çəlləyinin boşalmadığını” açıq şəkildə bildirir.

Ekspertlər isə iki aya yaxın döyüşlər zamanı “Hizbullah”ın 4000 itki verdiyini və raket ehtiyatlarının 80 faizinin məhv edildiyini nəzərə alaraq, bunun əksini iddia edirlər. Lakin eyni zamanda ərəb mənbələri bildirir ki, “Hizbullah” Suriyadakı qüvvələrini, silah-sursatını və hərbi texnikasını demək olar itkisiz Livana köçürüb. İran ordusu, SEPAH və onun “Əl-Qüds” xüsusi təyinatlı dəstəsinin hansı hərbi potensiala sahib olduğu ilə bağlı qiymətləndirmələr ziddiyyətlidir.

Suriyada vəziyyətin kəskin şəkildə gərginləşməsinə az qalmış beynəlxalq mətbuat İranın yaxın aylarda nüvə silahına malik ola biləcəyi ilə bağlı həyəcan təbili çalırdı. Üstəlik, bu ehtimal rəsmi olaraq inkar edilməyib. Əksinə, müxtəlif səviyyələrdə deyilib ki, nüvə silahı əldə etmək üçün heç bir texniki problem yoxdur, yeganə maneə dini liderin uran enerjisindən hərbi məqsədlər üçün istifadəni qadağan edən “fətva”sıdır. Lakin bu, daha çox belə bir təəssürat yaradır ki, Xameneyi ölkə üçün ekzistensial sınaq anında qərarına yenidən baxa bilər.

Bu mənada İran hökumətinin üç qolunun Ali Koordinasiya Şurasının katibi, əvvəllər SEPAH-a rəhbərlik etmiş Möhsün Rezavi çox diqqətçəkən bəyanatla çıxış edib. “İran xarici təcavüzə qarşı mübarizədə istifadə olunmaq şərti ilə istənilən, xüsusən də ərəb və islam ölkəsinə raketlər, Pilotsuz Uçuş Aparatları (PUA) və silahlar satmağa hazırdır. Biz silahımızı satmağa hazırıq ki, millətlər özlərini müdafiə etsinlər”, - deyə iranlı yüksək dərəcəli rəsmi bildirib.

İsrailin İrana qarşı son raket hücumundan sonra mətbuatda məlumatlar yayılıb ki, İran illərlə öz raket arsenalını yenidən qurmalı olacaq. Möhsün Rezavi açıq mətnlə bu şayiələri təkzib etməklə yanaşı, raket, PUA və digər silahlar satmağa hazır olduğunu da açıqlayır. Burada təbii olaraq təbliğat komponenti də mövcuddur, lakin eyni zamanda güman etmək olar ki, İran həqiqətən də nüvə silahı yaratmağa yaxındır və raket satmaqda israfçılıqla üzləşə bilər.

Üstəlik, qeyd edək ki, İran Bəşər Əsəd rejiminin devrilməsi zamanı kosmosa hərbi peyk göndərib. Bu, Tehranın ixtiyarında olan, məqsədyönlü istifadəsi peyk nəzarəti ilə həyata keçirilən silahlardan xəbər verir. Suriyada heç nə bitməyib. “Anadolu”nun məqaləsində proqnozlaşdırılır ki, keçid hökuməti qurulduqdan sonra iqtidara gələn qüvvələr YPG-nin nəzarəti altında olan ərazilərə keçəcəklər.

YPG onları necə qarşılayacaq, ələvilər hansı oriyentasiyanı nümayiş etdirəcəklər? İqtidara gələn qüvvələr də homogen deyil. Bəzi məlumatlara görə, İran onlarla “kanallar yaradıb”. Amma görünən odur ki, heç kimin siyasi həllə inamı yoxdur. Bu vəziyyətdə Tehranın “əzələ nümayişi” kifayət qədər maraqlıdır. Bəs “müqavimət oxu”nu saxlamaq nə dərəcədə mümkün olacaq və ya onun parçalanması müqabilində İran nə əldə edəcək? Bunu təsəvvür etmək belə çətindir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Suriya   Xameneyi  


Bizi "telegram"da izləyin