Təkcə 2023-cü ildə Aİ ölkələri 279 milyard avro sərmayə qoyaraq, Avropa Müdafiə Agentliyinin (EDA) qeyd etdiyi ən yüksək rəqəmə çatıb və 2022-ci ilə nisbətən 10 faiz artım göstərib.
Lakin müdafiə xərclərinin artırılması yeni tendensiya deyil. Artan tendensiya 2014-cü ildə Rusiyanın Krım yarımadasını ilhaq etməsi ilə başlayıb.
Ötən il ən çox pul xərcləyən ölkələr Rusiyanın bütün qonşuları olub: Polşa ÜDM-in 3,3 faizini müdafiəyə ayırıb, onu Estoniya (3,0 faiz) və Latviya (2,9 faiz) izləyir.
Ölkə daxilində daha çox silah istehsalına təcili ehtiyac var - EDA şefi
Avropa Müdafiə Agentliyinin Baş icraçı direktoru Jiri Şedivi investisiyaların böyük hissəsinin Aİ xaricindəki hazır avadanlıqlara getdiyini söyləyərək, Aİ-nin Müdafiə Texnologiyaları və Sənaye Bazasının (EDTIB) gücləndirilməsinin vacibliyini vurğulayıb.
“Birlikdə satın almaq pula qənaət edir, aktivləri birlikdə inkişaf etdirmək isə bizi daha müstəqil edir. Avropa müdafiə tədqiqatları və texnologiya investisiyalarında ABŞ və Çindən geri qalır. Avropanın gələcəyini təmin etmək üçün biz innovasiyalara və birliyə üstünlük verməliyik”, - deyə o qeyd edib.
Aİ-nin hərbi investisiyaları 2024-cü ildə yeni rekorda çatacaq
Aİ-nin 27 üzv dövlətindən 22-də müdafiə xərcləri artıb. Bunlardan 11-də ən azı 10 faiz artım qeydə alınıb. Müdafiə investisiyalarının 80 faizindən çoxu və ya 61 milyard avro hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və döyüş tankları kimi yeni müdafiə vasitələrinə ayrılıb.
Bu il Aİ-nin müdafiə xərclərinin 326 milyard avroya çatacağı gözlənilir. Bu rəqəm Aİ-nin ÜDM-sinin 1,9 faizinə uyğundur və NATO-nun üzvləri üçün müəyyən etdiyi 2 faizlik hədəfdən bir qədər aşağıdır.
2 faiz NATO-nun çəkindiriciliyini davam etdirmək üçün “yetərli deyil”
Ancaq NATO-nun yeni Baş katibi Mark Rutte bildirib ki, 2 faiz uzunmüddətli perspektivdə çəkindirmə qabiliyyətini saxlamaq üçün yetərli deyil. NATO xarici işlər nazirlərinin Brüsseldəki sonuncu görüşündən sonra Rutte deyib: “İndi özümüzü müdafiə edə bilərik və heç kim bizə hücum etməyə çalışmamalıdır. Amma mən istəyirəm ki, 4-5 ildən sonra belə qalsın”.
İyul ayında ABŞ prezidenti Co Bayden və onun NATO-dakı həmkarları alyansın Rusiyanın hücumuna necə cavab verəcəyi ilə bağlı Soyuq müharibədən etibarən ən böyük birləşməni təsdiqləyiblər.
Yeni çox məxfi plana görə, NATO 30 gün ərzində 300 000-ə qədər hərbi qulluqçunu şərq cinahına köçürməyə hazır hala gətirməyi planlaşdırır. Planlar Arktika və Baltik dənizi regionundan Atlantik okeanına və şərqdən Qara dənizə qədər istənilən yerə hücuma hansı müttəfiqlərin cavab verəcəyini müəyyənləşdirir.
Lakin NATO-nun yüksək rütbəli rəsmiləri etiraf edirlər ki, təhlükəsizlik planını uğurla həyata keçirmək üçün ölkələr ÜDM-in 3 faizinə qədər vəsait xərcləməlidirlər. Rutte həmçinin bildirib ki, NATO üzv ölkələrə hərbi təchizat çatışmazlığını aradan qaldırmaq üçün konkret hədəflər qoya bilər.
Sevinc Əliyeva
Ordu.az