Bundan əvvəl ayrı-ayrı ikitərəfli görüşlər və telefon danışıqları, həmçinin ölkə prezidentləri səviyyəsində telefon danışıqları olub. Türkiyə Suriyadakı təsirini əhəmiyyətli dərəcədə genişləndirib, Suriyanın ikinci ən böyük şəhəri Hələbi və Hələb vilayəti, Həma və Dera şəhərləri silahlı qrupların hücumu ilə ələ keçirilib.
Suriya prezidenti Bəşər Əsədin İranla Rusiyanın dəstəyinə malik olduğunu və Suriya hökumət qüvvələrinin əslində bu dəstəklə silahlı qruplaşmalara müqavimət göstərə bilməli olduğunu nəzərə alsaq, bu blitzkriqin necə mümkün olduğu əsas suallardan biridir. Nəticə etibarilə İran və Rusiyanın blitzkriq hazırlanması barədə kəşfiyyat məlumatlarına malik olmadığını söyləmək bəlkə də çox sadəlövhlük olar.
Moskva və Tehran başqa istiqamətlərdə məşğul olmaqla yanaşı, Suriyadakı əməliyyat vəziyyətinə hakim olmaq iqtidarında deyildilərsə, bu, yumşaq desək, artıq silahlıların cəsarətindən çox Rusiya və İranın səriştəsizliyindən xəbər verir. Bununla belə, xüsusilə Suriyada vəziyyətin gərginləşməsindən bir gün əvvəl Ərdoğanla Putin arasında telefon danışığı olduğunu nəzərə alsaq, Moskva və Tehranın səriştəsiz olduğunu düşünmək bəlkə də vəziyyətə qeyri-adekvat olar.
Buna görə də güman etmək lazımdır ki, Suriya məsələsində, belə demək mümkündürsə, yenidən razılaşmalar prosesi baş verib. Burada silahlı qruplaşmalar təbii ki, alətdir. Dohada gözlənilən görüş, görünür, bu mənada əlamətdar ola bilər. Yeri gəlmişkən, Astana üçlüyünün Dohada Suriya ilə bağlı toplantı keçirməsi diqqət çəkir.
Orada təbii ki, hava şəraiti hazırkı dövrdə çox daha əlverişlidir, bəs Astana üçlüyünün yenidən razılaşmaların məntiqini simvolizə edərək, “Doha üçlüyü”nə çevriləcəyi halda görüşdə siyasi “köçürmə” qatı da olmayacaqmı? Bu müvəqqəti və ya uzunmüddətli “köçürmə” üçlüyün digər istiqamətlərdə, xüsusən də Qafqazda münasibətlərinə necə təsir edəcək?
Şübhəsiz, de-yure Suriyaya istinad edən Astana formatı təbii olaraq de-fakto Rusiya, Türkiyə və İranın ümumi əsas maraqlarının olduğu bütün istiqamətləri və regionları nəzərdə tutur. Qafqaz isə bu baxımdan həyati əhəmiyyət kəsb edənlərdən biridir.
Aqil Məmmədov
Ordu.az