Ekspertlər “ruslar Əsədi Türkiyəyə təhvil verir” fikrini irəli sürürlər. İsrail mənbələrinə görə, Moskva Əsədə daha çox hərbi yardım göstərə bilməyəcəyini bildirib. Lakin, əslində, İran da Əsədə konkret yardım etmir, həmçinin Ərəb Liqası Suriya böhranını müzakirə etməyi daha uyğun bir vaxta təxirə salıb. Əsədə İordaniya və İraq da yardım əlini uzatmır.
13 ildir ki, Bəşər Əsəd, Rusiya və İranın "süngü"ləri hesabına və "Hizbullah" dəstəyi ilə hakimiyyətdədir. Vətəndaş müharibəsi nəticəsində milyonlarla suriyalı ölkədən ayrılıb. Bu müddətdə ən azı iki prezidentlik və parlament seçkisi keçirib, lakin iştirak edənlərin kim olduğunu kimsə bilmir.
Daha dəqiq desək, bilməsi gərəkənlər bilir ki, Suriyada hakimiyyət, siyasi sistem və dövlət idarəsi yoxdur və ölkə, Rusiya və İranın varlığını zəiflətməsi halında tamamilə parçalanacaq. Moskva və Tehran, hətta böyük bir istəklə çalışsalar belə, Əsədi xilas etməyə nail olmayacaqlar.
Belə olan halda, Əsədi Rusiya-Türkiyə gizli razılaşmasının və ya Rusiya-İran, ya da sadəcə "rus xəyanəti"nin qurbanı kimi təqdim etmək ədalətli deyil. Bəşar Əsəd, dinastik hakimiyyət daşıyıcısı olaraq, habelə Suriya əhalisinin azlıq təşkil edən ələvilərini təmsil edən bir şəxs olaraq, yaxın günlərdə, ya da dekabrın 7-də hakimiyyəti itirərsə, bunun məsuliyyəti öz üzərinə düşəcək.
Əslində, Əsədin bir seçimi var idi — Türkiyənin hakim gücünü qəbul etmək ya da Rusiyanın, İranın və "Hizbullahın" zəmanətlərinə bel bağlamaq. O, ikinci variantı seçdi, həmçinin mümükündür ki, ona Ərdoğanın dost əlini sıxmağa izn vermədilər və nəticədə xarici heç bir gücün müdaxilə edə bilməyəcəyi şey baş verir. Xalqının, ordusunun və təhlükəsizlik xidmətlərinin etimadını qazana bilməyən lider süqut edir.
Suriyada cərəyan edən “dram” çox güman ki, Əsədin devrilməsi ilə bitməyəcək, əksinə, İraq və İran istiqamətində genişlənmə baş verəcək.
Asif Cəfərov
Ordu.az