Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.
Açıqlamaya görə, Belousov Şimali Koreyanın paytaxtı Pxenyana səfəri çərçivəsində Şimali Koreyanın müdafiə naziri ilə görüşüb.
Belousov görüşün əvvəlində verdiyi açıqlamada Şimali Koreyanın dost ölkə olduğunu bildirib.
“Rusiya-Şimali Koreya münasibətlərinin möhkəmlənməsində iki ölkə liderləri arasında etibarlı qarşılıqlı fəaliyyət əsas rol oynayır. İkitərəfli əlaqələr bütün sahələrdə, o cümlədən hərbi sahədə də inkişaf edir”, - deyə o qeyd edib.
Belousov iyun ayında Rusiya ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin imzalandığına diqqət çəkib.
“Bu saziş Şimal-Şərqi Asiyada sabitləşdirici rol oynayır, regionda qüvvələr balansının qorunmasına müsbət töhfə verir və nüvə silahından istifadə də daxil olmaqla, Koreya yarımadasında yenidən müharibə riskini azaldır. Sözügedən saziş Avrasiyada yeni təhlükəsizlik sisteminin əsasını təşkil edir”, - deyə rusiyalı nazir vurğulayıb.
Belousov iki ölkə arasında yüksək səviyyəli razılaşmaların həyata keçirilməsinin tərəfdarı olduqlarını bildirib.
Şimali Koreyanın müdafiə naziri də Rusiya ilə əlaqələrə önəm verdiklərini və bu əlaqələri daim gücləndirmək istədiklərini bildirib.
“İki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlıq inkişaf edir”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az