RTX yeni nəsil AIM-120 AMRAAM D4 və C9 raketlərini hazırlayacaq

2026/06/1782715245.jpg
Oxunub: 218     10:38     29 İyun 2026    
ABŞ Müharibə Nazirliyi RTX şirkəti ilə AIM-120 AMRAAM “hava-hava” raketinin yeni D4 və C9 variantlarının hazırlanmasına yönəlmiş tədqiqat və inkişaf işlərini əhatə edən 399 milyon dollar dəyərində çərçivə sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, 2027-ci il dekabrınadək davam edəcək müqavilə yeni raket variantlarının ilkin layihələndirmə işlərini və mühəndislik təhlillərini əhatə edir.

Müqavilənin imzalanması mərhələsində 104 milyon dollar məbləğində ilkin maliyyələşdirmə ayrılıb. Verilən məlumata görə, bu vəsaitin hamısı Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində inkişaf prosesinə qoşulan ixracatçı tərəfdaşlar tərəfindən qarşılanır.

Hazırda AIM-120 AMRAAM raketi C-8 və D-3 variantlarında istehsal olunur. Yeni D4 və C9 versiyalarının hazırlanması ilə raketin gələcək əməliyyat imkanlarının artırılması, həmçinin müttəfiq ölkələrin hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemlərinin uzun illər bu raketdən istifadə etməsi nəzərdə tutulur.

AIM-120 AMRAAM hazırda ABŞ, Avropa və Asiya mənşəli 14 müxtəlif çoxməqsədli döyüş təyyarəsinin standart orta mənzilli “hava-hava” raketi kimi istifadə olunur.

Bu günədək sınaqlar və döyüş əməliyyatları çərçivəsində 6 mindən çox AIM-120 AMRAAM raketi buraxılıb. Raket hazırda Ukrayna tərəfindən F-16AM/BM Fighting Falcon qırıcılarında və NASAMS hava hücumundan müdafiə sistemlərində də istifadə edilir.

Yeni müqavilə ilə RTX AMRAAM ailəsinin növbəti inkişaf mərhələsinə keçərək D4 və C9 variantlarının layihələndirilməsi və texniki təhlillərini davam etdirəcək.

Proqramın müttəfiq ölkələrin hava döyüşü və hava hücumundan müdafiə imkanlarının uzunmüddətli perspektivdə qorunmasına töhfə verməsi nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: RTX   AIM-120   AMRAAM  


Bizi "telegram"da izləyin