Berbokun səfəri Putin-Şolts danışıqlarının nəticələri ilə bağlı idi? – ANALİZ

2024/11/1732778461.jpg
Oxunub: 966     13:28     28 Noyabr 2024    
Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistan və Azərbaycana səfər etdi və həmkarları ilə görüşlər keçirdi. Berbok tərəflərlə sonuncu dəfə sentyabr ayında Nyu-Yorkda baş tutan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində görüşmüşdü.

Berbokun Azərbaycandan fərqli olaraq Ermənistana səfəri əvvəlcədən elan olunmamışdı ki, bu da səfərin bir qədər ani olduğu görüntüsü yaradırdı. Berbokun İrəvana gələcəyi faktı yalnız noyabrın 19-da səhər saatlarında məlum olub ki, bu da səfərin bir qədər gözlənilməz olduğunu deməyə əsas verir.

Ən azından daha öncə belə gözlənilən səfərlə bağlı heç bir açıqlama verilməmişdi. Berbokun səfəri ilə bağlı daha əvvəl dərc olunmuş məqalədə qeyd etdiyimiz kimi, Almaniyanın xarici işlər naziri Mirzoyanla İrəvanda görüşdən sonra Bakıya gəlib. O, faktiki olaraq İrəvanda iki-üç saat qalıb. Ermənistan Xarici İşlər Nazirliyi yalnız ikitərəfli və regional məsələlərin müzakirə edildiyi barədə məlumat yayıb.

Almaniyanın xarici işlər naziri Ermənistana niyə getmişdi? Berbok noyabrın 22-də başa çatan COP29 münasibətilə Azərbaycana gələrkən, niyə Ermənistana baş çəkmişdi? Məgər Almaniya xarici işlər nazirinin səfəri onun COP29-da iştirak etmək üçün Bakıya gələcəyi, müvafiq olaraq həm də fürsətdən istifadə etmək və İrəvana səfər etmək qərarına gəldiyi ilə bağlı idi, yoxsa onun İrəvan və Bakıya səfərləri Azərbaycanla Ermənistan arasında gedən proseslərlə bağlıdır? Almaniya xarici işlər nazirinin səfərinin təfərrüatları olmasa da, bu, Berbokun hansısa konkret ideya ilə gəldiyi deməkdir. Eyni zamanda, diqqətəlayiq fon şəraiti var.

Əlbəttə, iki halı nəzərə alsaq, bu, az mümkündür. Əvvəla, bu gün Almaniya hökuməti kifayət qədər çətin daxili vəziyyətdədir, hakim koalisiya dağılıb və əgər bu hökumətin taleyinin çox yaxın gələcəkdə necə olacağı məlum deyilsə, bu mənada çətin ki, Berlin Azərbaycan və Ermənistan arasında hər hansı ideyanın irəli sürülməsi üçün müəyyən məsuliyyəti üzərinə götürsün.

Üstəlik, əgər Azərbaycan hazırda COP29 ilə məşğul olduğunu və vəziyyətdən asılı olaraq ya dekabrda, ya da bəlkə də yanvarda Azərbaycan-Ermənistan prosesinə qayıdacağını bildiribsə... Bu barədə bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib. Buna görə də Almaniyanın xarici işlər nazirinin hər hansı xüsusi məqsədlə İrəvana və Bakıya səfər etməsi ehtimalı azdır.

Yəni Berbok hökumətin ağır vəziyyətində bölgəyə səfər etmişdi. Hakimiyyət koalisiyası bir neçə gün əvvəl dağılıb. Berbok Almaniyanın koalisiya hökumətində Yaşılların nümayəndəsidir. Koalisiyanın lideri Sosial Demokrat Partiyasıdır. Bu partiyanın nümayəndəsi kansler Olaf Şoltsdur.

Şolts Azad Demokratların nümayəndəsi olan maliyyə nazirini işdən çıxardığını elan etdikdən, ardınca isə Azad Demokratların digər nazirləri istefa verdikdən sonra koalisiya dağıldı. Sosial Demokratların ən azından hələlik Yaşıllarla problemi yoxdur, amma bu, hakim çoxluğu təmin etmək üçün kifayət deyil.

Əgər Bundestaq dekabrda kanslerə etimadsızlıq göstərsə - bunun ehtimalı kifayət qədər böyükdür - prezident Frank-Valter Ştaynmayer fevralın sonunda növbədənkənar parlament seçkiləri təyin edəcək. Bu çətin daxili vəziyyətdə Berlin xarici siyasət mənasında nə dərəcədə canlıdır? Digər diqqətəlayiq fon da buradadır. Günlər öncə Şoltsun Vladimir Putinə telefon zəngi 2 illik fasilədən sonra baş tutub.

Şolts ABŞ prezidenti seçilməzdən əvvəl danışmağa hazır olduğunu bildirib, lakin telefon danışığı Donald Trampın prezident seçildiyi artıq məlum olandan sonra baş tutub. Bu seçki isə Avropa, o cümlədən Almaniya üçün müəyyən yeni çağırışdır. Şolts və Putin bir saat danışıblar. Bundan sonra Almaniya kansleri yaxşı xəbərinin olmadığını və Putinin Ukraynadakı müharibəni bitirməyə yanaşmasının dəyişmədiyini bildirib.

Ancaq o, Rusiya prezidenti ilə təmasları davam etdirməyə hazır olduğunu deyib. “Putin bizim qorxularımızla oynayır”, - deyə ötən gün Berbok qeyd edib. O bildirib ki, qorxularının olmadığını göstərmək lazımdır. Berbok beləliklə Amaniya kanslerinin ünvanına hansısa eyham vurub və Şoltsun “qorxudan” Putinlə təmas qurduğunu düşünüb?

Almaniyanın xarici işlər naziri Berlinin ümumi xarici siyasəti çərçivəsində regiona gəlmişdi, onun səfəri hansısa şəkildə Şoltsla Putinin telefon danışığı ilə bağlıdır, yoxsa burada əlaqə yoxdur?

Eyni zamanda, Berbok əlbəttə ki, İqlim Sammiti münasibətilə gəlişindən İrəvan və Bakıdan, belə demək mümkündürsə, Ermənistanla Azərbaycan arasında gedən proseslər haqqında birinci əldən məlumat almaq üçün istifadə etməyə çalışa bilərdi. Almaniya fevral ayında birbaşa təşəbbüs göstərib. Belə ki, Münxendə keçirilən illik beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində kansler Olaf Şoltsun iştirakı ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş təşkil olunub.

Bunun nəticəsində Berlində xarici işlər nazirləri arasında danışıqların raundunun keçirilməsi barədə də razılıq əldə olunub. Ceyhun Bayramov və Mirzoyan Almaniyanın paytaxtında Berbokun iştirakı ilə iki günlük görüş keçiriblər. Lakin sanki Almaniyanın təşəbbüsünün davamı olmadı, ən azından məhz alman platformasında irəliləyiş olmadı. Almaniyanın iştirakı ilə daha çox Azərbaycan-Ermənistan təmasları olmadı və bu, Almaniya təcrübəsinin daha çox situasiya xarakteri daşıdığı təəssüratı yaratdı.

Bu mənada çətin ki, hazırda vəziyyətin əhəmiyyətli dəyişikliyini qeyd etmək mümkündür və Berbok Azərbaycan-Ermənistan prosesi ilə bağlı sadəcə olaraq mövcud vəziyyətə toxuna, bundan daha geniş beynəlxalq kontekstdə, ola bilsin həm də Şolts-Putin telefon danışığından sonra müəyyən nəticələr çıxara bilərdi.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Berbok   Şolts   Putin  


Bizi "telegram"da izləyin