“Qarşılıqlı anlaşma və konstruktiv işə hazırlıq şəraitində keçən görüşdə təhlükəsizlik sektorunda parlamentlərarası qarşılıqlı fəaliyyətlə bağlı məsələlər müzakirə edilib, bu sahədə parlamentlərarası dialoqun davamlılığının qorunmasının vacibliyi vurğulanıb”, - deyə Ermənistanın Rusiyadakı səfirliyi bildirir.
Bu, yeni təyin olunmuş səfirin “təşəbbüskarlığı”nın və “fəal diplomatik” işinin qeydə alınması görüşüdür, yoxsa kifayət qədər uzun müddətdir əslində kəsilən təhlükəsizlik sahəsində Ermənistan-Rusiya təmaslarının rəvan və ya “ehtiyatlı” bərpa prosesinin başlanğıcıdır? Ötən gün Ermənistanın xarici işlər naziri parlamentdə deputatların suallarını cavablandırarkən qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri məsələsində KTMT ilə bağlı fikir ayrılıqları qorunub saxlanılsa da, digər istiqamətlərdə münasibətlər normal şəkildə davam edir.
Başqa cür desək, Mirzoyanın bəyanatı əslində Ermənistan-Rusiya münasibətlərinin “status-kvosu” baxımından hər şeyin eyni olması ilə bağlı idi. Lakin razılaşmaq lazımdır ki, Ermənistanın Rusiyadakı səfirliyi tərəfindən yayılan açıqlama öz dipnotu ilə “eyni fon”dan nəzərəçarpacaq dərəcədə fərqlənir və belə bir sual yaradır: İrəvan Rusiya ilə təhlükəsizlik sahəsində xeyli soyuq səviyyədə olan kommunikasiya dinamikasını müəyyən qədər bərpa etmək niyyətindədirmi?
Nikol Paşinyan suallara cavab və ya müyyən dərəcədə qaneedici cavab alıbmı? Paşinyan özünün son mətbuaat konfransı zamanı bu barədə danışıb və qeyd edib ki, Ermənistan KTMT-dən çıxmır, çünki suallar verib və onların cavablarını gözləyir. Noyabrın sonunda Astanada KTMT-nin sammiti keçiriləcək. Ermənistanın Baş naziri orada iştirak edəcəkmi?
Yoxsa İrəvan Rusiya ilə təhlükəsizlik məsələləri ilə bağlı söhbəti yalnız ikitərəfli səviyyədə aktivləşdirmək niyyətindədir, KTMT sahəsində isə “status-kvo” dondurulmuş, üstəlik, qarşılıqlı şəkildə məqbul formada dondurulmuş vəziyyətdə qalmağa davam edəcək?
Firuz Bağırov
Ordu.az