Əlbəttə, bəlkə də silahlanma yarışı üçün Rusiyanın arzusu yox, əslində ilk növbədə imkanı yoxdur. Nəticə etibarilə Sovet İttifaqı silahlanma yarışına tab gətirə bilmədi. Rusiya üçün tab gətirmək daha çətin olacaq. Bununla yanaşı, təbii ki, hazırda gündəmdə olan bir nömrəli məsələ ümumiyyətlə nüvə yarışı deyil, nüvə müharibəsidir.
Rusiya və ABŞ-nin bu gün bir neçə min nüvə başlığı var və əgər bunlar əvvəllər çəkindirici rol oynayırdısa, bu gün əslində yellənən yumruqlara çevrilib. Üstəlik, heç kim bu yumruq nümayişinin və ya bu barədə eyhamların nə dərəcədə sadəcə blef və nə dərəcədə real ola biləcəyini dəqiq deyə bilməz. Rusiyanın ABŞ prezident seçkilərinə bir neçə gün qalmış nüvə təlimi keçirməsi diqqət çəkir.
Məlum olduğu kimi, nüvə müharibəsi təhlükəsi prezidentliyə namizəd, keçmiş prezident Trampın seçkiqabağı ritorikasının daimi yoldaşıdır. Tramp müntəzəm olaraq bəyan edir ki, Harris seçilərsə, nüvə müharibəsi qaçılmaz ola bilər. Prezident seçkilərindən sayılı günlər əvvəl, xüsusilə dərc edilmiş ictimai rəy sorğularının orta göstəriciləri namizədlər arasında demək olar riyazi bərabərliyi - 48% ictimai etimadı göstərdikdə, Moskva nüvə təlimi ilə sanki istər-istəməz birbaşa və ya dolayı şəkildə Trampın nüvə təhlükəsi ilə bağlı pis xəbərlərlə Harrisin ünvanına səsləndirdiyi əleydarlığı “ağırlaşdırır”.
Bir neçə gün əvvəl Putin Trampın bəyanatını qeyri-ciddi adlandırıb. Trampın bəyanatına əsasən, o, prezidentliyi dövründə Putinə xəbərdarlıq edib ki, Ukraynaya toxunmasın, əks halda ABŞ Moskvaya zərbə endirəcək. İndi Putin amerikalıların səsverməsinə 4-5 gün qalmış nüvə təlimi keçirir, beləliklə bəlkə də tərəzinin “Tramp gözünü ağırlaşdırır”.
Səsverməyə bir neçə gün qalmış ABŞ-nin üç nüfuzlu media orqanı olan “Washington Post”, “Los Angeles Times” və “USA Today” kifayət qədər qəribə və görünməmiş davranış nümayiş etdirib. Bunlar prezident seçkiləri zamanı demokratların namizədini həmişə dəstəkləmiş ABŞ mediasının aparıcı dövri nəşrlərindəndir. Lakin bu dəfə bu dövri nəşrlərin sahibləri redaksiyaya həmin dəstəyi bildirməyə imkan verməyib və bitərəflik elan ediblər.
ABŞ-nin nüfuzlu mediasının üç aparıcı dövri nəşrinin, daha doğrusu, sahiblərinin davranışı həqiqətən də diqqətəlayiqdir və onu göstərir ki, noyabrın 9-dan əvvəlki vəziyyət ən kiçik detalın belə vəziyyəti bu və ya digər tərəfə çevirəcəyi tərəzi gözü məntiqindədir.
Firuz Bağırov
Ordu.az