Rusiyalı ekspertlər isə Şoltsun Türkiyəyə tamam başqa missiya ilə getməsi ilə bağlı fikirlərini bildirir və Almaniya kanslerinin Rusiya prezidenti ilə dialoqu bərpa etmək niyyətini ifadə etməsinə, Kremlin buna müsbət cavab verdiyinə diqqət çəkirlər. Bu baxımdan Vladimir Putinin Moskvanın İstanbulda imzalanmış sənəd əsasında Ukrayna nizamlanması üzrə danışıqları 2022-ci ildə bərpa etməyə hazır olması barədə bəyanatına xüsusi önəm verilir.
Aparıcı Avropa ölkələri arasında Almaniya Ukrayna nizamlanmasında maraqlı olması ilə seçilir. Berlin Ukraynanı strateji silahlarla təmin etməkdə kifayət qədər mühafizəkardır, Türkiyə isə Ukraynaya silah verməklə yanaşı, Rusiyaya qarşı sanksiyalara qoşulmur. Türkiyə və Almaniyanın Ukrayna məsələsinə dərin yanaşmalarını müqayisə edən “Nezavisimaya qazata”nın şərhçisi istisna etmir ki, Ərdoğan-Şolts danışıqlarının əsas mövzusu Putin-Şolts dialoqu ilə bağlı Türkiyə prezidentinin vasitəçiliyinin müzakirəsi olub.
Bəlkə də bu ehtimalı irəli sürmək üçün KİV-ə Rusiya Xarici İşlər Nazirliyindən və ya Prezident Aparatından məlumat verilib, lakin aydındır ki, Almaniya kanslerinin İstanbula getməsindən cəmi iki gün sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ankaraya göndərilib. Siqiba türkiyəli həmkarı Hakan Fidanla danışıqlardan sonra bəyan edib ki, Ukraynada müharibəni ədalətli şəkildə bitirməyin yeganə yolu Kiyevin təklif etdiyi sülh formulasıdır.
Günün sonunda Ukraynanın xarici işlər naziri Türkiyə prezidenti tərəfindən qəbul edilib. Bu haqda məlumat çox azdır. “Anadolu” Agentliyi bununla bağlı yazıb: “Prezident Ərdoğan Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib. Danışıqlar Ankaradakı prezident kompleksində baş tutub. Xarici işlər naziri Hakan Fidan da iştirak edib”.
Vladimir Zelenskinin Ərdoğanı Şolts-Putin dialoqunda vasitəçi olmaqdan çəkindirmək üçün Siqibanı Ankaraya göndərdiyini, yoxsa Kiyevin “fərdiləşdirməyə və prosesə öz töhfəsini verməyə” cəhd etdiyini söyləmək çətindir. Amma Şolts-Putin dialoqu, Ərdoğanın vasitəçiliyi və İstanbul razılaşmaları əsasında nizamlanma danışıqlarına başlanması ilə bağlı bütün mülahizələr yalnız nəzəri xarakter daşıyır, ehtimal sahəsindəndir.
Vacib olan budur ki, Putin hətta Şolts ilə belə konstruktiv müzakirələrə başlamağa hazırdırmı, ümumiyyətlə, müharibəni dayandırmaq niyyətindədir, yoxsa hər şey imitasiyadır? İstanbulda “3+3” platformasının müzakirələrindən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna nizamlanması ilə bağlı sualı cavablandırarkən, Putinin iyunun 14-də verdiyi bəyanatı xatırladıb və onun “qüvvədə qaldığını” ümumiləşdirib.
Bu isə Ukraynanın kapitulyasiyasının ultimatumudur. Güman etmək olar ki, Putin yalnız ritorikanı qaldırıb, amma əslində o, “güzəştə gedə bilər”.
Asif Cəfərov
Ordu.az