Məlumata görə, ondan çox ölkənin liderləri, beynəlxalq təşkilatların, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri Türkmənistanın paytaxtında bir araya gəlib. Türkmənistan bir ildir ki, konfransa hazırlaşır. Konfrans türkmən ədəbiyyatının banisi Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunub.
Milliyyətcə türkmən olan Məhtimqulu uşaqlıqdan fars və ərəb dillərinə yiyələnib, uzun müddət Buxarada yaşayıb, sanki həyatı və yaradıcılığı ilə bu gün Mərkəzi Asiya adlanan bölgədə fars dili və mədəniyyətinin böyük təsiri altında əsrlər boyu formalaşmış sivilizasiya ümumiliyini təcəssüm etdirir. Amma Rusiya prezidenti üçün Məhtimqulu yubileyi Aşqabad səfəri üçün sadəcə bir fürsətdir. Artıq onun İran prezidenti Məsud Pezeşkianla görüş keçirdiyi bildirilir.
Pezeşkian bu dəvəti inaqurasiya günü, Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədovun Tehrana səfəri zamanı alıb. Hansı ciddi zərurət yaranıb ki, Putin İran prezidentinin iştirak edəcəyi BRİKS sammitini gözləmir? Xüsusən də oktyabrın 1-də Rusiyanın Baş naziri Mixail Mişustin Tehrana göndərilib. Həmin səfərlə BRİKS sammiti arasında Putin-Pezeşkian, belə demək mümkündürsə, “böhran-danışıqları” yalnız bir motivasiya ilə təşkil edilə bilər: Rusiya-İran “Hərtərəfli əməkdaşlıq” sazişinin imzalanması “şübhə altındadır”.
Körfəz ərəb monarxiyalarına yaxın “üç etibarlı mənbə” “Reuters” agentliyinə bildirib ki, İran və ABŞ son bir neçə gündə genişmiqyaslı İsrail-İran münaqişəsi ehtimalını minimuma endirmək üçün vasitəçi danışıqlar aparır. Beynəlxalq mətbuatda yayılan fikrə görə, ABŞ və Avropa İttifaqı İrana aydın mesaj verib ki, Tehran Rusiyaya hərbi tədarükünü dayandırarsa, sanksiyalarla bağlı danışıqlar mümkün olacaq.
Tehrandan ən müxtəlif, o cümlədən parlamentarilər səviyyəsində sual qaldırılıb: “Rusiya ilə hərbi əməkdaşlıq İrana nə verir?”. Əslində, Rusiya onilliklərdir ki, İranın tələbini yerinə yetirmir, müasir hava hücumundan müdafiə və raket hücumu xəbərdarlığı sistemləri təqdim etmir, Hərbi Hava Qüvvələrinin modernləşdirilməsinə dəstək vermir. Aşqabadda Putin yəqin ki, asan danışıqlar aparmır. Pezeşkian sosial-iqtisadi islahatlar, ictimai həyatın müəyyən liberallaşdırılması vəd edərək, prezident seçildi.
Bu baxımdan hər hansı bir irəliləyiş Qərbin sanksiyalarının yumşaldılması ilə bağlıdır: İsraillə gərgin vəziyyət və Rusiyaya hərbi tədarüklər İran-Qərb nizamlanmasına əsas maneədir.
Asif Cəfərov
Ordu.az