ABŞ-Ermənistan münasibətlərində yeni strateji dövrün başladığını qeyd edən Zeyanın bəyanatı iki ölkə arasında mülki və təhlükəsizlik, xüsusilə müdafiə sahəsində əlaqələrin yaxın gələcəkdə daha da dərinləşəcəyinə işarə idi. Digər tərəfdən, ilk dəfə ötən il sentyabrın 11-20-də keçirilən “Eagle Partner 2023” təlimindən sonra bu il də İrəvanda iyulun 24-nə qədər davam edən bənzər hərbi təlimin baş tutması ABŞ-Ermənistan münasibətlərində hərəkətli bir dövrün başladığının bir digər əhəmiyyətli göstəricisi oldu.
Bu baxımdan ABŞ-nin Ukrayna müharibəsi ilə birlikdə yaxından izlədiyi ölkələrdən biri olan Ermənistanda yeni hərbi təlimin vaxtı əhəmiyyətli idi. Demək olar ki, ABŞ bu hərbi təlimlə həm Rusiyaya, həm də region ölkələrinə mesaj verməyə çalışırdı. Çünki təlimin vaxtı və Rusiyanın təlimlə bağlı qiymətləndirmələri bu mövzuda mühüm məlumatları ehtiva edirdi. Ermənistan bu yaxınlarda üzünü Rusiyadan Qərbə çevirdiyini bəyan etsə də, Rusiyanın bu məğlubiyyəti asanlıqla qəbul etməyəcəyini də unutmaq olmaz.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Ermənistanla Azərbaycan arasında sülh sazişinin yekunlaşdırılması prosesinə dəstək vermək əzmində olduqları barədə bəyanatı ABŞ-nin regionla bağlı siyasətinin birölçülü olmadığının növbəti təzahürü oldu.
Beynəlxalq proseslər Cənubi Qafqaza necə təsir edir?
ABŞ-nin Ermənistana qarşı yürütdüyü siyasətlə paralel gedən Avropa İttifaqı (Aİ) ölkələri də son zamanlar Ermənistanla yaxından maraqlanmağa başlayıblar. Məlumdur ki, Aİ-yə üzv ölkələr, xüsusən də Fransa regionun silahlanmasında yaxından maraqlıdır və Cənubi Qafqazda gərginliyi artırmaq siyasəti aparır.
Siyasətinə görə Azərbaycanla münasibətləri qırılma həddinə çatan Fransanın bu münasibəti ümumilikdə Aİ-nin Cənubi Qafqazla bağlı siyasətinə mühüm perspektiv təklif edir. Aİ, həmçinin Avropa Sülh Fondundan Ermənistana yardım göstərməklə, Ermənistanı öz tərəfinə çəkməyə çalışır. Bu dəstəyin Niderland tərəfindən müsbət qarşılanması onu göstərir ki, Aİ-yə üzv dövlətlər arasında Ermənistanın siyasəti ilə bağlı konsensus mövcuddur.
Ukrayna müharibəsi ilə ABŞ və Aİ ölkələrinin Cənubi Qafqaz dövlətlərinə marağı artdı. Bu kontekstdə Avropa Sülh Mexanizmi (APF) çərçivəsində Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün Aİ Şurasının 10 milyon avro dəyərində yardım paketi mühüm addımdır. Aİ üzvlərindən olan Fransanın Ermənistana yardım proqramları adı altında mühüm addımlar atdığı da məlumdur.
Qeyd edək ki, bu dəstəklə həm ABŞ, həm də Aİ Cənubi Qafqazın silahlanmasında ciddi addımlar atıb. Bu baxımdan Avropa Sülh Fondunun bu yaxınlarda Ermənistana 10 milyon avro dəstək verməsi və Ermənistanla viza liberallaşdırılması məsələlərinin müzakirəyə başlaması vacibdir. Aİ Şurasının da Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı baş verənləri alqışladığını bəyan etməsi Qərbdə Ermənistan siyasəti ilə bağlı tam konsensusun olduğunu göstərir.
Beləliklə, Aİ Ermənistanın Aİ-yə üzvlüyü məsələsini gündəmə gətirməklə, region ölkələrinə, xüsusilə Rusiya və İrana mesaj verməyə çalışır. Bu, Ermənistanın ABŞ kimi Aİ tərəfindən də mübarizə sahəsi kimi istifadə edilməsinin nəzərdə tutulduğunu ortaya qoyur. Bu səbəbdən də görünür ki, Aİ ölkələri həm Aİ-yə üzvlük vədi, həm də iqtisadi yardım paketləri ilə Ermənistanı özünə cəlb etməyə çalışır.
Bütün bu hadisələr regionda gərginliyin daha da artmasına, Cənubi Qafqaza sülh və əmin-amanlığın gəlməsinin ləngiməsinə səbəb olur. Bu baxımdan qeyd etmək lazımdır ki, Ermənistanın işi getdikcə çətinləşir. Çünki bir tərəfdən diaspor təzyiqi, digər tərəfdən isə ölkə daxilində rəqiblərin Nikol Paşinyana qarşı apardığı siyasətlər də İrəvanın qonşuları ilə münasibətlərinin normallaşmasını pozur. Bütün bu hadisələr Qarabağ məsələsi həll olunsa da, İrəvanın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərinin normallaşmasını ləngidir.
“Qərbdən Ermənistana boş vədlər”
Müasir dövrdə beynəlxalq aləmdə baş verən bir çox hadisələr qloballaşmanın təsiri ilə sürətlə özünü bütün dünyada hiss etdirir. Bu nöqtədə Ukrayna müharibəsinin ən əhəmiyyətli təsirlərinin görüldüyü bölgələrdən biri də Cənubi Qafqaz oldu. ABŞ-nin bu müharibədən sonra daha yaxından izləməyə başladığı bu bölgədə 30 ildir işğal altında olan torpaqların azad edilməsi ilə yeni dövr başladı.
Yeni dövrdə Ermənistan Rusiyadan uzaqlaşmağa başladı və üzünü Qərbə çevirdi. İrəvanın bu ox dəyişməsi bu dəfə beynəlxalq miqyasda regionda gərginliyi artırdı. Beləliklə, ABŞ regionda hərbi təlimlər keçirməklə, Ermənistan vasitəsilə Rusiya və İranı qorxudur, NATO və Aİ-yə üzvlük çağırışlarını gündəmə gətirərək, Ermənistanı silahlandırır.
Bu kontekstdə ABŞ və Ermənistan arasında müdafiə, mülki və təhlükəsizlik sahələrində ikitərəfli münasibətlərdə yeni dövrün başlandığını bildirməsi də gərginliyi artıran növbəti addımdır. Xüsusilə Rusiya bu hadisələri narahatverici hesab edir və tez-tez Ermənistana yönəlmiş bu addımların regional sülhə xidmət etmədiyini vurğulayır. Çünki Rusiya sülhməramlı qüvvələrinin bölgədən tamamilə geri çəkildiyi bir vaxtda ABŞ-nin sanki bu boşluğu doldurmaq üçün atdığı addımlar regional və qeyri-regional aktorlar tərəfindən narahatlıqla izlənilir.
Bu vəziyyət onu göstərir ki, tarixin hər dövründə strateji əhəmiyyətə malik olan Qafqaz regionu indi geosiyasi əhəmiyyəti ilə böyük dövlətlərin mübarizə apardığı bir əraziyə çevrilib. Bu proses bizi düşünməyə vadar edir ki, Ukrayna müharibəsindən sonra bu dəfə böyük dövlətlərin Ermənistana görə üz-üzə gəldiyi yeni dövr başlayıb. Bu səbəbdən də qeyd etmək lazımdır ki, regionun artan strateji əhəmiyyəti həm ABŞ, həm də Aİ-nin Ermənistana son zamanlar artan marağı və investisiyalarında mühüm rol oynayır.
Nəticə etibarilə həm Aİ-nin, həm də ABŞ-nin NATO vasitəsilə Ermənistana verdiyi bəzi vədlər olsa da, indiki məqamda bunların konyuktur xarakter daşıdığını qeyd etmək yerinə düşər. Rusiya və İranla münasibətlərin gərgin olduğu bir şəraitdə Ermənistanın öz tarixi himayəçisindən uzaqlaşaraq, üzünü Qərbə çevirməsi Qərb dünyası üçün ciddi uğur kimi görünsə də, bu uğurun uzun müddətdə qalıcılığı olmayacaq.
Aqil Məmmədov
Ordu.az