Paşinyan üç müxalif siyasi qüvvənin seçkilərdən kənarlaşdırılmasını dəstəkləyib

2026/06/1780637266.jpg
Oxunub: 282     09:32     05 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı debat zamanı üç müxalif siyasi qüvvənin qeydiyyatının ləğv edilməsinin tərəfdarı olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, Paşinyan İctimai Televiziyanın efirində keçirilən debat zamanı seçkilərdə iştirak edən siyasi qüvvələrə müraciət edərək “Güclü Ermənistan” partiyalar blokunun, “Çiçəklənən Ermənistan” partiyasının və “Hayastan” blokunun qeydiyyatının ləğvi üçün Mərkəzi Seçki Komissiyasına müraciət etməyə çağırıb.

“Seçkilərdə iştirak edən siyasi qüvvələri sabah təcili qaydada Mərkəzi Seçki Komissiyasına müraciət etməyə çağırıram ki, “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan” partiyaları və “Hayastan” bloku qeydiyyatdan məhrum edilsin”, - deyə Paşinyan bildirib.

Bununla belə, o, hakim “Vətəndaş Müqaviləsi” partiyasının belə bir addım atmayacağını vurğulayıb.

“Biz bunu etməyəcəyik. Çünki dərhal bizi seçkilərdə məğlub olmaqdan qorxmaqda və rəqibləri sıradan çıxarmağa çalışmaqda ittiham edəcəklər”, - deyə Ermənistan baş naziri qeyd edib.

Debat zamanı “Respublika” partiyasının baş nazirliyə namizədi Aram Sarkisyan da mövzuya münasibət bildirib. O, müvafiq müraciəti artıq hazırladığını və bəzi müxalif qüvvələrin seçkilərdə iştirak hüququnun ləğvi üçün Mərkəzi Seçki Komissiyasına müraciət etmək niyyətində olduğunu açıqlayıb.

Sarkisyan qeyd edib ki, komissiya ona belə məsələlər üzrə səlahiyyətlərinin məhdud olduğunu bildirib və Moldova təcrübəsi ilə müqayisədə daha geniş hüquqlara malik olmadığını əsas gətirib.

Paşinyanın müraciətin həqiqətən təqdim olunub-olunmaması ilə bağlı dəqiqləşdirici sualından sonra Sarkisyan sənədi növbəti gün yazılı şəkildə təqdim etməyə hazır olduğunu bildirib.

Ermənistanın “Şərəf” Partiyasının baş nazirliyə namizədi Qurqen Simonyan da Aram Sarkisyanın təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

Debatın ən diqqətçəkən məqamlarından biri isə Paşinyanın “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyana qarşı səsləndirdiyi ittihamlar olub.

Paşinyan iddia edib ki, Tsarukyan 300 milyon dollar dəyərində qanunsuz əmlak əldə edib və bu məsələyə aydınlıq gətirməlidir.

“Bu vəsait talan edilmiş pullardır. Qaqik Tsarukyan Ermənistan xalqından 300 milyon dolları necə əldə etdiyini izah etməlidir. Mən onu açıq debata çağırıram. Gəlsin və bu suallara cavab versin”, - deyə Paşinyan vurğulayıb.

Ermənsitan KİV-ləri qeyd edir ki, Paşinyanın müxalifətə qarşı sərt ritorikası seçki kampaniyasının son mərhələsində siyasi qarşıdurmanın daha da kəskinləşdiyini göstərir. Müxalifət nümayəndələri isə hakimiyyəti seçki prosesinə təzyiq göstərməkdə və rəqiblərini sıradan çıxarmağa çalışmaqda ittiham edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin