Vladimir Putinin “zəfər tağı” Paşinyan üçün ciddi sınaq olacaq – ANALİZ

2024/03/Nikol-1710834941.jpg
Oxunub: 1168     10:25     06 May 2024    
Mayın 7-də, Moskva vaxtı ilə saat 12:00-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin andiçmə mərasimi planlaşdırılıb. “Bild” yazır ki, Moskvada faşizmə qarşı Qələbə Gününə həsr olunmuş strateji hərbi texnika sərgisi keçiriləcək.

Söhbət Rusiyanın iki ildən artıq müddət ərzində Ukrayna cəbhəsində ələ keçirdiyi Qərb istehsalı silahlardan gedir. KİV-in məlumatına görə, sərgi Moskvanın meydanlarından birində təşkil olunacaq. Britaniyanın “Daily Espress” nəşri hesab edir ki, bu, Vladimir Putinin ABŞ-yə ünvanladığı simvolik eyhamdır. Britaniyalı müəllifin sözlərinə görə, o, belə bir qərarı ABŞ-nin Ukraynaya hərbi dəstəyi davam etdirmək qərarına cavab olaraq verib.

Moskvada tam işlək vəziyyətdə müsadirə edilmiş ABŞ zirehli avtomobilləri, alman tankları, Fransanın artilleriya sistemləri nümayiş etdiriləcək. Əgər məlumat etibarlıdırsa, deməli, Rusiya Prezidenti həqiqətən də böyük əhəmiyyət kəsb edən təşviqat tədbiri təşkil edir. Göründüyü kimi, müharibənin uzanması, Ukraynanın Rusiya şəhərlərini və mühüm infrastruktur obyektlərini hədəfə alması, insan tələfatı ilə bağlı ziddiyyətli məlumatlar, müharibə vəziyyətindən yaranan çətinliklər ictimai əhval-ruhiyyənin “yerdəyişməsi”nə səbəb olub.

Britaniyanın “Guardian” nəşrinin mənbələri bildirirlər ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Putinin hələ yüksək dərəcəli rəsmilərə təqdim etmədiyi ətraflı hesabat hazırlayıb. Ehtimal olunur ki, Patruşev Putinə məmurların icra intizamını gücləndirməyi tövsiyə edib. Bəzi şərhçilər Rusiya Federasiyası Müdafiə Nazirliyində köklü kadr dəyişikliklərinin olacağını proqnozlaşdırırlar. Bir ay davam edəcək Moskva strateji silah sərgisi böyük psixoloji təsir göstərəcək və faşist Almaniyası üzərində qələbənin ilk hərbi paradının həyəcanı ilə bağlı olacaq.

“Daily Express” nəşrinin şərhçisi çox uzağa gedən bir fərziyyə təqdim edir və hesab edir ki, strateji silah sərgisinin təşkili Rusiya Prezidentinin Ukrayna müharibəsini sona qədər davam etdirmək və Kiyevi təslim olmağa məcbur etmək əzmini simvollaşdırır. Bu, çox güman ki, çox ehtimal olunan bir ssenari və ya ən azından kifayət qədər real proqnozdur. İntriqa ondadır ki, Putinin inauqurasiya mərasiminə dəvət olunan qonaqların hərbi silah sərgisində görünüb-görünməyəcəyini hələlik heç kim bilmir.

Kreml protokolundan bu suala dəqiq cavab yoxdur. Protokol qaydasında Putinin andiçmə mərasimində iştirak edən xarici rəsmilərin “zəfər tağı”nın açılışında iştirak etməsi nəzərdə tutulursa, bu, çoxları üçün sözün əsl mənasında sınaq olacaq. İştirak etmək əslində Rusiya silahlarının Ukrayna cəbhəsindəki uğurlarını alqışlamaq demək olacaq, iştirak etməmək isə Ukraynaya “dəstək” kimi qəbul ediləcək.

Belə çıxır ki, Putin “sınaq daşı”, unikal “imtahan” təklif edir. Kremlin mətbuat katibi Dmitri Peskov açıq şəkildə mayın 7-də Nikol Paşinyanı gözlədiklərini deyib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan  


Bizi "telegram"da izləyin