Prezident haqlı olaraq bildirib ki, tərəflər atəşkəs əldə edə bilərlər, lakin bu, sülh olmayacaq. İlham Əliyev hətta Qarabağ müharibəsinin birinci mərhələsinin presedentini xatırladıb ki, atəşkəs olsa da, davamlı olaraq snayperlərin qarşılıqlı atəşi baş verirdi, diversiya sızma əməliyyatları olurdu. Yəni, Rusiya-Ukrayna cəbhəsində atəşkəsin bərqərar olması Ukrayna və Rusiyanın qüvvələrini yenidən toplaması, silahlanması və yeni müharibəyə hazırlaşması üçün fürsət ola bilər.
Aprelin 26-da Prezident İlham Əliyev Berlində olub, fevralda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Paşinyanla Azərbaycan Prezidenti arasında görüşə vasitəçilik edən və görüşü təşkil edən Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparıb. Prezidentin rəsmi saytında Almaniya kanslerinin İlham Əliyevlə birgə mətbuat konfransındakı bəyanatının tam mətni dərc olunub. Mətnin bir hissəsi Rusiya-Ukrayna müharibəsinə aiddir.
Almaniya kansleri Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı əslində dəfələrlə səslənən və fundamental yenilik ehtiva etməyən baxışını açıqlayır. Şolts düşünür ki, Rusiya-Ukrayna müharibəsinin “Rusiyanın işğal etdiyi əraziləri tərk etməsindən, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanımasından və qəbul etməsindən başqa sonu ola bilməz”.
Əlbəttə, rəsmi Bakı məsələlərə xüsusilə romantik çərçivədən baxmır və baxa da bilməz. Bunu ona 30 illik təcrübəsi deyir. Moskvada danışıqlardan 4 gün sonra Berlində Almaniya kansleri tərəfindən səsləndirilən sözlər isə hələ yenicə təcrübə toplamağa başlayan bir tərəfin yanaşmasıdır.
Yaxşı olardı ki, Almaniya kansleri Avropa İttifaqı ilə bağlı ümumi fikir bildirsin. Rəsmi Bakı dəfələrlə Ermənistan ərazisində Ai tərəfindən anti-Azərbaycan plasdarmının yaradılmasından narahatlığını ifadə edib. Əgər Berlin heç kimin Azərbaycana qarşı hərəkət etmədiyinə dair təminat verirsə, Cənubi Qafqazda yeni ayırıcı xətlər niyə formalaşdırılır?
Aqil Məmmədov
Ordu.az