Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. O qeyd edib ki, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa ilə görüşüb: “Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.
Qeyd edək ki, dəvət Prezidentin Moskva səfərindən və Putinlə danışıqlarından dərhal sonra elan edilib. Zelenskinin dəvət olunması normaldır, əslində protokol qaydasıdır. Maraqlı və diqqətəlayiq olan budur ki, bu barədə Moskva səfərindən dərhal sonra danışılır.
Təbii ki, Prezident İlham Əliyev səfərdən razı qalıb və atılan addımlar müstəqil siyasətin təzahürüdür. Habelə mümkündür ki, rəsmi Bakı ən azından platforma statusunda Ukrayna və Rusiya arasında vasitəçi olmaq məsələsini müzakirə edir? Böyük ehtimalla, Putin də dəvət ediləcək.
Ötən gün Zelenski bəyan edib ki, iyunda İsveçrədə keçiriləcək Sülh Konfransı zamanı sülh planı hazırlanarsa, sonra bu, “düşmən”ə veriləcək və planı Moskva ilə müzakirə etməyin mümkünlüyü onun reaksiyasından asılı olacaq. Bu, təsadüfi bəyanat deyil, çünki Zelenski əvvəllər heç vaxt Rusiya ilə söhbəti mümkün hesab etmirdi. Əlbəttə ki, dönüş haqqında danışmaq düzgün deyil, lakin tonların dəyişməsi diqqətəlayiqdir.
Hər halda Azərbaycan xüsusilə Rusiya-Türkiyə münasibətlərindəki soyuqluğu nəzərə alaraq, bu gedişata daxil olmaq istəyə bilər. Xatırladaq ki, Azərbaycan məlum Rusiya-Türkiyə gərginliyi zamanı da uğurlu vasitəçi olaraq çıxış edib və tərəfləri barışdıra bilib.
Bu baxımdan, indiki halda nəsə demək çətin olsa da, şübhə yoxdur ki, rəsmi Bakı müstəqil hərbi-siyasi qərarlar verməyi və regional subyektivlik qurmağı çoxdan bacarır, buna görə də hətta müxtəlif siyasi ssenarilər məsələsində böyük oyun sahəsinə sahibdir.
Diqqətəlayiqdir ki, Zelenskinin mart ayında Azərbaycan və Ermənistana gözlənilən səfəri ləğv edilmişdi. Görünür, səfər Rusiya ilə razılaşmaların əldə olunmasına qədər təxirə salınıb və indi dünyanı maraqlandıran görüş Bakıda baş tuta bilər.
Asif Cəfərov
Ordu.az