İranla İsrail arasında “böyük müharibə ssenarisi” nəyə hesablanıb? – ANALİZ

2024/04/1713254356.jpg
Oxunub: 2317     14:23     16 Aprel 2024    
İranın gecə “hücum”undan sonra İsrailin Baş naziri Netanyahu sosial şəbəkədə paylaşım edib: “Biz sədd qurduq, mane olduq. Birlikdə qalib gələcəyik”.

Söhbət İsrailin ABŞ və regionun müttəfiq ölkələri ilə “qurduğu” İran Pilotsuz Uçuş Aparatlarına (PUA) və raketlərinə qarşı Hava Hücumundan Müdafiə (HHM) səddindən gedir. “Hücum edən” İranın İsrailin müasir HHM sisteminə malik olduğunu və müttəfiqlərinin ona kifayət qədər dəstək verəcəyini hesablamadığını söyləmək sadəlövhlük olardı.

Belə olan halda İranın ruhani lideri niyə belə bir qərar verdi? Əgər “ehtiyat tədbiri”dirsə, nəticə nədir? Tehranda və İranın bir sıra digər şəhərlərində gecə nümayişləri? Axı “hücuma məruz qalan” İsrail ictimaiyyətinin həvəsi daha yüksək olmamalıdır. Tehran bu halı da hesablamaya bilməzdi. “Hücum” anı Netanyahunun siyasi reytinqinin son dərəcə aşağı olduğu, koalisiya hökumətinin gələcəyinin qeyri-müəyyən olduğu bir şəraitdə seçilib.

İranın “hücum”unu dayandırmaq, şübhəsiz ki, Netanyahunun sarsılmış reputasiyasını əhəmiyyətli dərəcədə artıracaq. Netanyahunun qeydində “birlikdə qalib gələcəyik” ifadəsini vurğulamaq çox vacibdir. Faktiki olaraq o, İsrail-ABŞ müttəfiqlik münasibətlərinin toxunulmazlığını qeyd edib. İranın ruhani lideri İsrailə qarşı “hücum”dan iki gün əvvəl İsraili dəstəkləyən İslam ölkələrini tənqid edib.

Türkiyə mətbuatı bu eyhama cavab verib və İranı “Qəzza və Fələstin məsələsini deyil, regionda özünün təsiri məsələsini həll etməkdə, praktiki olaraq heç nə etməməkdə” ittiham edib. Görünür, İsraildə sağ millətçi qüvvələrin hakimiyyətdə olması İrana sərfəlidir. Əks halda, İsrail-Fələstin nizamlanması perspektivi açılacaq və ola bilsin ki, Türkiyəyə müstəqil Fələstinin təhlükəsizliyinin təminatçısı rolu həvalə olunacaq.

Ankara bu istəyini gizlətmir. Bu halda Yaxın Şərqdə Türkiyə təsiri güclənəcək. Nə qədər qeyri-adi görünsə də, bu perspektivi istisna etməkdə İran və İsrailin maraqları üst-üstə düşə bilər. İranın İsrailə qarşı “hücum”u Türkiyə Prezidentinin ABŞ-yə səfərindən əvvəl baş verib. Görünür, bu, Vaşinqton və Ankaranın Yaxın Şərq məsələsində ayrıca razılığa gələ bilməyəcəyinə işarədir.

İsrail-İran “böyük müharibə ssenarisi” Vaşinqton üçün İraqın və Suriyanın şimalında antiterror əməliyyatı məsələsində Türkiyəni fikrindən daşındırmaq baxımından arqument ola bilər. İran, sanki, Türkiyənin Yaxın Şərqdə strateji qəyyumluğu ehtimalının qarşısını alır. Bu rəqabət Cənubi Qafqazda da əks-səda verə bilər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   ABŞ-Türkiyə  


Bizi "telegram"da izləyin