Qara dənizin Konstansa limanı yaxınlığında yerləşən və ölkənin ən böyük bazası olan Rumıniya Hərbi Hava Qüvvələrinin (HHQ) 57-ci Bazası-“Mihail Kogalniceanu” genişləndiriləcək. NATO təxminən 2,5 milyard avro xərcləyəcək. Yenilənmiş bu bazada eyni vaxtda 10 minə qədər NATO hərbi qulluqçusu və onların ailəsi qala bilər. Əslində Rumıniyada Türkiyədəki “İncirlik” bazası, Almaniyadakı “Ramstein” bazası və Yaponiyadakı “Okinawa” bazasının oxşarı tikilir.
ABŞ Rumıniyadan NATO çətiri altında mərkəz kimi istifadə edir
Rumıniyada genişləndiriləcək yeni aviabaza keçmişdə Əfqanıstan və İraqda həyata keçirilən əməliyyatlar zamanı Qərb koalisiya qüvvələri tərəfindən fəal şəkildə istifadə edilib. 2005-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) nəzarəti altında olan “Kogalniceanu” hava limanı İsveçrə kəşfiyyatının ələ keçirdiyi, bu ərazinin 23 əfqan və iraqlı məhkumun işgəncə gördüyü gizli bir həbsxananın yeri olduğunu bildirən bir faksın Avropa mediasına sızdırılması ilə qalmaqalın mərkəzində də yer alıb. ABŞ Rumıniyanın “Mihail Kogalniceanu” aviabazasından 1999-cu ildə, hələ Rumıniya NATO-ya qoşulmazdan əvvəl istifadə etməyə başlayıb.
2014-cü il fevralın 28-də ABŞ birliklərinə bağlanan “Manas” hava limanındakı (Qırğızıstan) ABŞ HHQ Tranzit Mərkəzinin yerinə, ABŞ hərbi personalını Əfqanıstana geri göndərmək üçün MK Sərnişin Tranzit Mərkəzi açılıb. 2017-ci ilin mart ayından ABŞ döyüş aviasiyası (helikopter) briqadasının bölmələri “Mihail Kogalniceanu” aviabazasında yerləşdirilib. 2022-ci il iyunun 20-də ABŞ Ordusunun 101-ci Hava Desant (Hava Hücumu) Diviziyası olan “Fort Campbell” və “Kentucky”nin bölmələri “Mihail Kogalniceanu” aviabazasına gəlməyə başladı.
Ehtimal olunur ki, Rumıniyadakı baza NATO qoşunlarının Cənub-Şərqi Avropadakı komanda və nəzarət mərkəzi olacaq. “Mihail Kogalniceanu” aviabazasında əksəriyyəti ABŞ hərbi qulluqçularından ibarət təxminən 5 min NATO hərbi personalı var.
ABŞ Rumıniya üzərindən Qara dəniz regionunu və Rusiya, Türkiyə kimi ölkələri izləyir
ABŞ-nin Şərqi Avropa üzərində kəşfiyyat üçün istifadə etdiyi özəl Amerika istehsalı “Challenger 650” ARTEMIS təyyarəsinin bazası da Rumıniyanın bu hava limanında yerləşir. Bu obyektlər 12 kilometr hündürlükdən 400 kilometrlik ərazini daramaq, quru və dəniz hədəflərini aşkar etmək, radio rabitəsini kəsmək və düşmən radarlarının yerini müəyyən etmək imkanına malikdir. Bir növ, Rumıniya təkcə Rusiya üçün deyil, həm də Türkiyə üçün monitorinq bazası rolunu oynamağa qadirdir.
Hava Kəşfiyyatı və Hədəfli İstismar Çoxmissiyalı Kəşfiyyat Sisteminin (ARTEMIS) dəqiq imkanları əslində məlum deyil, lakin onun real vaxt rejimində radiotezlik siqnallarını toplamaq və yerüstü darama radarından istifadə edərək, tankların hərəkətini görmək iqtidarında olduğu bildirilir. Sensorları yüzlərlə kilometr məsafədə işləyir. ARTEMIS həm Qara dəniz üzərindən Krımı keçərək, Rusiyanın Qara dəniz sahillərinə, həm də şimala - ya bazasına qayıdan Moldova sərhədi boyunca, ya da Ukrayna və Belarus sərhədləri boyunca Macarıstan, Slovakiya və Polşa - üzərindən uçur.
Türkiyəyə dəniz yolu ilə Qara dənizə çatmaq lazımdır. Türkiyə hərbi gəmiləri Qara dənizə buraxmamağa davam edərsə, Rusiyanın dəstək göndərmə imkanları azalacağından onun Qara dənizdəki hökmranlığı sona çata bilər.
ABŞ və Fransa NATO-nu Rusiya ilə müharibəyə hazırlayır
Rumıniyadakı NATO-nun əsas güc və strukturlarına nəzər saldıqda görərik ki, ABŞ və Fransa Ukraynadakı müharibənin strategiyasını və istiqamətini buradan qurublar. Qərb ölkələri Ukrayna müharibəsinin 2024, 2025 və ya 2026-cı ildə bitəcəyini düşünmür. Bu səbəbdən NATO Rumıniyada uzunmüddətli müharibə logistikası və təhlükəsizliyi üçün ehtiyatlar saxlayır. Oxşar tikinti yeni üzvlər Finlandiya və İsveç vasitəsilə şimalda da həyata keçirilir.
NATO bazası Rumıniyaya Rusiya və Serbiyaya yaxınlıq, eləcə də Qara dənizə çıxış baxımından böyük logistik imkanlar verir. Rusiyanın Balkanlara təsirinin məhv edilməsi istənilir.
Rumıniyada “Egida” sistemini qurmaqla, ABŞ faktiki olaraq nüvə hücumu hazırlıqlarını ora köçürür. Çünki bu sistem həm də hücum xarakterli nüvə silahları ilə təchiz oluna bilər. Əgər ABŞ Rusiya ilə müharibəyə başlasa, bu bazadan atılan raketlərlə “ilk baş kəsmə hücumu” adlandırıla biləcək hücumu həyata keçirə biləcək. Vaşinqtonu Rusiyanın orta mənzilli raketləri ilə hədələmək mümkün deyil, amma Moskvanı ABŞ-nin orta mənzilli raketləri ilə hədələmək çox asan olacaq.
ABŞ Moldova və Rumıniyanın gələcəkdə birləşməsini planlaşdırır
Rumıniyada genişləndirilərək tikilən bazanın Moldova və Dnestryanıya yaxınlığını da nəzərdən qaçırmayaq. ABŞ-nin planına görə, Rumıniya və Moldovanın gələcəkdə birləşməsi gözlənilir. Bu yolla birbaşa NATO üzvü olmadan Moldovada birləşmə yolu ilə təhlükəsizlik təmin olunacaq. ABŞ-nin Moldova vasitəsilə Rumıniya və Rusiya ilə qarşı-qarşıya gəlməsi mümkün ola bilər.
Rumıniyada Ukrayna üçün əsas logistika bazası yaradılır
ABŞ başda olmaqla bir çox Avropa İttifaqına üzv ölkələr Ukraynaya F-16 döyüş təyyarələri verməyi planlaşdırır. Hazırda Rumıniyada F-16 döyüş təyyarələrinin yerləşdirildiyi və ukraynalı pilotların orada təlim keçdiyi barədə əhəmiyyətli iddialar da var. Rumıniya NATO-nun cənub-şərqində NATO və ABŞ-ın əsas dəstəyi olacaq. ABŞ Rumıniya vasitəsilə həm Rusiyanı, həm Türkiyəni, həm də Avropada ona qarşı siyasət aparan üzv dövlətləri hansısa yolla nəzarətdə saxlamağın yolunu axtarır.
Sevinc Əliyeva
Ordu.az