Səfirin sözlərinə görə, İran-Azərbaycan sərhədində prezidentlərin iştirakı ilə “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının açılış mərasimi keçiriləcək. Hələ sovet illərində layihələndirilən bu su obyektlərinin tikintisi 2016-cı ilin aprelində dörd günlük döyüşlərdən sonra, tərəflər su ehtiyatlarından birgə istifadə haqqında memorandum imzaladıqda prinsipcə yenidən başlayıb.
Həmin vaxt su anbarlarının həcmi ilə əlaqədar separatçıların bəzi mövqelərini tərk etdiyi barədə məlumatlar yayılmışdı. Bunun necə baş verdiyi bu yazının mövzusu deyil. 2017-ci ilin sonunda separatçıların “xarici işlər naziri” Masis Mayilyanın İranın “Şərq” qəzetinə müsahibəsi yayımlandı. Orada Mayilyan faktiki olaraq işğal altında olan bütün ərazilərin eyni “statusa” malik olduğunu qeyd etdi və İranın iqtisadi inkişafa töhfə verəcəyinə ümid etdiyini bildirdi.
Vətən müharibəsindən 4 il yarım sonra, gördüyümüz kimi, İran və Azərbaycan prezidentlər səviyyəsində birgə istifadə üçün su anbarlarının açılışını qeyd edirlər. Göründüyü qədər, tərəflər eyni yerdə su elektrik stansiyası tikmək niyyətindədirlər. Azərbaycanın energetika nazirinin başçılıq etdiyi rəsmi nümayəndə heyəti İrana yola düşüb. Ötən il Xudafərin körpüsünə bitişik ərazidə İran və Azərbaycan sərhədyanı körpünün tikintisi üçün təməlqoyma mərasimi keçirib.
Bu yaxınlarda Rusiyanın Baş naziri Mişustin Bakıda oldu, tərəflər Şimal-Cənub nəqliyyat dəhlizi məsələsində razılığa gəldilər. Dəhliz Azərbaycan və İran ərazisindən keçməklə, Sankt-Peterburqla Hindistanın Mumbay şəhərini birləşdirəcək. Martın 13-də Hörmüz boğazında Rusiya-İran-Çin birgə “Dəniz Sərhəd Müdafiəsi 2024” hərbi təlimləri başlayıb. Təlimlərdə Pakistan və Cənubi Afrika Respublikası ilə yanaşı, Azərbaycan da müşahidəçi qismində iştirak edir.
İranın müdafiə naziri, briqada generalı Aştianinin qiymətləndirməsinə görə, bu, hərbi təlimlərin əhəmiyyətini böyük ölçüdə vurğulayır. Ötən ilin sonunda İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) yüksək rütbəli nümayəndə heyəti Bakıda olub və bundan sonra tərəflər ilk dəfə olaraq hərbi əməkdaşlığı ictimaiyyətə açıqlayıblar. Ehtimal etmək lazımdır ki, Xudafərin körpüsü ərazisində İbrahim Rəisi-İlham Əliyev görüşündən sonra Azərbaycanın Tehrandakı səfirliyi diplomatik fəaliyyətini bərpa edəcək.
İran məhkəməsi ötən ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törədən şəxs barəsində ölüm hökmü çıxarıb. Rəisi ilə İlham Əliyev arasında görüşün Novruz bayramı zamanı baş tutması son dərəcə simvolikdir. Bu, müsəlman bayramı deyil, dərin köklərə malikdir və oyanışı simvolizə edir, bayram yaz gecə-gündüz bərabərliyi ilə üst-üstə düşür. Praktikada İran-Azərbaycan münasibətləri hansı canlanma yaşayacaq, ümumən canlanma yaşayacaqmı? Bunu proqnozlaşdırmaq çətindir.
Bununla belə, iki ölkənin dini-sivilizasiya ortaqlığı və ortaq tarixi xatirələri, İslam Əməkdaşlıq Təşkilatının üzvü olması da diqqətdən kənarda qalmamalıdır. Son zamanlar Azərbaycan islamofobiya ilə mübarizədə öncül olaraq çıxış edir. İran-Azərbaycan siyasi “yaz gecə-gündüz bərabərliyi” kontekstində Rəisi və İlham Əliyevin Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı məsələləri də müzakirə edəcəyi ehtimalı yüksəkdir.
Azərbaycan təbii ki, öz strateji maraqlarının üstünlüyünü rəhbər tutacaq. Hazırda sabit fikirə görə, Zəngəzur dəhlizinin açılmasına maneçilik törədən daha çox Ermənistan deyil, İrandır. Bakı-Tehran münasibətlərinin yaxşılaşması Zəngəzur dəhlizi məsələsinə necə təsir edəcək?
Asif Cəfərov
Ordu.az