Belə ki, Paşinyan öz “Tiktok” səhifəsində Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanla 2021-ci il noyabrın 14-də səhər saatlarında etdiyi yazışmadan bir hissəni paylaşıb, “Arşak Karapetyanın yalanının ifşası” yazıb.
Paşinyan bəyan edib ki, Karapetyan o vaxt müdafiə naziri olarkən, Azərbaycan qoşunlarının daxil olması barədə ona məlumat verməyib: “Arşak Karapetyan ən qısa müddətə xidmət edən müdafiə naziridir. Həmin müddətdə Baş Qərargah rəisinin birinci müavini olub, 2021-ci ilin may hadisələri olub, daha sonra müdafiə naziri olub, 2021-ci ilin noyabr hadisələri olub. Mən onu işdən çıxarmaq qərarına gəldim, 2021-ci il noyabrın 14-də səhər saatlarında o mənə bildirdi ki, sərhəddə hər şey sakitdir. Halbuki onun məruzə etdiyi vaxtda sərhədimizin bir sıra məntəqələrində Azərbaycan qoşunları “ərazimiz”ə daxil olmuşdular, hətta mövqelər tutmuşdular. Ya xəbəri yox idi, ya da xəbəri olduğu halda xəbər vermədi. Belə vəziyyətlərdə o vəzifədə yarım saat belə heç kimə dözmərəm”.
Arşak Karapetyan cavab olaraq daha sonra Paşinyanın iddialarını təkzib edib, onun haqqında yayılan ifşaların uydurma olduğunu bəyan edib. Onun sözlərinə görə, həmin gün Dubayda olub: “Orada çox vacib bir görüş təyin olunmuşdu və mən o görüşə getmişdim. Bundan başqa, Ermənistana silah alınması, bəzi silah növlərinin idxalı ilə bağlı problemimiz var idi, söhbət əsasən zərbə tipli Pilotsuz Uçuş Aparatlarından (PUA) gedir. Vəziyyəti sərhəddəki rəisimizə bildirməyə fiziki imkanım yox idi. Həmin hesabatı həmin gün müdafiə naziri vəzifəsini icra edən şəxs verməli idi”.
Paşinyan dərc olunan yazışmadan 2021-ci il noyabrın 14-də saat 9:38-də Karapetyandan aldığı səsli mesajı paylaşıb və orada deyilir: “Sizə cansağlığı arzulayıram, cənab Baş nazir. Bizdə hər şey normaldır”.
Yayımlanan videoya görə, Paşinyan cavab olaraq saatlar sonra, 16:12-də Karapetyana “Haradasınız?” yazır, 16:39-da əlavə edir: “Məsuliyyətsiz şey alındı”. Saat 18:26-da Paşinyan Karapetyana yazır: “Ciddi söhbətimiz olmalıdır”. Daha sonra, 18:58-də Paşinyan əlavə edir: “Baş verənlərlə bağlı ictimaiyyətə açıqlama verməlisiniz”.
Nəticə etibarilə, bu gün Ermənistanda cəmiyyət yüksək dərəcəli dövlət rəsmilərinin ən vacib məsələlər mövzusunda bir-birləri ilə faktiki olaraq sosial şəbəkə texnologiyası ilə əlaqə qurması və sonra bunun həm də Baş nazir səviyyəsində nəşr mövzusuna çevrilməsi faktını müzakirə edərkən, sanki, bunun altında kifayət qədər incə şəkildə Paşinyanın bəlkə də mətbuat konfransı zamanı tətbiq etdiyi hiylə işləyir.
Ermənistanın sabiq müdafiə naziri aylar əvvəl Paşinyanı devirmək üçün hərəkata başlayacağını bəyan edib. Hazırda Karapetyan mütəmadi olaraq müsahibələr verir, müxalif çıxışlar edir. Nikol Paşinyan yeni müdafiə nazirini təqdim edərkən, Karapetyanı vəzifədən azad etməklə bağlı çıxışında bildirib: “Mən bu gün səhər cənab Karapetyana dedim ki, onu komanda yoldaşı hesab etməkdə davam edirəm”.
Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, Karapetyan ya Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsinə şərait yaradaraq, xain olub, ya da vəziyyətdən xəbəri olmayıb. Halbuki Nikol Paşinyan 2021-ci ilin noyabrında yeni nazir Papikyanı təqdim edərkən, Karapetyana müdafiə nazirinin həssas statusunu götürməyə razılıq verdiyinə görə təşəkkür edib. Əgər o, ya xain, ya da məlumatsız idisə, Paşinyan niyə ona təşəkkür edirdi və komanda yoldaşı hesab edirdi?
Yoxsa məhz bu komanda yoldaşı olma dövründə də hazırkı siyasi oyun genişlənir və Paşinyan mətbuat konfransında hansısa mesajları ictimailəşdirərək, üstəlik, bunu açıq-aşkar sıxılmış və məhdud hissə ilə edərək, əslində istər-istəməz Arşak Karapetyana siyasi ötürmə edir? İstənilən halda, sırf siyasi nisbilik nöqteyi-nəzərindən Paşinyanın mətbuat konfransındakı bəyanatları və ifşası Karapetyan üçün, Paşinyanın onu komanda yoldaşı, yoxsa düşmən hesab etməsindən asılı olmayaraq, yalnız əlverişli ötürmə ola bilər.
Aqil Məmmədov
Ordu.az