Versal Sülh Konfransında qəbul edilən xəritələr və anklavlar məsələsi

2024/03/Z7YoS-1710922243.jpg
Oxunub: 6422     14:36     20 Mart 2024    
Ermənistanda radikal kəsim Azərbaycanın Baş nazirinin müavininin ofisinin yaydığı bəyanata kəskin reaksiyalar verir, lakin əsasən Ermənistan hökumətinə, hakim partiyaya və Nikol Paşinyana qarşı reaksiyalar səslənir. Erməni mətbuatında və sosial şəbəkələrdə “Nikol Ermənistan ərazisinin daha bir hissəsini Azərbaycana verir” kimi məlumatlar paylaşılır.

Məlumatlara görə, işğal altında olan 8 kənd məsələsi 10 noyabr tarixli üçtərəfli bəyanatla həll edilməli idi, lakin erməni tərəfi müxtəlif vədlər verərək həmin bəndin yekun mətndən çıxarılması ilə bağlı xahiş ediblər. Əslində hansı müzakirələrin getdiyini birbaşa iştirakçılar, onların komandasının məsləhətçi üzvləri bilirlər. Fakt budur ki, İrəvan artıq həmin kəndlərin Azərbaycana məxsus olduğunu danılmaz hesab edir. Bu iddianın hüquqi əsası mövcud xəritələrdir, artıq Paşinyan və onun müavini Mher Qriqoryan onlara təqdim olunan arqumentlər qarşısında öz ictimaiyyətlərini məlumatlandırmaqla məşğuldurlar.

Ümumiyyətlə, Azərbaycanın ərazilərinin anklav halına düşməsi 1927-ci ildən sonra əsasən Sovet İttifaqı rəhbərliyinin anti-Azərbaycan siyasəti nəticəsində mümkün olub. Yəni Azərbaycanın torpaqlarını hissə-hissə kəsərək Ermənistana veriblər və verilən torpaqların ortasında bilərəkdən kəndlər saxlayıblar. Həmin kəndlər və onların əraziləri bu yolla anklava çevrilib. Hazırda işğalda olan 8 anklav adlanan kəndimizlə Azərbaycanın əraziləri arasındakı Ermənistan hesab olunan kəndlər, ərazilər də Xalq Cümhuriyyəti zamanında Azərbaycan ərazisi olub və qeyd etdiyimiz kimi, sovet hökuməti qanunsuz olaraq həmin torpaqları Ermənistana verib. Nəticədə həmin 8 kəndimiz anklav vəziyyətinə düşüb.

Hətta qeyd edə bilərik ki, Azərbaycan 1920-ci ilin yanvarında Versal Sülh Konfransında xəritə təqdim etmişdi və həmin xəritədə Azərbaycanın əraziləri göstərilir və orada Azərbaycanın anklav ərazisi yoxdur. Erməni kartoqrafların anklav adlandırdığı bütün ərazilər o zaman Azərbaycanın dünya tərəfindən tanınan əraziləri olub. Versal Sülh Konfransına ermənilər xəritə təqdim edə bilməmişdilər. Azərbaycan anklav məsələsinin həlli üçün məhz Versal Sülh Konfransında dünya tərəfindən də qəbul edilən xəritənin üzərində dayanmağı təkid edə bilər.

Lakin indi Tavus-Qazax sektorunda və ya hətta ayrıca bir ərazidə demarkasiya həyata keçirilirsə, bu, sovet reallıqlarının hüquqi əsası ilə (Ermənistanın başqa arqumenti yoxdur) ilkin mərhələdə 4 kəndin dərhal qaytarılmasını nəzərdə tutursa, eyni prinsip bütün demarkasiya prosesində tətbiq edilməlidir. Daha sadə desək, Ermənistanın Voskepar kəndi ilə Azərbaycanın Aşağı Əskipara kəndinin sərhədini müəyyənləşdirmək necə razılaşdırılırsa, vaxtilə Laçın və digər rayonlardan qanunsuz olaraq Ermənistana verilmiş ərazilərimiz də elə dəqiqləşdirilməlidir.

Üstəlik, bu, əvvəlcə sənədləşdirilməli, hüquqi forma almalı, Azərbaycan və Ermənistan Baş nazir müavinləri səviyyəsində imzalanmalı, müəyyən edilmiş və ya razılaşdırılmış qaydada ratifikasiya olunmalı, sonra isə mərhələli şəkildə tətbiq edilməlidir. Təbii ki, hazırkı vəziyyətdə bu, çox mürəkkəb və həyata keçirilməsi çətin yoldur, onu keçmək üçün İrəvan tərəfindən eyni dərəcədə siyasi iradə nümayiş etdirilməlidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Versal-Sülh-Konfransı  


Bizi "telegram"da izləyin