İranda inqilabdan sonra ən aşağı seçici iştirakı: SEPAH hakimiyyəti tam ələ keçirir

2024/03/2024--1709809102.jpg
Oxunub: 450     13:40     07 Mart 2024    
İranda keçirilən parlament seçkilərində İslam inqilabından bəri ən aşağı seçici iştirakı qeydə alınıb. Tehranın nümunəsi daha qabarıqdır: səsvermədə seçicilərin cəmi 24 faizi iştirak edib, 240 min bülleten etibarsız sayılıb.

Buna baxmayaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran vətəndaşlarına minnətdarlığını bildirib və “düşmən planlarının həyata keçirilmədiyini” bəyan edib. İranda parlament seçkiləri ərəfəsində bəluc qiyamının da baş verəcəyi proqnozlaşdırılırdı.

Bu müddət ərzində İran və Pakistan raket-artilleriya zərbələri endirdilər, lakin tərəflər böhrandan tez bir zamanda çıxa bildilər və ən azından zahirən bir-birlərinin daxili işlərinə qarışmamağa, ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağa razılaşdılar. “Düşmən planlarının iflasa uğraması” deyərkən, SEPAH yəqin ki, İranı “daxildən partlatmaq”la bağlı hansısa layihəni nəzərdə tutur.

Problem parlament seçkilərinə əhalinin cəmi 40 faizinin inamı ilə gedən hakimiyyətin nə qədər güclü və ya sabit olmasındadır. Üstəlik, Daxili İşlər Nazirliyi səsvermə müddətini iki dəfə uzadıb. Ekspertlərin əksəriyyəti hesab edir ki, parlament seçkiləri indiki hakimiyyət üçün əsas deyil, elita əsas diqqətini Ekspertlər Məclisi adlanan qurumun seçilməsinə yönəldib.

Bu, Xameneyinin ölməsindən sonra İslam İnqilabının və İranın faktiki liderini seçməli olan bir qurumdur. Ekspertlər Məclisinin üzvlüyünə namizədlərin hansı prinsiplə irəli sürülməsinin təfərrüatlarını peşəkar iranşünaslar bilərlər. Biz bir faktla qarşılaşırıq: İranın keçmiş Prezidenti Ruhani və mərhum keçmiş Prezident Rəfsəncaninin komandasının üzvləri Ekspertlər Məclisinə seçkilərdə iştiraka buraxılmayıb.

Hesab olunur ki, “islahatçılar komandası təcrid olunub”. Burada, məlumatlı mənbələrə görə, SEPAH komandanlığının mövqeyi həlledici olub. Bu mərhələdə SEPAH dini fanatizminin Yaxın Şərqdə şiə istiqamətinin “oxu”nun tərəfdarı olmağa davam edib-etmədiyini, yoxsa onun ümumislam həmrəyliyi oriyentasiyasını seçə biləcəyini anlamaq çox vacibdir. İran Prezidenti parlament seçkiləri ərəfəsində İslam dövlətlərini İsraillə iqtisadi əlaqələr saxladıqlarına görə sərt tənqid edib.

Ekspertlərdə belə bir təəssürat yaranıb ki, islamın sünni yönümlü ölkələri birləşə bilməyib. Fundamental təhlil İranın yaxın gələcəkdə regional və beynəlxalq rolunun proqnozlaşdırılmasında çox vacibdir: Tehran islahat yolunu seçə bilərmi, şiə “yay” lideri olaraq qalacaq, yoxsa sünni müsəlman dünyası ilə birləşəcək? Birinci variant, sanki, istisna edilir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   SEPAH  


Bizi "telegram"da izləyin